aile davasi

Ailə zorakılığı və onun fəsadları

Baxış sayı: 1. 370

Ailədə aqressiya tez-tez rast gəlinən haldır. Çox təəssüf ki, ondan heç kim sığortalanmayıb. Zorakılıq ailə dəyərlərinə, ümumiyyətlə münasibətlərə yarası çətin sağalan zərbə vurur. Belə zorakılıq halları baş verdikdə ailənin üzvləri bir-birinin düşməninə çevrilir, çox zaman ailə dağılır, cütlüklər və onların uşaqları psixoloji travma alır. Ailə zorakılığı cinayətə şərait yaradır ki, bu da sonda azadlıqdan məhrum olma faktına qədər gətirib çıxara bilir.

Statistik məlumatlara görə hər dördüncü cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verir. Bu fakt artıq bu məsələnin ön plana çıxarılmasının vacibliyini göstərir.

Ailə daxili zorakılıq insana müxtəlif dərəcəli zərər vurulmasına gətirib çıxarır. Bura tənqid, təhqir, şəxsiyyətin alçaldılması, hətta ölüm faktları daxildir.

aile

Bəs, ailə zorakılığına, ailə üzvlərindən birinin digərinə qarşı aqressiya tətbiq etməsinin səbəbi nə ola bilər?

1) İnsan psixikasının pozulmasına gətirib çıxaran davamlı stress veziyyəti. Əksər hallarda uzun müddət istirahətin olmaması, maddiyyat məsələləri, seksual xarakterli problemlər və s. insanın gərgin yüklənməsinə gətirib çıxarır. Belə problemlərlə üz-üzə qalan fərd qarşı tərəfdən də anlaşılmazlıq gördükdə qeyri-ixtiyarı zorakılıq tətbiq edir. Müasir dövrdə gərgin stressin bir çox ideal ailələrin belə dağılmasına gətirib çıxarması halları çoxdur.

İnsanlar bir-birini böyük məhəbbətlə sevə və uzun müddət bir yerdə ola bilərlər. Amma baş verə biləcək istənilən xöşagəlməz situasiya (məsələn, işi itirmək, avtomobil qəzası, yanğın və s.) ailə əsasının çökməsinə gətirib çıxara bilər. Belə problemlər öz arxasınca maddi-mənəvi sıxıntıları gətirir. Məsələn, işini itirmiş kişi spirtli içkilərə qurşana bilər ki, bu da qeyri-iradi ailədə münaqişəyə, o da eyni zamanda zorakılığa gətirib çıxarır. Bu situasiyada konfliktlər “Ər-Arvad” və ya “Ata-Uşaq” çərçivəsində baş verir. Belə ki, içkili vəziyyətdə olan şəxs qeyri-ixtiyarı həyat yoldaşı və ya uşağına zor tətbiq edə bilər. Bir çox qadınlar uşaqlarının xətrinə həyat yoldaşlarının zərbələrinə dözür, lakin  bu əsasən yaxşı halda qadının uşaqlarla evi tərk etməsinə, pis halda isə qadının həyat yoldaşının aqressiyasından özünü müdafiə etməsinə gətirib çıxarır ki, bu da ya fiziki travma, ya da ölümlə nəticələnir.

Müasir dövrdə bir çox dövlətlərdə qadın aqressiyası faktı da geniş vüsət almaqdadır. Bu qadının cəmiyyətdə rolunun artması ilə bağlıdır. Yəni qadın artıq ailənin nəinki dolandıran şəxsə, hətta ailənin başçısına çevrilir. Belə ailələrdə dominant qadın olur ki, əgər həyat yoldaşı onun qoyduğu qaydalara əməl etməsə, qadın tərəfdən aqresiya ilə üzləşir.

2) Ailə daxili münaqişələrin artmasında öz məhşurluğuna görə stress situasiyalarından sonra qısqanclıq faktı ikinci yerdə durur. Bələ zorakılığın paradoksluğu onda ola bilər ki, çox vaxt qısqanclıq əsassız olur. Qısqanc insanla isə həyat cəhənnəmə dönür. Belə ki, qarşı tərəfə ən səmimi hissi olan şəxs əks tərəfin hər hərəkətini, hər baxışını izləyərək lazımsız şeylərdən problem yarada bilir.

Numunə kimi çox qısqanc şəxsin davranışlarını sizə təqdim edirik. Məsələn, kişi öz hayat yoldaşı ilə yol ilə gedərkən qəfildən xanımın çoxdan görmədiyi sinif yoldaşı ilə rastlaşırlar. Belə situasiyada salamlaşan və bir neçə kəlmə kəsən keçmiş sinif yoldaşların söhbətinə kənardan müdaxilə etməyən və sakitcə dayanan ər sonra arvadıyla hələ küçənin ortasında və ya evə çatanda dalaşmağa başlayır. Adətən dava “O, kimdi?”, “Onunla əlaqə saxlayırsız?”, “İndi başa düşdüm, niyə işdən gec çıxırsan” sözləri ilə başlayır. Oxşar vəziyyətdə əgər ər çox qısqancdırsa, hətta əl qaldırmaq faktı da meydana gələ bilər.

