AILE

Ailə tərbiyəsində valideyn nüfuzu

Baxış sayı: 328

Ailə dövlətin təməli olduğu kimi, insanlığın, bəşəriyyətin də davamı üçün çox önəmli bir ünsür, hamının rahatlıqla sığınıb isindiyi bir ocaqdır.

Ailə məsələsi bütün dövrlərdə insanları, dövlətləri düşündürən, onlar üçün hər şeydən zəruri olan bir məsələdir. Onun necə olması, hansı təməllər üzərində qurulması, inkişafı, övladların tərbiyəsi millətin və dövlətin gələcəyinin əsas şərtlərindəndir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin bütün həyatı və fəaliyyəti nəsillərə nümunə olmaqla yanaşı, ideal ailə başçısı kimi göstərdiyi örnək və nüfuz da misilsizdir. Onun ailə dəyərlərinə verdiyi qiymət həmişə hörmətlə xatırlanır və xatırlanacaqdır. Cəmiyyəti yaşadan və onun varlığını sübut edən ailə meyarlarına ulu öndərin öz münasibəti, öz yanaşması olmuşdur. Heydər Əliyev həm də öz ailəsinə göstərdiyi qayğı və diqqətilə seçilmiş, milli-mənəvi dəyərlərimizin qarantı kimi ailənin müqəddəsliyinə daim böyük önəm vermişdir. Ulu öndərimiz H.Ə.Əliyev ailə tərbiyəsi ilə əlaqədar deyirdi: “Ailə tərbiyəsi öz xarakterinə görə nadir bir haldır. Bu tərbiyə ata-ananın övlada məhəbbəti və uşaqların da ata-anaya bu cür hissləri kimi bir mənəvi əsas üzərində qurulur.”.

Ailə – insanın bir şəxsiyyət kimi yetişməsində böyük rol oynayır. O cümlədən uşaq şəxsiyyətinin formalaşmasında da ailənin rolu əvəzsizdir. Hər bir şəxsin sonrakı taleyi, həyatda tutacağı mövqe ailə tərbiyəsi ilə bilavasitə bağlıdır.

İnsanların ən ləyaqətlisi və ən yetkini əxlaqı gözəl olanlar və ailə üzvlərinə ehtiramla yanaşanlardır. Ailədə uşaqların tərbiyəsi qayğısına qalmaq valideynlər üçün ən qiymətli sərvət hesab olunur. Buna görə də valideynlər ilk gündən övladlarına düzgün tərbiyə verməlidirlər.

Öz uşaqlarına həqiqi tərbiyə vermək, onları ictimai həyata hazırlamaq, uşaqlarda həqiqi vətənpərvərlik, əməksevərlik, sağlam və gümrah, yüksək dərəcədə mədəni və şüurlu vətəndaş kimi yetişdirmək hər bir ata, ananın arzusu və borcudur. Qeyd etmək lazımdır ki, hər bir valideyn rütbəsindən asılı olmayaraq, öz uşağının tərbiyəsi üçün böyük məsuliyyət hiss etməli, həmçinin uşaqların ailədə düzgün tərbiyə olunmaları üçün diqqətli olmalıdırlar. Belə ki, valideynin hər bir hərəkəti, davranışı uşaq üçün canlı nümunə rolunu oynayır və ona əsaslı təsir göstərir. Görkəmli pedaqoq A.S. Makarenko yazırdı: “Siz uşağınızı yalnız onunla danışanda və ya onu öyrədəndə, yaxud ona əmr verəndə tərbiyələndirmirsiniz. Siz onu həyatınızın hər bir anında, hətta evdə olmadığınız zamanda da tərbiyə edirsiniz. Siz necə geyinirsiniz, başqa adamlarla və başqaları haqqında necə danışırsınız, necə sevinir, necə kədərlənirsiniz, dostlar və düşmənlərlə necə rəftar edirsiniz və s. bütün bunların uşaq üçün böyük əhəmiyyəti vardır. Uşaq sizin həyatınızın ahəngindəki ən kiçik dəyişiklikləri görür, yaxud hiss edir, sizin fikrinizin bütün dönüşləri gözə görünməyən yollarla ona çatır, siz bunları görmürsünüz”.

Ata, ana ailədə etik normalara əməl edirsə, uşaqlarına yaxşı nümunə göstərirsə övladı da ona oxşamağa çalışacaq. Əgər ata evdə kobudluq edirsə, özünü öyür və yaxud sərxoşluq edirsə, bu da uşağın pis tərbiyə olunmasına gətirib çıxaracaqdır.Yaxşı tərbiyə bizim gələcək xoşbəxtliyimizdir, pis tərbiyə bizim gələcək bədbəxtliyimiz, göz yaşlarımızdır. Uşaqlar ən kiçik yaşlardan valideynlərinin səsindəki, mimikasındakı müsbət və mənfi çalarları, hərəkətləri sezirlər. Onlar valideynlərinin münasibətlərində ən kiçik çalarları duyur, ya sevinir, ya da kədərlənirlər. Ona görə də hər bir valideyn övladlarına nümunə, örnək olduqlarını unutmamalıdırlar.

Uşaqlar nə qədər kiçikdir, bir o qədər həssas və emosionaldırlar. Onlar daha çox ağılla deyil, hiss və duyğularla hərəkət edirlər. Deyə bilərik ki, uşağa sevgi, məhəbbət hissləri, hörmət və qayğı nə qədər çox olarsa uşaq bir o qədər sağlam, gümrah və normal böyüyəcəkdir. Uşağın təlabatları içində ən çox tələbat sevgiyədir, daha sonra onun başqa tələbatları – yemək, içmək və s. gəlir. Bəzi hallarda isə valideyn uşağın hər cür tələbatını ödəyir, amma sevgi, məhəbbət, xoş ünsiyyət arxa planda qalır.

Uşaqların böyüməsinə və yaş dövrlərinə uyğun olaraq onlarla oynamaq lazımdır. Oyun uşağın ağlının, zəkasının, nitqinin və mənəvi, əxlaqi keyfiyyətlərinin inkişafında əvəzolunmaz bir vasitədir. Uşaq oynamasa inkişaf edə bilməz. Böyüklər öz nüfuzlarından qorxmayaraq uşaqlarla oynamağı bacarmalıdırlar. Uşaq danışmağa başlayanda və ya hərəkətə gəlib bizə öz hiss və davranışlarını, sevinc və fərəh hisslərini bildirirsə, böyüklər buna laqeyd qalmamalı eynilə sevinc və ruh yüksəkliyi ilə onları sevib əzizləmələdirlər.

Ailə tərbiyəsi elə qurulmalıdır ki, burada böyüyən uşaqlar gələcəkdə cinslərindən asılı olmayaraq, bir şəxsiyyət kimi böyüsünlər. Ailə tərbiyəsi elə bir qarşılıqlı prosesdir ki, burada hər iki tərəfə: valideynlərə də, övladlara da zövq və rahatlıq verməlidir. Ailə hörmətə, etibara və qayğıya möhtacdır. Bunu hər ailə quran gənc bilməlidir. Onlar dərk etməlidir ki, ailə hələ heç də kişi və qadının nigaha girməsi, kişi-qadın münasibəti deyildir. Ailə ana-uşaq, ata-uşaq münasibətləri yaradır. Ailə uşaqlardan başlayır, valideyn bunu dərk etməli və bilməlidir ki, onlar valideyn olmaqla yanaşı, həm də gələcək vətəndaşa nümunə olacaq bir nüfuzlu şəxsiyyət olmalıdırlar.

Uşaq öz valideynlərinə hörmət edərək məsləhətinə və tələblərinə qulaq asırsa, deməli, ailədə valideynin nüfuzu var. Əks təqdirdə isə valideynin nüfuzu ailədə bir o qədər də böyük deyildir. Nüfuz valideynin şəxsi keyfiyyətlərinin və həyat təcrübəsinin yüksək mənasıdır və valideynin tərbiyəvi təsirinin gücü buna əsaslanır.

