Ailə — insanın ilk psixososial məktəbidir. Burada biz yalnız sevgini və qayğını deyil, həm də hisslərimizi necə tənzimləməyi, konfliktləri necə həll etməyi öyrənirik. Mənim fikrimcə, ailə münasibətləri insanın emosional sağlamlığında həlledici rol oynayır.
Lakin bəzən münasibətlər elə bir nöqtəyə gəlir ki, qəzəb, emosional partlayışlar və zədələyici davranışlar artıq münasibətin əsas tonu olur. Bu yazıda həm müşahidələrim, həm də elmi yanaşmalar əsasında bu halların əsas psixoloji səbəblərini paylaşmaq istəyirəm.
1) Emosional ehtiyacların ifadə olunmaması
Çox vaxt qəzəbin kökündə ifadə olunmamış ehtiyaclar dayanır. “Məni anlamır”, “məni eşitmir”, “dəyər vermir” kimi hisslər illərlə yığılanda, bir gün sakit görünən tərəf partlayır.
Unutmayaq: Bu “ani partlayış” deyil – illərlə yığılan emosional ağrının səsidir.
2) Uşaq yaşlarında öyrənilmiş davranış modelləri
Araşdırmalar sübut edir ki, uşaqlıqda ailəsində aqressiv münasibətlərə şahid olanlar bunu şüuraltında “normal” kimi qəbul edirlər. Mən terapiyada tez-tez görürəm ki, həmin insanlar konflikt zamanı sakit və konstruktiv davranış mexanizmini tanımadıqları üçün eyni aqressiv nümunəni təkrar edirlər.
3) Özünütənzimləmə bacarığının zəifliyi
Emosional tənzimləmə bacarığı zəif olduqda, adi fikir ayrılığı belə böyük partlayışa səbəb olur.
Mənim fikrimcə: Empatiya və emosional intellektin artırılması münasibətdə ən güclü qoruyucu faktorlardan biridir.
4) Gizli güc savaşları
Bəzi cütlüklərdə qəzəb – sadəcə emosional reaksiya yox, həm də güc nümayişi vasitəsidir. Münasibət bir növ psixoloji mübarizə meydanına çevrilir və emosional yaxınlıq kölgədə qalır.
5) Keçmiş travmalar və qorxular
Keçmiş münasibətlərdən gələn emosional yaralar bu günün münasibətində tetikləndikdə, reaksiya həddindən artıq sərt olur. Mənim təcrübəmə görə, belə hallarda fərdi terapiya münasibətin gələcəyini qorumağın ən yaxşı yoludur.
Daxili sülhə aparan yol
Qəzəb – düşmən deyil, daxili siqnaldır. O bizə deyir ki, hansısa ehtiyacımız ödənmir və sərhədlərimiz pozulur.
Əgər münasibətdə tez-tez emosional partlayışlar baş verirsə, bu artıq “öz-özünə keçər” mərhələsi deyil.
Həll: Psixoloji dəstək, cütlük terapiyası və emosional tənzimləmə bacarıqlarının öyrənilməsi.
Xatırlayın: Sağlam münasibətlər təsadüfi yaranmır — bu, hər iki tərəfin şüurlu şəkildə üzərində çalışdığı bir prosesdir.
Sevgi varsa, şəfa da mümkündür. Sadəcə ilk addımı atmaq və dəyişiklik üçün cəsarət tapmaq kifayətdir.
Psixoloq M. Almara Ağaqızı
PRİM – Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin direktoru
(Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrəsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin @almara.melikova.aga_qizi instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər.)
cox tesirli yazidi. insan bazen ozunu anlamir, nece davrandigini hiss etmir. bele yazilar adamda fikir yaradir, ozune baxirsan.
Mende ailede ele olub, atamla anam daim dalasirdı, indi baxiram men de eyni yolu gedirem. Bilmeden tekrarlayiram. Bu yazi mene guzgu kimi geldi.