Azərbaycanlılar daşdan çörək çıxartmağı bilirlər, başdan xaş çıxartmağı bilirlər, qaş düzəldəndə göz çıxarmağı bilirlər, amma ailə qurmağı bilmirlər. Azərbaycanlılar 300 manat maaşla ayda 4 toya getməyi bilirlər, “Iphone 15” almağı bilirlər, hələ üstəgəl, dala pul atmağı da bilirlər, amma ailə qurmağı bilmirlər. Azərbaycanlılar necə “maşennik” olmağı bilirlər, necə adam öldürməyi bilirlər, amma ailə qurmağı bilmirlər.
Bilmədikləri şey haqqında çox danışmağı, müzakirə aparmağı, hətta dalaşmağı belə əla bilən millətimiz bilmədikləri ailə qurmağı da həyatlarının əsas hədəfinə çeviriblər. Şəhərdə otuz, kəndlərdə, rayonlarda iyirmi yaşına kimi ailə qurmayan qızlara “evdə qalmış” deyirlər. Oğlanlara isə beldən aşağı nə problem desən yapışdırırlar.
Qızlar evdə qalmasın, oğlanların da adına nalayiq sözlər çıxmasın deyə, qonum-qonşuda, qohum-əqrəbada, kənddə-kəsəkdə nə qədər qız, oğlan var, torbaya doldurub həyatları ilə lotoreya oynayırlar. Əlinin bəxtinə tanımadığı, sevmədiyi Gülnisə çıxır, Sevincin də bəxtinə tanımadığı, sevmədiyi Məmməd.
Bir-birini sevməyən, tanımayan adamları bir-birinə calayıb, toyunda yaxşıca sındırıb, yeyib-içib, axşam on ikidən sonra “yapon bayrağı”nı göyə ucaldandan sonra bir-birini sevməyən, tanımayan adamları bu sirli ömür yollarında təkbaşına, baş-başa buraxıb həyatlarına davam edirlər.
İki il keçir, Gülnisə əri Əliyə xəyanət edir, Əli Gülnisənin başını kəsib gedir zindana, Sevincin əri Məmməd də ya narkomaniyaya qurşanır, ya da çıxıb gedir “Rusyet”ə.
Otuz yaşımda başa düşmüşəm ki, hər millətin öz missiyası var bu dünyada. Məsələn, çinlilər bu dünyaya texnoloji inqilab etməyə, yaratdıqları ilə təbiətə, supergüc dövlətlərə, Allaha meydan oxumağa gəliblər. Məsələn, almanlar dünyaya dissiplin, dəqiqlik gətirmək üçün var olublar. Və sairə və ilaxır.
Azərbaycanlılar isə bu dünyaya yeyib-içmək, çalıb-oynamaq və ailə qura bilməmək üçün gəliblər. Bizdən yuxarı potensiallı insanlar çıxsa, şükür edin, çıxmasa da qınamayın. Dostumuz İlham Əziz kimi türk seriallarının üstünə atmayın ailə institutlarının dağılmağını. Çünki bu ölkədə heç vaxt ailə institutu-zadı olmayıb.
Ailə institutu…
O qədər yerində ifadədir ki.
Necə institutların adını dəyişib universitet etsələr də, mahiyyətləri dəyişmədi, necə məmləkətimin insanları təhsilə bivec yanaşır, necə bu gün təhsil deyiləndə adamın ağlına o qədər də yaxşı şeylər gəlmir, eləcə də, “ailə institutu” deyiləndə dərindən köks ötürürsən.
Ailə təhsilə ən çox ehtiyacı olan quruluşdur. Azərbaycanda elə bu adda “Ailə İnstitutu” yaratmaq lazımdır. Kim evlənmək istəyirsə, “Ailə İnstitutu”ndan diplom almalıdır. Hərçənd, biz bu institutun da iş prinsipinə, verdiyi diplomun şəffaflığına barmaq eləməsək, olmayacaq, amma eybi yox, universiteti öz savadı ilə bitirən tələbələr də az deyil.
Bu ailə institutlarında azərbaycanlılara əvvəlcə öyrətmək lazımdır ki, “arvadım”, “öydəki”, “mənimki” yox, “həyat yoldaşım” deyilir. Ən ibtidai mərhələ budur.
Azərbaycanlılara öyrətmək lazımdır ki, ailə müştərək qurulur və müştərək idarə olunur. Müştərək sevmək və müştərək sevişmək lazımdır. Nə qadın kişinin, nə də kişi qadının seks oyuncağı deyil. Azərbaycanlılara öyrətmək lazımdır ki, övlad kişini qadına yapışdıran “kley” deyil, investisiya yatırdığın və on səkkiz il sonra gəlir əldə edəcəyin biznes layihə deyil.
“Əşşi, sevgi boş şeydir, ailə qurandan sonra sevgi-zad qalmır” deyən azərbaycanlılara öyrətmək lazımdır ki, sevgi ailə qurmaq üçün ən böyük səbəbdir, ailəni bir-birinə bağlayan, sonrakı çətin mərhələlərdə birlikdə addımlamaq üçün gücə, qüvvətə çevrilən məhfumdur. Ailə qurandan sonra sevgi qalır, sadəcə cilddən-cildə girir, gah səbr olur, gah vicdan olur, gah mərhəmət olur, gah da… Amma nə olursa olsun, sevgi olanda əksər hallarda ailə olur.
Bu gün boşananların əksəriyyəti sevmədikləri üçün adam kimi boşana bilmir. Sevmədikləri üçün boşanmağa da biznes, alver kimi baxırlar. Buna içdən inanıram və qarşıma belə adamlar az çıxmayıb. Ki, bu gün nəyinsə ucbatından boşanan qadın vaxtilə adamı sevdiyi üçün mərhəmətli davranıb, ya aliment almayıb və ya alıbsa da, vicdanla davranıb. Vicdansız davrananlar sevməyənlərdir. İnsanın içində bir şeyə qarşı sevgi yoxdursa, onu parçalamaq, sındırmaq əlində heç nədir.
Dəqiq bilirəm ki, Azərbaycanda əl-ələ tutub parkda gəzə bilmədikləri, bir yataqda bir-birindən zövq ala bilmədikləri, gülə, danışa, əylənə bilmədikləri üçün boşanan nə qədər ailə var. Elə ailələr var ki, uşaqların xatirinə boşanmayıb, hərəsi bir kənarda öz həyatını yaşayır, axşam bir evə gəlir, uşaqları ilə, qohumları ilə evcik-evcik oynayır.
Ailə qura bilməyən azərbaycanlıların əlində neçə-neçə özünü asan 16 yaşlı qız uşaqlarının, neçə-neçə başı kəsilən qadınların qanı var. Ailə qura bilməyən azərbaycanlılar canidirlər! Öz qızını sevmədiyi bir adama calayan, toy eləyən, toy gecəsi yatağına burun soxan, sonra isə “o evdən ancaq meyitin çıxa bilər”, “sizin ailə işinizə qarışa bilmərik” deyən canilər!
Qadınları “ələbaxan” təfəkkürdə böyüdən, maddi baxımdan ayaqları üstdə durmağı bacarmayan, boşananda əlindən bir iş gəlmədiyi üçün gözünü ancaq kişinin verəcəyi alimentə dikən qadınları da böyüdən ailə qura bilməyən azərbaycanlılardır.
Məhz sizin, bəli, sizin ailə işinizə qarışmaq lazımdır, ailə qura bilməyən azərbaycanlılar!
“Kənddən-kəsəkdən bir qız tapdılar ona, evləndirdilər, toyuna qol qaldırıb oynadılar, bir neçə ildən sonra ailə ola bilmədilər, boşandılar, oğlan aliment verməyə məcbur oldu. Alimenti vermək üçün oğurluq elədi, həbsdə yatdı, ayağına qandal vurub azadlıqda saxladılar, alimentin yüz manatı çatmır deyə başını dəng elədilər, boğaza yığdılar, axırda özünü meşədəki qoz ağacından asıb öldürdü. Heç otuz yaşı yox idi…”.
Bu taleyin də müəllifi “kişi gərək güclü ola, özünü öldürmək acizlikdir” deyən azərbaycanlılardır.
Üzünüzə qışqırmaq istəyirəm!
O qoz ağacını da siz əkmişdiniz, o kəndiri də Rəşadın, Məmmədin, Əlinin əlinə siz verdiniz!
Əvvəl qız ağacından asdınız, sonra qoz ağacından!
Rəşadları, məmmədləri, əliləri siz öldürdünüz!
Eminquey Akif