Cütlüklərin davranışında qısqanclığa səbəb ola bilən başqa vəziyyət aşağıda təqdim olunur.

Gecə evə işdən gec qayıdan əri həyat yoldaşı necə qarşılayır? Ər işdə gecikdiyini, işlərin son zamanlar ağır olduğunu həyat yoldaşına bildirir. Həyat yoldaşı isə buna inanmadığını və onun səhər başqa qadınla telefon danışığının şahidi olduğunu deyir. Kişi qadının səhv etdiyini və o qadının işlə bağlı ona zəng vurduğunu deyəndə qadın ona axmaq olmadığını və bu cəfəngiyyata qulaq asmaq istəmədiyini deyir. Beləliklə, belə söhbəti sonsuz aparmaq olar ki, bu da sonda qəlb yaralamaqla bərabər fiziki yaraların da meydana gəlməsinə gətirib çıxarır.

Hər iki nümunədə zorakılıqla qarşılaşan insanlar uzun müddətli əzaba dözməyərək həyat yoldaşlarını tərk edə bilərlər. Çöx təəssüf ki, onların bu gedişi də cəzasız qalmır. Çünki zor tətbiq edən şəxs öz həyat yoldaşı ilə elə sıx bağlarla bağlanıb ki, onsuz öz həyatını təsvir etmir.Yaxınlarını itirmək qorxusu ilə yaşayan belə şəxslərdə qarşı tərəfi dırnaq arası “qorumaq” hissi rahatlıq vermir. Belə insanlar başa düşmürlər ki, əzizlərinin əsas əzab mənbəyi elə onlar özləridir. Zorakılıq etmiş şəxslərin heç özləri də anlamırlar ki, belə aqressiv hərəkətlərə onları nə vadar edir. Bununsa səbəbi elementar qısqanclıqdır.

Yuxarıda göstərilən nümunələri nəzərə alaraq, qarşı tərəfdən ilkin qısqanclıq siqnalı alan şəxslər onları qarşılarına qoyaraq səmimi söhbət etməlidirlər. Əgər qısqanc həyat yoldaşı öz sevgisini itirməkdən qorxursa, qarşı tərəfin sözlərinə qulaq asaraq əsassiz qısqanclığın yersiz olduğunu dərk etməlidir. Əgər vaxtında bütün münaqişəli məqamlara aydınlıq gətirilməsə, nəticə hər iki tərəf üçün kədərli sonluqla bitə bilər.

3) Seksual xarakterli problemlər. Bu səbəb əsasən kişilərə xas olur. Belə problemin yaranma səbəbi cinsi zəifliyin ortaya çıxmasıdır. Cinsi zəifliklə üzləşən kişilər əsəb hissi keçirirlər və öz problemlərində ətrafındakı hər kəsi, hətta özünü günahlandırırlar. Belə situasiyalarda kişi günahı qadında görməyə başlayarsa, onda ona qarşı zor tətbiq edə bilir. Bir çox hallarda bu “Hər şeydə sən günahkarsan” sözü ilə başlayır. Əslində isə bu problemin kökündə qadının heç bir günahı yoxdur və bunun səbəbi elementar yorğunluq da ola bilər.

Belə halda qadın aqressiyanın qurbanı olmamaq  üçün, ancaq tərəfdaşına dayaq durmağa çalışmamlı və heç bir halda onu ələ salmamalıdır. Əgər qadın bu vəziyyətdə kişiyə həyan olsa (belə ki, kişi üçün bu çox vacibdır), ona sonsuz minnətdar olan kişi ilə qarşılaşacaq.

4) Psixi pozuntular. Çox təssüf ki, bu səbəb sonuncu hədd sayılır və xüsusi müəsisələrdə müalicə tələb edir. Psixi pozuntudan əziyyət çəkən insanlara psixoloji kömək etmək lazımdır ki, onlar qarşısı alınmaz hərkətləri törətməsinlər. Qeyd etmək lazımdır ki, psixi pozuntudan əziyyət çəkən insanlar da adi şəxslərlə eyni hüquqa malikdirlər və yardım almağa haqları var.

Ailə daxili zorakılığın müzakirəsi bu gün çox vacib və çətin məsələdir. Öncə ailələrdə baş verən konfliktlərin mütəxəsislər tərəfindən mütamadi diaqnostikası aparılmalıdır; ikincisi – lazım olan halda tibbi yardımın tətbiq olunmalıdır; üçüncüsü – lazım olan halda hüquq-mühafizə orqanlarının və tibbi müəsisələrinin iştirakı olmalıdır.  Və nəhayət, bütün baş verə biləcək konfliktlərin əsasını təşkil edən alkoqolizmin, narkomaniyanın və psixi pozuntuların profilaktikası və müalicəsi aparılmalıdır.

 

Denis Rzayev

Psixologiya və Konsultasiya Mərkəzinin psixoterapevti




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir