ehmed qesemoglu

Ailədə körpələr, uşaqlar aləminin yaradılması zərurəti

Baxış sayı: 1. 230

Hər bir ailə eyni zamanda o ailədə böyüyən körpələrin, uşaqların sehirli bir aləmidir. Böyüklər üçün kiçik, əhəmiyyətsiz görünən bir detal körpə üçün qeyri-adi bir məna kəsb edə, onun həyatında mühüm rol oynaya bilər. Məsələn, evdəki azacıq da olsa rütubətli bir otaq böyüklər üçün o qədər təhlükəli olmasa da, bütün gün həmin otaqda vaxt keçirməli olan körpənin fiziki sağlamlığına ciddi zərbə vura bilər. Evdə divar kağızlarının rəngi, tez-tez səslənən musiqi körpənin psixologiyasına, səsə münasibətinə ciddi təsir edə bilər.  Evdəki insanların biri-biri ilə danışıq tərzi, evə gəlib-gedən qonaqlar, pəncərədən düşən gün işığı, havalanma da körpələrin həyatında mühüm rol oynaya bilər. Uzun əsrlər boyu bu məsələyə elə də əhəmiyyət verilməyib. Bir çox hallarda “uşaqdır, nə qanır?”  fikri daha həlledici rol oynayıb. Amma, gözünüzün qabağına belə bir mənzərə gətirin. Eyni bir çiçək nümunəsi müxtəlif dibçəklərdə bir evin müxtəlif yürlərinə qoyulsa- bir yerdə gün işığı çox olsa, digər tərəfdə qaranlıq olsa, başqa bir yer küləkli olsa və s. nə görəcəksiniz? Əgər 10 müxtəlif şəraitli yerdə bu dibçəklər düzülsə, müxtəlif mənzərələrin şahidi olacağıq. Bəzi yerlərdə çiçək günü-gündən qol-budaq atsa da, elə yer olacaq ki, orada heç inkişaf olmayacaq. Başqa bir yerdə isə həmin çiçək quruyub məhv olacaq. Körpələr də belədir. Ona görə də hər bir ailədə hökmən müəyyən tələblərə uyğun olan bir mühit, bir aləm yaradılmalıdır. Yəni, imkan daxilində körpələrin fiziki sağlamlığı, psixoloji-mənəvi vəziyyətləri, oyunları üçün maksimum şərait yaratmaq lazımdır. Bu valideynlərin qarşısında  duran ən mühüm vəzifələrdən biridir.

Konkret olaraq hansı işləri görməyə ehtiyac vardır? Məsələn, aşağıdakı məsələlərə ilk növbədə ciddi fikir verilməsi tövsiyə olunur:

usaqlar

1) Körpənin beşiyinin, çarpayısının qoyulduğu otaqda imkan daxilində fiziki sağlamlığa təhlükə yaradan amillər ləğv edilməlidir. Otaqda yelçəkərlik (skvoznyak), nəmişlik, toz olmamalıdır. Otağa bol şəkldə günəş işığı düşməlidir.  Hava soyuq olanda istilik sistemi normal işləməli, otağın havası tez tez dəyişilməlidir. Bir sözlə mənzil şəraiti hökmən qənaətbəxş olmalıdır. Yuxarı yaşlı uşaqlar üçün də mənzildə məxsusi, təhlükəsiz mikromühit olmalıdır.

2) Yaşından asılı olmayaraq uşağın qidalanması məsələsinə ciddi diqqət verilməlidir. Yalnız təhlükəsiz və sağlamlıq üçün faydalı qidalardan  istifadə olunmalıdır.

3) Yatağın keyfiyyətli olması olduqca mühüm əhəmiyyət daşıyır. Döşək, yorğan, yastıq keyfiyyətli, təbii malların ən keyfiyyətlilərindən olmalıdır. Sintetik mallardan istifadə edilməməlidir. Uşaq yataqda heç zaman üşüməməlidir.

4) Diqqət verilməsi ən vacib olan məsələlərdən biri körpələrin, uşaqların geyindikləri paltarların, ayaqqabıların keyfiyyəti məsələsidir. Yalnız təbii materiallardan hazırlanmış məhsullara üstünlük vermək lazımdır. Bəzən qiymətinə, rənginə, yaraşığına görə valideynlər sintetik məhsullardan hazırlanmış geyimləri, ayaqqabıları seçirlər. Bununla da öz əziz balalarının fiziki sağlamlığını  böyük risk altında qoyurlar. Təbii ki, təbii materiallardan hazırlanmış və eyni zamanda yaraşıqlı, qiyməti münasib geyimlər çox yaxşıdır. Amma, imkan olmadıqda,   böyük baçı – qardaşların təbii materiallardan hazırlanmış, istifadə olunmuş geyimləri, yaxud modeli o qədər də ürəyinizcə olmayan geyimlər sintetik geyimlərdən qat-qat yaxşıdır.

5) Hər bir körpənin yer üzünə ilk addımları müxtəlif oyunlar oynamasından keçir. Bu oyunları o tək, öz bacı-qardaşları, valideynləri, qonşu, qohum uşaqlarla və s. oynaya bilər. Amma bu oyunları oynamaq üçün ona yer, sahə, meydan, onun üçün rahat olan bir aləm lazımdır. Ona görə də, mənzildə, həyətdə belə yerlərin olması vacibdir. Bura körpənin, uşağın öz məxsusi dünyasıdır. Həyət evlərində bu aləm daha böyük olur və bu körpənin şəxsiyyətinin formalaşmasına çox müsbət təsir edir. Kənd yerlərində iş daha yaxşıdır. Körpənin oyun meydanı bütün kənd, kəndin ətrafındakı gözəl təbiət guşələri də olur. Amma, şəhər yerlərindəki mənzillərdə də bu məsələyə ciddi diqqət verilməlidir. Mənzildə uşağın sərbəst olduğu, müəyyən oyunlar oynaya bildiyi bir guşənin olmasına ehtiyac vardır. Uşaq bu aləmdə olduğu zaman onun üstünə çığırmaq, “dayan!”, “etmə!”  demək psixoloji sarsıntıya səbəb olur. Əksinə, bu oyunlar zamanı uşağa, uşaqlara qoşulub onlarla birlikdə oyunu davam etdirmək, mütərəqqi, tərbiyəvi istiqamətə yönləndirmək daha məqsədəuyğundur.

6) Hər bir körpəyə, uşağa daha məzmunlu, daha düşündürücü, tərbiyəsinə, yaradıcılıq qabiliyyətinin inkişafına müsbət təsir edən oyunları oynaması üçün lazım olan oyuncaqların olması vacibdir. Belə oyuncaqları əldə etmək çətin olduqda onları körpələrin, uşaqların özləri ilə birlikdə, yaxud onların iştirakı ilə  hazırlamaq çox yaxşı olar. Uşaqlara mağazalardan oyuncaq aldıqda hökmən diqqətli olmaq, təhlükəli materiallardan hazırlanan, yaxud istifadəsi təhlükəli olan oyuncaqlar almaq olmaz!  Bunun üçün daha təcrübəli valideynlərlə, mütəxəssislərlə məsləhətləşmək faydalı olardı.

Usaqlar

7) Hər bir mənzildə körpələrin, uşaqların idmanla məşğul ola bilməsi üçün bir guşə olmalıdır. Bu, onları idmanla məşğul olmağa daha da həvəsləndirər. İmkan olmadıqda elə oyun guşəsi ilə idman guşəsini birləşdirmək də olar.

8) Körpələrin, uşaqların böyüməsində, formalaşmasında həyətlərin xüsusi yeri vardır. Hər bir valideyn həyətdəki mühit barədə ətraflı məlumata malik olmalıdır. Həyətdəki oyun meydançaları, oyun əşyaları, onların təhlükəsizlik dərəcələri barədə ətraflı məlumat əldə edilməlidir. Eyni zamanda həyətdə oynayan qonşu uşaqlarının kimliyi, xarakteri barədə məlumat əldə edilməlidir. Valideyn bilməlidir ki, onun uşağı sərbəst olaraq həyətə çıxsa, onu nə gözləyir. Uşağın öz həmyaşıdları ilə birlikdə oynaması olduqca yaxşı bir işdir. Amma bu zaman  sizin körpənizin onlardan nə öyrənəcəyi çox əhəmiyyətlidir. Ona görə də, valideyn həyətdəki mühiti yaxşı öyrəndikdən sonra öz uşağının həyətin imkanlarından nə dərəcədə bəhrələnməsinə qərar verməlidir. Əgər həyətdə xoşagəlməz bir şərait varsa, valideyn həyətdə öz uşağının yanında olmalı, uşaq onun nəzarəti altında olmalıdır.

9) Hər bir körpənin, uşağın daxili aləmi eyni zamanda onun gəzdiyi, gördüyü yerlərlə çox zənginləşir. Uşağın yeni yerləri görməyə, gəzintiyə çıxmağa çox böyük ehtiyacı vardır. Valideyn bu ehtiyacı yerinə yetirməlidir. O vaxtı, imkanı çərçivəsində öz uşaqlarını yaşadığı kənddə, şəhərdə, eləcə də qonşu kəndə və şəhərlərə, təbiətin qoynuna  gəzməyə aparmalıdır. Bu zaman ona yeni gördüyü şeylər, mənzərələr, hadisələr barədə məlumatlar verməlidir. Əgər uşaq əvvəl gördüyü yerlərə bir daha getmək istəyirsə, burada bir təhlükə yoxsa, imkan daxilində onu hökmən həmin yerə bir daha aparmaq lazımdır. Körpəlikdə, erkən uşaqlıq dövründə uşağın daha çox maraqlı yerlər görməsi onun təxəyyülünü, fantaziyasını, qəlb aləmini xeyli zənginləşdirir.

10) Bəzən uşaqları yalnız valideynin özünün gəzintiyə aparması bəs etmir. Bu zaman xüsusi ekskursiyalarda da  uşaqla birlikdə iştitirak etmək olar. Uşaqlar ekskursiya müşayətçilərinin dediklərinə qulaq asdıqca, daha çox məlumat əldə edirlər.

11) İmkan daxilində körpələri, uşaqları ölkənin müxtəlif ərazilərinə aparmaq lazımdır. Bu zaman elə səfər zamanı ölkə haqqında, onun tarixi haqqında, görməli yerləri, görkəmli insanları barədə  mehriban bir dillə, maraqlı şəkildə geniş, uşağın anlaya biləcəyi səviyyəyə uyğun məlumat vermək lazımdır.  Uşaqda erkən yaşlardan öz ölkəsinə məhəbbət hissinin formalaşdırılması çox vacibdir. Belə olduqda, uşaq yaşadığı ərazinin doğmalığını hiss edir, bu ona əlavə güc verir. Yaşadığı ərazini uşağn gözündən salmaq olmaz. Bu psixoloji sarsıntı yarada bilər.

12) Uşaqlarla qohumların, həqiqi dostların ailələri ilə əlaqələrinin yaranması, onları yaxından tanıması çox mühüm məsələdir. Onlar öz yaşlı qohumlarının söhbətlərinə çox maraqla qulaq asırlar. Onların olmasından fərəhlənirlər. O qohumların uşaqları ilə də onları birləşdirən bir çox bağlar var. Bu uşaqlar adətən xarakterləri, xüsusiyyətləri ilə sizin uşaqlarınıza daha yaxındırlar. Onların ümumi şəkildə tanıdığı böyüklər barədə söhbətləri çox vacibdir. Qohum, dost ailələrin uşaqlarının sizin uşaqlarınıza olan həqiqi sevgi hissi çox mühümdür. Həmin uşaqlarla dost münasibətin yaranması sizin uşaqlarınızı həyatda daha inamlı, qüdrətli olmağa kömək edir.

13) Bir yaşdan sonra bir çox uşaqlar məktəbəqədər təhsil sisteminə cəlb olunurlar. Uşaq bağçalarına gedirlər. Orada artıq tamam başqa bir aləm vardır. Ona görə də valideynlərin uşaq bağçaları ilə çox sıx əlaqə saxlamalarına, oradakı mühiti dərindən örənməklərinə ehtiyac vardır. Valideynlər elə etməlidirlər ki, uşaq bağcalarındakı mühitlə evdəki mühit arasında gərginlik yaradan cəhətlər olmasın. Əksinə, ahəngdar münasibət günü-gündən artsın. Valideyn bilməlidir ki, uşaq bağçalarında öyrədilənlər dövlət tərəfindən təsdiq edilən, ciddi mütəxəssislər tərəfindən təklif olunan tövsiyələrə uyğun məzmundadır. Ona görə də uşaq bağçasının təcrübəsindən evdə də istifadə etmək məqsədəuyğundur.

14) Evdə kitaba, kitabxanaya, kitab oxumağa məhəbbət yaratmaq üçün vasitələr, şərait  olmalıdır. Kitaba yad bir əşya kimi yox, doğma bir vəsait kimi baxmaq uşağın gələcəyində çox mühüm rol oynayır. Onu kitab oxumağa həvəsləndirir, onda kitab oxuyanlara, təhsil işçilərinə qarşı rəğbət hissi yaradır ki, bu da onun gələcəyində mühüm rol oynayır.

usaq

15) Müasir dövr texnika dövrüdür. Ona görə də uşağın texnikaya məhəbbətini, texnika ilə təmasını artıran məsələlərə fikir verməsi lazımdır. Onun oyuncaqları, oyunları arasında texnikaya marağın artırılması diqqət mərkəzində olmalıdır. Xüsusilə kompüter texnukası mühüm rol oynamalıdır.  Bəzi sadə texniki vasitələri onunla birlikdə təmir etmək də faydalıdır. Amma, eyni zamanda texniki vasitələrlə davranmaq təhlükəsizliyi məsələləri də diqqət mərkəzində olmalıdır.

Beləliklə, bu sadalananlar və digər məsələlər sizin uşaqlarınızın uşaqlıq aləmini çox zənginginləşdirir. Siz öz fantaziyalarınızla bu aləmi daha da məzmunlu edə bilərsiniz. Onu yadda saxlamaq lazımdır ki, körpə uşaq üçün hər bir gün böyüklərə nisbətən daha mühüm rol oynayır. Hər bir gün onun dünyasını mütərəqqi yöndə xeyli zənginləşdirə də, əksinə onun psixologiyasına zərbələr də vura bilər.

Hər bir ailədə həmin ailədə böyüyən körpələrin, uşaqların öz dünyasının, öz aləminin olması zəruridir və valideynlər bu aləmin yaradılmasına borcludur.

 

Sosioloq Əhməd Qəşəmoğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir