aile

Ailədə kişi və qadının davranışları necə olmalıdır?

Baxış sayı: 7. 698

Qadınla kişi bir ruhdan yaranıb və Allah qarşısında bərabərdirlər. Ailə həyatında da bütün işlər aralarında paylanır. Əks halda,normal ailədən söhbət gedə bilməz. Tez-tez eşidirsən ki,deyirlər, ailənin xoşbəxtliyi əsasən qadınlardan asılıdır. Bu bir həqiqətdir. Həqiqətən də qadından çox şey asılıdır.

O,GÖZƏL OLMALIDIRMI?
Hər bir normal kişi özünə xoşbəxt ailə arzulayır. Təbii ki, bunu təmin edə biləcək həyat yoldaşı istəyir. Danılmaz həqiqətdir ki, əksər kişilər qadında gözəllik axtarır: ancaq qızın əxlaq, mənəviyyat və müdrikliyinə də xüsusi önəm verilməlidir. Əlbəttə, qızın xarici görünüşü də əhəmiyyətlidir. Məhəmməd Peyğəmbər (s.ə.s) kişilərə evlənməmişdən öncə qadını görməyi tövsiyyə edib. Bir nəfər Peyğəmbərə bir qıza elçi göndərdiyini bildirdikdə, Allah rəsulu ona deyir: “Sən onu görmüsən?”. Kişi onu görmədiyini söyləyəndə isə Peyğəmbərimiz (s.ə.s) deyir: “Onu gör! Çünki aranızda sevgi və uyğunluq olması xeyrinizədir”.

MƏNƏM EVİN AĞASI
Allah kişi ilə qadını fərqli yaradıb. İstəsək də,istəməsək də, bunu qəbul etməliyik! Bu fərqliliklərə görə də kişinin qadının üzərində müəyyən üstünlüyü var. Hər dövlətin başçısı var. İkinci şəxs başçı olmaq istədikdə isə problemlər yaranır. Ailə də bir dövlətdir, onun başçısı olmalıdır. Dinimiz başçı kimi məhs kişini görür. Çünki məhs kişinin üzərinə ən çətin öhdəliklər qoyulur. O, ailəsinin həm maddi, həm mənəvi təlabatını ödəməlidir: “Kişilər qadınlar üzərində ixtiyar sahibləridirlər. Bu, Allahın onlardan birinin digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini,namus və şərəfini) qoruyub, saxlayırlar…” (surə 4, ayə 34). Bununla qadın və digər ailə üzvlərinin haqları tapdalanmır, sadəcə, hərənin özünəməxsus, özünəlaiq davranış həddi var. Allah-Təala kişi ilə qadına çox gözəl tərif verir: “Onlar (qadınlar) sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız)” (surə 2,ayə 187). Kişi fiziki və emosional cəhətdən daha güclü olduğundan ailəsinə arxa olub,çətinliklərini həll etməlidir. Qadın isə ərinin dostu,rahatlıq, sevgi mənbəyi olmalıdır. Bir sözlə, bir-birinin libası olub, bir-birini isitməli, qorumalı, bəzəməli, şəxsi şeylərini başqalarının gözündən gizlətməlidirlər. Bəzi qadınlar “kişi” olub ərlərinə başçılıq edirlər. Lakin bununla öncə özlərinə çətinlik yaratdıqlarını bilmirlər.