Bir sıra valideynlər nüfuz qazanmaq üçün valiudeynlər özləri ilə uşaqlar arasında “dəmir sədd” çəkirlər, süni surətdə uzaqlıq yaradırlar. Bu əsasla onlar düşünürlər ki, bununla özlərinə hörmət qazanır və öz nüfuzlarını yüksəldirlər. Bu cür quru, rəsmi münasibət nüfuz deyildir. Yalnız xoş xasiyyətlilik, xoşrəftarlıq və həssaslıq uşaq qəlbində öz canlı əks sədasını tapır. Bir sıra valideynlər isə uşaqları ələ almaqla onlara təsir edirlər. Uşaqlar belə rəftar edən valideynləri zəif və aciz hesab edirlər. Bəzi ailələrdə isə uşaqları əzizləməklə onların şıltaqlıqları ilə oturub durmaqla, onların əvəzinə hər şeyi etməklə və onlardan heç bir şey tələb etmədən uşaqlara münasibət bəslənilir. Kor-koranə valideyn məhəbbətinə əsaslanan bu cür münasibət də ailədə böyüyən uşaqda ərköyünlülük, daş qəlblilik yaradır ki, bununla da onlar valideynlərinə hörmət etmirlər.

Bəzi ailələrdə də uşağa verilən mənəvi tələblərlə valideynlərin öz əməlləri uyğun gəlmir. Evin məişət qayğılarında ata-ananın eyni dərəcədə iştirak etməməsi, hətta bu əsasda əmələ gələn söz-söhbət və münaqişələr uşaqlarda kişilik və qadınlıq haqqında təsəvvürlərin formalaşmasına mənfi təsir göstərir. Bəzən ata uşağa bir tərzdə, ana başqa cür tərzdə, nənə, baba isə tamamilə fərqli şəkildə təsir edir. Tərbiyəvi təsirlərin vəhdətdə olmaması uşaqların tərbiyəsinə də mənfi təsir edəcəkdir.

Yaxşı ailədə valideyn və övlad arasında səmimi və dostluq münasibəti olmalıdır. Belə ailələr uşağa gündən-günə böyüməkdə olan bir insan kimi baxır və onun ləyaqət və şəxsiyyətinə hörmət edirlər. Valideynlər öz uşaqlarına öz həyat təcrübələrini, öz qəlblərinin gözəlliklərini verirlər. Uşaqlar böyüdükcə özləri təcrübə və həyat müşahidəsi əldə edir. Bu və ya digər məsələyə tənqidi münasibət bəsləyirlər. Valideynlərinin hərəkətini öz təsəvvürləri ilə tutuşdururlar. Ata-ananın həyatında, rəftarında öz mənəvi idealını görmək hər uşaq üçün böyük səadətdir. Valideynlərində belə keyfiyyətləri görmədikdə uşaq ağır ümidsizliyə düçar olur. Uşaqlar öz valideynlərinin, onların adamlara olan xoşrəftarına görə, namuslu və xeyirxahlığına görə, mənəvi gücünə, bacarıqlı və zəhmətkeş olduğuna görə sevir və hörmət edirlər.

Valideynin şəxsi nümunəsi və nüfuzu tərbiyə işində son dərəcə böyük rol oynayır. Uşaqlar ata və analarının timsalında sosial təcrübələri mənimsəyir, onlar kimi olmağa çalışırlar. Valideynlər özlərinin zahiri görkəmləri, dünyagörüşləri, maraq və meyilləri ilə uşaqlara qüvvətli təsir göstərirlər. Üstəlik, uşağın yaşı nə qədər azdırsa, valideynin şəxsi nümunəsi və nüfuzu bir o qədər əhəmiyyətlidir.

Uşaqların namuslu, vicdanlı, əməksevər, vətənpərvər, əxlaqlı, yüksək mənəviyyatlı böyümələrində ata və ana nümunəsi və nüfuzu əvəzedilməz tərbiyə vasitəsidir.

 

Lalə Allahverdiyeva,

Naxçıvan Müəllimlər İnstitutunun pedaqogika və psixologiya kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir