Son zamanlar ölkədə ailə-məişət zəminində baş verən hadisələrin, cinayətlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. “Qadın ərini baltaladı”, “ailə münaqişəsi zəminində ər arvadının başını kəsdi”, “ər həyat yoldaşını güllələdi”, “kişi arvadının boğazını kəsdi”, “ər arvadını döyə-döyə öldürdü”… kimi xəbərləri demək olar ki, hər gün eşidirik. Əvvəllər nadir hallarda təsadüf olunan bu tip cinayətlər son dövrlərdə adi hal kimi qəbul olunmağa başlayıb. Ən dəhşətlisi də odur ki, artıq zərif cinsin nümayəndələri də cinayətə əl atır, ailə münaqişəsi zəminində həyat yoldaşlarını odlu silahla, küt alətlə qətlə yetirirlər. Maraqlı məqam ondan ibarətdir ki, son zamanlar qeydə alınan ailədaxili cinayətlər daha çox bölgələrdə baş verir. Aprelin 8-də Ağstafa rayon sakini Ayaz Məmmədov yataq xəstəsi olan həyat yoldaşı Günel Məmmədovanı döyərək öldürüb. Bundan bir neçə gün sonra Quba rayonunun Vəlvələ kəndində 50 yaşlı Rəhilə Əliyeva evində münaqişə zəminində gəlini Nazilə Ağarzayevanı kəmərlə boğaraq qətlə yetirib. Bu cür qəddarlıqla törədilmiş ailədaxili münaqişələrin sayı kifayət qədərdir.
Ailədaxili cinayətlərin daha çox bölgələrdə artması müşahidə edilir ki, ekspertlərə görə, rayonlarda yaşayanlar arasında stressə məruz qalma daha çox olur. Gənclər bölgələrdə özlərini realizə edə bilmirlər. Bu baxımdan, onların psixologiyasında müəyyən problemlər yaranır.
Psixoloq Vəfa Rəşidova bildirdi ki, cinayət haqqında düşünməmək üçün mütaliə etmək, özünü inkişaf etdirmək lazımdır. V.Rəşidova qeyd etdi ki, kitabxanalara maraq demək olar ki, yoxdur: “Cinayətlərin törədilmə səbəbləri təhsilsizlik, erkən nikah və s.-dir. İnsanın dünyagörüşü, mədəniyyəti bu məsələdə önəmli rol oynayır. Bir qadın ərini niyə küt alətlə öldürsün ki? Bu qədər aqressiya haradandır? Ailələr qızlarını tez ərə verməyə çalışırlar. Nikaha məcbur edilən qızlar basdırılan duyğular, əsəb, stress, gərginlikdən əziyyət çəkirlər, sözlərini deyə bilmirlər, təhsil almaq üçün dəstək ala bilmirlər. Məhbusların həyat hekayələrini dinləyəndə əmin oluruq ki, əksəriyyəti təhsilsizdir”.
Psixoloq vurğuladı ki, insan üçün motivasiya önəmlidir. Onun fikrincə, övlada ilk növbədə özünəinam aşılanmalıdır: “Hər şey ailədən başlayır. Davamlı şiddət, irad fəsadlara səbəb olur. Mühit çox böyük rol oynayır. Cinayət törədən insanlar hirs, əsəb, psixoz, psixopatiya, borderlayn kimi şəxsiyyət pozğunluğu problemi, bəzi hallarda depressiyadan əziyyət çəkirlər. Əyalətlərdə bu barədə, ümumiyyətlə, danışılmır. “Dəlidir” deyib biganə yanaşırlar. Bunun müalicəsi, reabilitasiyası var”.
Psixoloq Rövşən Nəcəfov isə mövzunu belə şərh etdi: “Ailədə istər fiziki, istərsə də psixoloji böhranın bir neçə səbəbi var. Müşahidə edəndə sadə səbəblər görürük. Bəzən insanlar empatiya qurmağı bacarmırlar. Bizə kiçik görünən problemlər başqası üçün yükdür. Biz bunu anlamalıyıq. Ailədə münaqişənin baş verməsinin əsas səbəbi həmçinin cütlüklərin psixoloji uyğunsuzluğudur. Sosial status da münaqişə üçün qığılcım yarada bilər. Müxtəlif çevrələrdə olan insanların bir yerdə yaşaması çətindir. Bəzən isə cütlüklər müəyyən xüsusiyyətləri bəyənərək ailə qururlar, lakin bir araya gəldikdən sonra o xüsusiyyətlər dəyişir. İnsanın vərdişlərindən bir gündə imtina etməsini gözləmək olmaz. Daimi gərginlik affekt vəziyyəti yaradır. Bu zaman insan davranışlarını nizamlaya bilmir. Dialoq qurmağı bacarmadıqda anlaşılmazlıqlar yaranır. Ailədə müzakirə mədəniyyəti çox önəmlidir. Bu olmadıqda, mübahisə yaranır, nəticədə münaqişəyə çevrilir. Ailə quran insanlar istər psixoloji, istərsə də bioloji uyğunluq yoxlamasından keçməlidirlər”.
Psixoloq eyni zamanda cinayət barədə xəbərləri verərkən diqqətli olmağı tövsiyə etdi: “Mediada cinayət haqqında informasiya verilmədikdə cəmiyyət “SOS” siqnalını ala bilməyəcək. İnformasiya verilərkən peşəkar psixoloji rəy olmalıdır. Əks halda, bu, sadəcə, təbliğat funksiyasını daşıyır”.
Nigar HƏSƏNLİ