Hər evlilikdə problemlərin olması təbiidir. Bəzən bu problemlər evliliyi ciddi təhlükə altında qoyduğu halda, bəzən də evdəki ailə atmosferinin alt-üst olmasına səbəb olur. Təbii ki, bütün bunlar ailənin digər üzvlərindən də yan keçmir. Əslində, ailə psixoloquna müraciət etmək üçün çox ciddi problemin olması vacib deyil. Və ya əgər evliliyinizin sizin üçün bir əhəmiyyəti varsa, ailə psixoloquna müraciət etmək fikri sizə o qədər də yad olmamalıdır. Bəs ailə psixoloquna kimlər müraciət etməlidirlər?
1) Evliliklərində son həddə çatanlar:
Ailənizdə vəziyyət çox cansıxıcı olsa da, hətta buna görə evliliyinizə nöqtə qoymaq fikrinə düşsəniz də, bir ailə psixoloquna müraciət edə və evliliyinizi yenidən həyata qaytara bilərsiniz. Çünki bəzən ailədəki problemlər tərəflər arasında ciddi gərginliyə səbəb olur və bu vəziyyət tərəflərin məntiq çərçivəsində düşünmələrinin qarşısını alır. Ancaq məsələyə bir psixoloqun prizmasından baxmaq sizə problemlərinizi yenidən nəzərdən keçirmənizə və məsələyə daha obyektiv baxmanıza imkan verə bilər. Bütün bunlardan sonra artıq evliliyinizin taleyini həll edə bilərsiniz.
2) Kiçik problemlərdən əziyyət çəkənlər:
Məsələnin başqa bir tərəfi isə kiçik problemlər və bu problemlərin ailədə səbəb olduğu atmosferdir. Əgər heç bir müdaxilə olmasa, ailədə tez-tez gərginliklər baş verə və ilk baxışdan kiçik görünən problemlər böyüyərək qarşısıalınmaz bir həddə çata bilər. Bəzən isə tərəflər ailədə bir problemlə (kiçik və ya böyük, fərqi yoxdur) qarşılaşır, ancaq bu problemin mənbəyini müəyyən etməkdə çətinlik çəkirlər. Belə hallarda da bir mütəxəssisə müraciət etmək və problemin mənbəyini müəyyən edərək onun həllinə çalışmaq lazımdır. Digər tərəfdən, mütəxəssisə təkcə problemlərinizin həlli üçün yox, ailədə hər hansı bir məsələ ilə bağlı düzgün qərar qəbul edib-etmədiyinizi öyrənmək üçün də müraciət edə bilərsiniz.
3) Evlilik ərəfəsində psixoloji köməyə ehtiyacı olanlar:
Nişanlılıq ərəfəsində və ya nişanlılıq dövründə bir psixoloqa müraciət etmək evliliyin daha möhkəm bir təməl üzərində qurulmasına kömək edə bilər. Əslində, hər bir tərəf ailə həyatına başlamazdan əvvəl istər ailə məsələlərini daha yaxşı öyrənmək və istərsə də, qarşı tərəfi daha yaxşı tanımaq üçün bir psixoloqa müraciət etməlidir. Hətta, yaxşı olar ki, tərəflər məsləhət üçün psixoloqa bir yerdə müraciət etsinlər.
Aydan Kərimli