ƏN YAXŞI QADIN
İslam dini qadının əri ilə davranışına böyük önəm verir. Hətta Peyğəmbərimizdən (s.ə.s) belə bir hədis söylənilir: “Allahdan başqa kiməsə ibadət etməyi əmr edə bilsəydim, qadına öz ərinə itaət etməyi əmr edərdim!… Qadın əri qarşısında öz vəzifəsini yerinə yetirməyənə qədər Allah qarşısında vəzifəsini yerinə yetirməyibdir”. Peyğəmbərimizə (s.ə.s) görə, ən yaxşı qadınlar bunlardır:
-Ərinin yoxluğunda da onun namusunu və mülkünü qoruyur.
-Ərindən onun nədən xoşu gəldiyini soruşur, onun fikri ilə razılaşır.
-Əri ilə dalaşdıqdan sonra birinci əlini ərinin əlinə qoyub deyir: “Məndən razı olduğunu bilməyənədək yata bilmərəm!”.
-Yad kişilərə qala kimi əlçatmazdır. Bir qadının əxlaqsızlığı min kişinin əxlaqsızlığına bərabərdir. Bir qadının əxlaqlı olması 70 mömin kişinin əxlaqına bərabərdir.
-Ərinin istəmədiyi insanı evinə çağırmır.
-Ərinə kobudluq etmir, laqeyd yanaşmır, ona əl qaldırmır.
-Ərinin mülkünü, pulunu qənaətlə sərf edir.
-Əri qəzəbləndikdə, haqsız olsa belə, onu razı etməyə çalışır.
-Ərinin icazəsi olmadan evdən çıxmır.
-Ərini namaza, ibadətə oyadır…

QOY NƏFƏS ALIM
İnsanın dostları, ünsiyyətdə olmaq istədiyi çevrəsi olmalıdır. Əksər qadınar ərlərini “ayaqlarına bağlamağa” çalışır. Ancaq kişi başqa insanlara diqqət, vaxt ayırırsa bu heç də o demək deyil ki, o öz arvadını sevmir. Unutmaq lazım deyil ki, heç kim heç kimin mülkü deyil. Qadın başa düşmür ki, sevgi və qayğısının yersiz tərzdə ifadəsi ilə ərinə nəfəs almağa imkan vermir və kişi boğulmağa başlayır. Sev, ancaq sevgidən zəncir düzəltmə! Qısqanc olmaq, kişinin hər addımını izləmək, şübhələnmək qarşılıqlı etibarı itirir.

QADININ HAQQI
Qadın ərinə itaət etməlidir, ancaq istisna hallardan başqa. Əgər əri Allaha qarşı bir şeyi ondan tələb etsə, qadının ona qulaq asmamaq ixtiyarı var. Məsələn, əri evə oğurluq, halal yolla qazanılmayan bir şeyi gətirsə, qadın bunu qəbul etməməlidir. Allaha qarşı olmayan hallarda isə qadın ərinə itaət etməlidir. Əgər qadın ərini razı salmağa çalışsa, lakin kişi qadının bütün səylərində sonra da qadından razı qalmasa, onda qadının Allah qarşısında vicdanı təmiz olacaq. Qurani-Kərimdə Allah-Təala kişilərə buyurur ki, qadın yola gəlib düzəlsə onu incitməsinlər.
Həm ər, həm də qadın öz öhdələrinə düşən vəzifələri yaxşı bilsə, bu ailə möhkəm və sarsılmaz olar. Qadın özündə yuxarıda sadalanan yaxşı keyfiyyətləri görmürsə, onları əldə etməyə çalışmalıdır. Bu, mütləq alınacaqdır, əsas istəməkdir! O, bunu Allah xətrinə etsə, Allah ona yardım edəcəkdir. Allah naminə, ərinin və özünün xoşbəxt olması üçün etsə, qadın mütləq bu xoşbəxtliyə nail olacaqdır…

Qadınlar! Diqqət!
-Evini təmiz saxla!
-Onu həmişə gülərüzlə qarşıla, evdə isti, rahat abuhava yarat!
-Onun qohumlarına hörmətlə yanaş, xüsusilə də valideynlərinə,bacı-qardaşına!
-Onun yanında üzümaskalı, biqudilərlə gəzib-dolaşma!
-Onu başqa kişilərlə müqayisə etmə!
-Ona zarafatla belə boşanmaq istədiyini demə!
-Ona gözəl olmadığını demə,öz gözəlliyinlə də öyünmə!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir