Xarakterlər müxtəlif olduğu qədər ailələr də müxtəlifdir. Bir ailədə normal qarşılana biləcək hansısa addıma başqa ailədə sərt reaksiya verilə bilər. Məsələn, “ev işi” deyəndə çox adamın ağlına qadının etməli olduğu işlər gəlir. Bir çoxumuz qadını mətbəxdə qab yuyan, yemək bişirən, evi təmizləyən, paltar yuyan və yaxud da uşaqla məşğul olanda görürük. Buna görə də yemək hazırlamaq, paltar ütüləmək, evin təmizliyi bizim mentalitetimizdə qadının etməli olduğu işlər kimi qalıb. Yəni, bu məsələyə həm cəmiyyətin, həm də ailələrin yanaşması müxtəlifdir. Bəzi ailələrdə kişilərin “ev işində“ qadına dəstək göstərməsi normal qarşılansa da, əksər ailələrdə bu “top-tüfənglə” qarşılanır.
Maraqlıdır, görəsən, ailədə iş bölgüsü zamanı əsas yük hansı tərəfin üzərində olmalıdır? Bu məsələ əsas məsuliyyət kimin üzərindədir?
Qeyd edək ki, əslində ailədə hər iki tərəf – ər və arvad işlədiyi zaman ev qayğıları ilk növbədə qadının çiyninə düşür. Bununla bərabər, qadınlar özləri də ev işləri üzrə rollarını müxtəlif cür dəyərləndirirlər. Bəziləri onu özünü, öz qüdrətini, bacarıq və qabiliyyətlərini reallaşdıra bildiyi sfera hesab etdikləri halda, digərləri onu darıxdırıcı və monoton, yorucu və məhkumedici hesab edirlər. Yüksək iqtisadi əhəmiyyətinə baxmayaraq, ev əməyi aşağı sosial statusda qalmaqdadır. Məhz elə bu münasibətin nəticəsidir ki, hətta ev işləri görməyə yetərli qədər zamanı olan qadınlar mətbəxdə çalışmaqdan imtina edir, uşaqlarına baxılması üçün xüsusi dayə tələbini irəli sürür və s. Ev işlərinə aşağı dərəcəli və daha təhqiramiz formada yanaşma maddi imkanların artırılması ilə də izah olunur. Belə ki, əvvəllər bu işləri özü görmək məcburiyyətində olan qadın ailə büdcəsində maddi baxımdan artımlar olduqca, ev əməyinə alçaldıcı iş kimi yanaşaraq daha onunla məşğul olmağı özünə yaraşdırmır.
Ekspertlərin fikrincə, texnoloji dəyişikliklər ev əməyinin formasını dəyişsə də, ev vəzifələrinin cinsə görə dəyişdirilməsinə heç bir təsir göstərməyib. Belə ki, yeni texnologiyalar həyat keyfiyyətini artırmağa imkan verir, ev işlərinə sərf olunan vaxtı azaldır, amma kişinin evdə hökmranlığını aşağı salmır. Bir sözlə, texnologiyalarla forma dəyişsə də, mahiyyət qalmaqda davam edir. Ölkənin əmək resursları tərkibində qadınların sayının artırılması tendensiyası ev təsərrüfatında görülən işlərə də mühüm təsir göstərir. Əmək bazarında məşğul olan qadınlar əksər hallarda ev təsərrüfatının idarə olunmasında əsas öhdəçiliyi öz üzərilərinə götürsələr də, evdə daha az iş görürlər. Mütəxəssislər onu da qeyd edirlər ki, qadın hərəkatının güclənməsi kişilərin ev işlərinə münasibətini müəyyən dərəcədə dəyişib, amma hətta ən “liberal” olanları da çox vaxt kök salmış davranış stereotiplərini saxlayırlar.
Aparılan araşdırmalar isə sübut edib ki, əslində “ev işləri” ilə məşğul olan qadınlara əlavə ödəniş edilmiş olsaydı, onların əməkhaqqı olduqca yüksək olardı. Hesablamalara görə, işgüzar-evdar qadın həftənin təqribən 91 saatını işləyir və eyni vaxtda müxtəlif işlər görür – ev yığışdırır, xörək bişirir, uşaqların dərsləri, tərbiyəsi ilə məşğul olur və s. Amerikalı ekspertlər evdar qadının gördüyü 10 peşənin maaşını hesablayıblar və çox maraqlı bir nəticəyə gəliblər. Onlar dəqiqləşdiriblər ki, ev qulluqçusu, aşpaz, uşaq tərbiyəçisi, paltaryuyan, sürücü, texniki assistent, süpürgəçi, kompüter operatoru, baş direktor və psixoloq peşəsinin öhdəsindən gələn qadınlar bunun müqabilində ildə 138 mimin 95 dollar maaş ala bilərlər. Bu göstərici hər il demək olar ki, təxminən 3-5 faiz artır.
Britaniyalı alimlər isə müəyyən ediblər ki, son illər Avropa ölkələrində ev təsərrüfatı ilə məşğul olan güclü cinsin nümayəndələrinin sayı artıb. Mütəxəssislər 1961-ci ildən 2011-ci ilədək olan dövrdə Avropa ölkələrində kişi və qadınların ev işinə sərf etdikləri ümumi vaxtı təhlil ediblər. Məlum olub ki, İspaniya və İtaliyada yaşayan qadınlar digər dövlətlərdə yaşayan zərif cinsin nümayəndələri ilə müqayisədə ev işlərinə daha çox vaxt ayırıblar. Bununla yanaşı, 36 il əvvəl italyan xanımlar ev işlərinə öz ərləri ilə müqayisədə 200 dəqiqə daha çox vaxt ayırıblar. Oxşar vəziyyət Avropanın digər ölkələrində də müşahidə edilir. Məsələn, 1961-ci ildən 2005-ci ilədək olan dövrdə Böyük Britaniyada qadınlar ev işlərinə 121 dəqiqə az vaxt ayırmağa başlayıblar. Eyni zamanda, kişilər 50 il ərzində ev işlərinə daha çox vaxt sərf etməyə başlayıblar. Qeyd edilir ki, Norveçdə və Finlandiyada kişilər arasında “evdarların” sayı digər ölkələrlə müqayisədə daha çox artıb.
Araşdırmaya görə, təkcə İngiltərədə kişilərin 28 faizi ev işlərini və ailə bazarlığını həyat yoldaşı ilə birlikdə edir. Qadınların yalnız 14 faizi bunun doğru olduğunu qənaətindədir. Əslində bu, İngiltərə cəmiyyəti üçün böyük inkişaf hesab edilir. Təxminən, 50 il əvvəl bu dövlətdə cəmiyyətin qınağına görə, qadınlar kişilərlə birlikdə işə gedib-gəlmirdilər. Qadının işi yalnız onun evi idi. O zaman ingilis kişiləri birmənalı olaraq ev işlərinin qadın tərəfindən həll edilməsini düşünürdü. Amma 90-cı illərdən etibarən İngiltərədə kişilər ev işlərində xanımına kömək etməli olduqlarını fikirləşirlər. Xüsusilə qadınların böyük bir əksəriyyəti həm evdə, həm də işə getdikləri zaman işlədikləri üçün kişilərin itirdiyi enerjinin 2 misli qədər enerji itirirlər. Buna baxmayaraq kişilərin böyük bir qismi hələ də ev işlərində xanımına kömək etməkdən qaçır. Bu sadəcə İngiltərə cəmiyyəti üçün xarakterik deyil. Bütün Avropada son dövrlərdə həyata keçirilən gender proqramlarından sonra kişilərin hamısı ev işlərindən qaçırlar. Hətta bunu nəzərə alan İspaniya hakimiyyəti kişilərin ev işlərində xanımlarına kömək etmələri üçün reklama 780 min dollar xərc çəkib.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən sosioloq Əhməd Qəşəmoğlu deyib ki, bu məsələdə birmənalı fikir söyləmək doğru olmaz: “Bu məsələyə indi yeni yanaşma lazımdır. Yeni yanaşma odur ki, cəmiyyət gündən-günə mürəkkəbləşir, həssaslaşır və münasibətlər dəyişir. Biz ailədə ona çalışmalıyıq ki, əsas ahəng olsun. Hər ailənin öz məxsusi xüsusiyyəti var. Elə etməliyik ki, ailədə ahəngdar münasibət olsun. Bir ailə ola bilər ki, orda kişinin ümumiyyətlə, mətbəxə girməkdən, ev işi görməkdən zəhləsi gedə bilər. Elə bir ailə də olur ki, kişi mətbəxə girməyə, ev işi görməyə can atır. Yəni, hər bir ailədə münasibətlərə fərqli yanaşma var, ona görə də birmənalı şəkildə deyə bilmərik ki, kişilər mütləq ev işlərində həyat yoldaşlarına yardımcı olsunlar”.
Ekspert vurğulayır ki, indi hər ailə ilə işləyən sosial işçilər olmalıdır: “Necə ki, hər ərazi üzrə sahə müvəkkilləri var, hər bir ərazi üzrə sosial işçilər də olmalıdır. Onlar mütəmadi olaraq ailələrlə iş aparmalıdırlar, hansısa gərginlik varsa, birlikdə müzakirə etməlidirlər. Məsələn, tanıdığım elə ailələr var ki, ərlə arvad mətbəxdə bir yerdə yemək bişirməkdən ləzzət alırlar. Başqa bir ailədə bunun tam əksinədir. Ona görə məsələ belədir ki, hər ailədə gərginlik yaratmayan münasibətlər olmalıdır. Əgər belə bir münasibət varsa, tərəflər daha yaxşı anlaşır və ailədə ahəng yaranır”.
Məsələ ilə bağlı psixoloq Gülər Məmmədova isə bu fikirdədir ki, ev işlərində kişinin həyat yoldaşına yardım etməsi sevgi nümunəsidir: “Ev işlərində kişilərin qadınlara kömək etməsi ailədə sevginin, hörmətin bərqərar olmasına gətirib çıxarır. Əgər o xanımının əziyyətini bölüşərsə, bu zaman evdə sağlam ünsiyyət, sağlam mühit formalaşar. Bu məsələ fərdi xarakter daşıdığından hər kəsin yanaşması da fərqli olur. Elə qadın var ki, kişinin ev işlərinə qarışmasına razı olmaz. Bir qisim qadınlar isə həyat yoldaşlarından kömək görmədikləri üçün şikayətlənirlər. Ümumiyyətlə, mentalitetimizdə qəbul olunmuş bir fikir var ki, “mətbəx kişinin məkanı deyil”. Hər kişi də önlük taxıb mətbəxdə işləməyi qəbul etmir. Lakin bəzi istisna hallar var. Əgər xanımın səhhətində problem varsa və ya həmin gün xanımın işi həddindən çox olubsa, bu zaman kişi mətbəx işlərində də xanımına kömək edə bilər. Bu heç də kişinin xislətinə toxunan bir hal deyil. Belə vəziyyətlərdə yardımlaşma olmalıdır. Düşünürəm ki, bu da ailədə sağlam münasibətin olmasından irəli gəlir”.
Sevinc Osmanova