Ailə ata-ana və övladların qarşılıqlı sevgisi əsasında var olan müqəddəs qurumdur. Hər bir ailənin öz qanunları, əxlaqi dəyərləri olur. Ailədə məsuliyyətli və əxlaqlı övladların yetişməsində əxlaqi dəyərlərin düzgün təbliğ olunmasının çox böyük təsiri var.
Müasir toplumlarda inamlı uşaq və yeniyetmə tərbiyəsinə nail olunması üçün hansı məsələlərə diqqət edilməli olunduğu müasir dövrümüzdə tərbiyə çox aktual məsələdir.
Bu dünyanın şərindən və səhv yollarından qorunmaq üçün hər bir insanın hələ uşaq yaşlarında etibarlı istehkama ehtiyacı olur. Dediyimiz kimi ailənin öz qayda–qanunları olmalıdır və valideynlər bir- birinə münasibətdə övladları üçün canlı nümunə olmalıdır. Bununla onlar övladlarını necə görmək istədiklərini büruzə verməlidirlər. Bu cür tərbiyə almış uşaqlar öz hərəkətləri üçün cavabdehlik daşımağa hazır olacaqlar, öz xeyirxah nümunələri ilə daim başqalarına da ədalətli olmaqda kömək edə biləcəklər. Ailədə mövcud olan ab-hava valideynlərin qarşılıqlı münasibətindən əhəmiyyətli dərəcədə asılıdır. Əgər ata ilə ana arasında fikir ayrılığı mövcuddursa, bu ruh uşaqlara da keçir. Evdəki problemləri dəmir çubuqla deyil, məhəbbətlə yoluna qoymaq lazımdır. Uşaqlar məhəbbət qanunlarına tabe olmağa həmişə hazırdır. Fürsət tapan kimi, onların işlərini tərifləmək, diqqətinizin onların üzərində olduğunu onlara hiss etdirmək lazımdır. Məhz bunun sayəsində gələcək üçün özünə inamlı gənclər yetişdirə bilərik.
Hər bir dövrdə ortaya çıxan problemlər ailəyə də öz təsirini göstərir. Hətta bu problemlər valideynlərin boşanmasına da gətirib çıxardır. İnkişaf etmiş ölkələrdə boşanma saylarının artması müasir ailələrin uğurlu olmadığı görünüşünü yaradır. Dünyanın bir çox yerində ata-analarının ayrılmasından təsirlənən uşaqların sayı günü-gündən artır. Bunun nəticəsində son illərdə ana-uşaq və yaxud ata-uşaq adlı yeni bir ailə tipi meydana çıxır. Bu da yeni problemlərin ortaya çıxmasına şərait yaradır. Müasir ailə anlayışına nəzər yetirdikdə görürük ki, ailənin funksiyası bir tərəfdən ailə-cəmiyyət, digər tərəfdən ailə-şəxsiyyət qarşılıqlı təsir sistemini əks etdirir. Cəmiyyətin sosial təsisat kimi ailəyə olan tələbləri təkamül nəticəsində dəyişir və bunun müqabilində onun funksiyaları da fərqlənir. Müasir ailənin yerinə yetirdiyi funksiyalar…
1) Nəsil artırma
2) Tərbiyəetmə
3) Təsərrüfat-iqtidası
4) Rekreatik-yəni qarşılıqlı kömək, sağlamlığın qorunması
5) Kommunikativ, yəni əlaqə, ünsiyyət
6) Tənzimləyici, yəni ailədə ilkin sosial nəzarət.
7) Yaşlı nəslə qayğı
Müasir ailənin formalaşması və fəaliyyət göstərməsinə spesifik şərait təsir göstərir. Ailələrin qorunması üçün dünyanın bir çox yerlərində həmçinin ölkəmizdə bir sıra tədbirlər görülür. Problemlərin aradan qaldırılması ailəni daha möhkəm və davamlı edir. Ailənizi qoruyun.
Anar Əhmədov