aile

Ailə Strategiyasının qəbulu nə vəd edir?

Baxış sayı: 1. 711

“Azərbaycan Respublikasının Ailə Strategiyası”nın bu il qəbul edilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. Komitə sədrinin sözlərinə görə, ölkədə ailə institutunun möhkəmləndirilməsi üçün güclü qanunvericilik bazası mövcuddur.

H.Hüseynova əlavə edib ki, yeni tələblər və ehtiyaclar əsasında bu baza daim təkmilləşir: “Həmçinin qloballaşma şəraitində dünyada gedən proseslər və çağırışlar, xüsusilə də ölkəmizin yeni inkişaf imkanları Azərbaycanda ailə siyasətinin prioritetlərini özündə əks etdirən strategiyanın hazırlanmasını zəruri edir. Bununla bağlı “Azərbaycan Respublikasının Ailə Strategiyası” layihəsi hazırlanır və bu il həmin sənədin qəbul edilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, komitə sədri bir müddət əvvəl Ailə Strategiyasının “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində hazırlandığını deyib. O bildirib ki, sənəd ölkədə ailə institutunun möhkəmlənməsinə səbəb olacaq: “Bu sənəddə ailə institutunun möhkəmləndirilməsi istiqamətində sosial, səhiyyə, psixoloji, hüquqi məsələləri özündə əks etdirən təkliflər hazırlanıb”.

Bununla yanaşı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva mövzu ilə bağlı açıqlamalarında deyib ki, Ailə Strategiyasının hazırlanması ilə əlaqədar Dövlət Komitəsi müvafiq qurumlarla əməkdaşlıq edib, təkliflər öyrənilib, bunun əsasında sənəd hazırlanıb: “Ailə Strategiyasında ailə məsələlərinə strateji baxış, dərin təhlil və gələcək fəaliyyətin istiqamətləri əksini tapıb. Ailə Strategiyasında aztəminatlı, çoxuşaqlı ailələrlə bağlı məsələlər nəzərdə tutulub. Ümumiyyətlə, ailələrin sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar məsələlər sənəddə əksini tapacaq”.

Strategiyanın ailə institutunun möhkəmlənməsinə necə təsir edəcəyini, strategiyada hansı amillərin nəzərə alınmalı olduğunu öyrənməyə çalışdıq.

Sosioloq Əhməd Mansurov deyir ki, bu məsələdə müxtəlif sahələri əhatə edən dövlət qurumlarının əməkdaşlığı vacibdir: “Ailə Strategiyasının qəbul olunması müasir dövrümüzdə Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Çünki ölkəmizdə ailə institutunun formalaşmasında zaman keçdikcə nizamlanmaya ehtiyac duyulur. Ona görə ki, Azərbaycan ailəsi daim milli, mənəvi dəyərlərə və əxlaq normalarına söykənmişdir. Hazırda qloballaşan, inkişaf edən, texnika və texnologiyanın təsir gücünün böyük olduğu dünyada bu kimi dəyərlərin qorunması və ailə institutunun Azərbaycan reallığına uyğunlaşdırılmasına ehtiyac var. Ona görə də strategiyada ölkəmizin milli-mənəvi dəyərləri və ailənin bütövlüyü, hüquq və azadlıqları, həmçinin sosial normalar öz əksini tapmalıdır. Burada əsas diqqət uşaqların inkişafına, məişət zorakılığının öncədən qarşısının alınmasına və nikah münasibətlərində yarana biləcək sosial, psixoloji problemlərə yönəldilməlidir. Bu məsələdə müxtəlif sahələri əhatə edən dövlət qurumlarının əməkdaşlığı vacibdir. Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirlikləri, digər tərəfdən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin regional şöbələri birlikdə iş aparmalıdırlar. Strategiyada qayğıya ehtiyacı olan şəxslərin olduğu ailələr xüsusilə nəzərə alınmalıdır. Bu kimi ailələrdən olan şəxslərin fikirləri, ehtiyacları qiymətləndirilib strategiyaya daxil edilməlidir. Çünki hədəf qrupunu əhatə edən strategiya daha effektiv və səmərəli olur. Strategiya, həmçinin psixo-sosial dəstək konsepsiyalarını özündə birləşdirməlidir. Bu işə ailə psixoloqları, ailələrlə işləyən sosial işçilər cəlb edilməlidir. Onu da qeyd edim ki, aidiyyatı qurumlar, vətəndaş cəmiyyətləri, sosial kompaniyalar, televiziya və digər maarifləndirmə vasitələri nəzər alınmalıdır”.

Milli QHT Forumu Gender mərkəzinin rəhbəri, “Qadın və Gənc Ailələrin Sosial İnkişafı” ictimai birliyinin sədri Tünzalə Cavadova qeyd edir ki, cəmiyyətdə sosial, mənəvi inkişafı təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən fəal və məqsədyönlü ailələrin formalaşdırılması istiqamətində işlər görülür: “Sağlam ailə cəmiyyətin təməl daşı, dövlətin əsasıdır. Tədqiqatlar göstərir ki, Azərbaycan ailələri uzun ömürlülüyü, möhkəmliyi ilə dünyada ən yaxşı ailə modellərindən hesab edilir. Müxtəlif mərhələlərdə ailə institutu müxtəlif tarixi dəyişikliklərə məruz qalsa da, bu sahədə mövcud olan milli, mənəvi dəyərlər dəyişməz qalır. Hazırda da ailə siyasəti dövlətin diqqətində olan mühüm məsələlərdəndir. Ailənin inkişafı və sosial təminatı, qadın və uşaq hüquqlarının müdafiəsi, gənc ailələrə dəstək prinsipləri “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb. Həmin konsepsiyaya əsasən, Ailə Strategiyasının da hazırlanması nəzərdə tutulub. Cəmiyyətdə sosial, mənəvi inkişafı təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən fəal və məqsədyönlü ailələrin formalaşdırılması istiqamətində işlər görülür. Bu kimi ailələrin sayının çox olmasında dövlət də maraqlıdır və bunun üçün də müxtəlif işlər aparılır. Azərbaycan ailə institutunun qorunması baxımından güclü qanunvericilik bazasına malikdir. Lakin nikahın pozulması ilə bağlı rəsmi statistik rəqəmlər bu sahədə həyəcan təbili çalır. Bu da ailə institutunun möhkəmlənməsinə mənfi təsir edən nüanslardandır. Düşünürəm ki, ailə institutunun möhkəmləndirilməsi üçün Ailə Strategiyasının hazırlanmasında sosial, psixoloji, hüquqi və səhiyyə məsələlərini özündə əks etdirən maarifləndirici tədbirlərin daha da genişləndirilməsinə ehtiyac var. Yəni sözügedən strategiya hazırlanarkən bu təkliflər nəzərə alınarsa, daha effektiv nəticələr əldə oluna bilər”. (“Kaspi.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir