aile

Ailədaxili möhkəmliyi necə qorumalı?

Baxış sayı: 2. 762

Gəlin qaynanasını öldürdü, iki qardaş ata mülkü üstündə bir-birini bıçaqladı, qısqanclıq zəminində ər arvadını öldürdü…Bu tip xəbərlərlə son dövrlər tez-tez rastlaşmağımızla yəqin ki, siz də razılaşarsınız. Bu, ailə-məişət zəminində törədilən cinayətlərin sayında günü-gündən artım müşahidə olunduğunu göstərir. Bir neçə il əvvəl nadir hallarda baş verən cinayətlər son dövrlər adi hal kimi qəbul olunmağa başlanıb. Əvvəllər ailədə gəlinin qaynanasını, yaxud qardaşın bacısını öldürməsinin nadir hallarda şahidi olurduqsa, son dövrlər belə hadisələr tez-tez baş verir. Maraqlıdır, mütəxəssislər cəmiyyətdə get-gedə daha qabarıq formada özünü göstərən bu problemi nə ilə əlaqələndirir və çıxış yolunu nədə görür?

Ekspertlər ailədaxili münaqişələrin əksər hallarda ya maddiyyat, ya da psixoloji gərginlik üzündən baş verdiyini deyirlər. Azərbaycan Sosioloqlar Birliyinin sədri Əbülfəz Süleymanlı deyir ki, son zamanlar Azərbaycanda ailədaxili münaqişələrin çoxalmasında başlıca faktor maddiyyatla bağlıdır: “Düzdür, burada bir sıra faktorun rolu var. Ancaq baş verən hadisələrin çoxu belə düşünməyə əsas verir ki, əsas səbəb iqtisadi amillərlə bağlıdır. Son dövrlər insanlar maddiyyətə daha çox aludə olublar. Hərşeyin mərkəzini maddiyyatda görürlər. Bunu isə öz ailəsindən tələb etməsi istər-istəməz ailə daxilində narazılığa gətirib çıxarır. Bununla yanaşı, iqtisadi faktorlardan əlavə psixoloji faktorların da rolunu inkar etmək olmaz. Düşünürəm ki, bütün bunların əsasında psixoloji amillər dayanır”. Sosioloq bəzi hallarda insanların qaynana və yaxud ailənin hər hansı bir digər üzvünün mənfi obraz kimi təqdim olunmasından da narazıdır: “Aparılan araşdırmalar onu göstərir ki, ailədə böyüklərin sayı çox olduğu təqdirdə münaqişələrin sayı da azalır. Əslində valideynləri özündən təcrid etməklə münaqişələrə daha çox şərait yaratmış oluruq. Amma cəmiyyətdə bunun tam əksi haqda bir fikir formalaşıb. Tam tərsinə, əksəriyyət münaqişələrin yaranmasında valideynlərin rolunun daha çox olduğunu deyirlər. Bu tamamilə səhv fikirdir”.

Sosioloqun qənaətinə görə, Azərbaycanda gender məsələsinin çox geniş şəkildə qabardılması da ailədaxili münaqişələrin artmasına səbəb yaradan amillərdən biridir: “Bu gün bu sahədə aparılan layihələr dəstəklənir. Halbuki cəmiyyətdə gender məsələsinin qabardılması, Azərbaycan ailəsində gender probleminin qaldırılması istər-istəməz problemlərə gətirib çıxarır. Bu baxımdan da bu cür məsələlərə həssaslıqla yanaşılmalıdır”.

Qısqanclıq?..

Hüquqi Dövlət Araşdırmaları Fondunun rəhbəri Müzəffər Baxışov ailədaxili münaqişələrin daha çox qısqanclıq zəminində baş verdiyi qənaətindədir: “Azərbaycan üçün ən çox xarakterik səbəb qısqanclıq münasibətləridir. KİV-dən verilən məlumatlardan da görünür ki, ailədaxili cinayətlər daha çox qısqanclıq münasibətləri zəminində yaxud da ailənin maddi durumunun kəskinləşməsi ilə əlaqədar olaraq başverir. Səbəblər həddindən artıq çoxdur. Bu, insanın şəxsi təbiəti ilə də bağlı ola bilər. Bundan başqa, son dövrlər ictimai münasibətlər daha çox inkişaf edib. Deyək ki, əvvəllər kişilər daha çox işləyirdilərsə, artıq indi çalışan qadınların sayı da kifayət qədərdir. Bütün bunlar qısqanclıq münasibətlərinin artmasına gətirib çıxarır. Nəticədə də belə münaqişələr baş verir”.

M.Baxışovun sözlərinə görə, son dövrlər ailə daxilində baş verən münaqişələrdə tərəf kimi qadınlar daha çox üstünlük təşkil edir: “Demək olmaz ki, bu ailədaxili cinayətlərin çoxusu kişilər tərəfindən törədilir. Ailədaxili münaqişələr istər qadının ərinə qarşı, istərsə də ərin qadına qarşı zorakılığına gətirib çıxara bilər. Çox vaxt elə deyirlər ki, Azərbaycanda ailədaxili münaqişələrdə ancaq kişilər üstünlük təşkil edirlər. Ancaq bu, belə deyil. Məsələn, mən təcrübədə çox qadının yoldaşını öldürdüyünün şahidi olmuşam. Nəticələr çox ağır olmayanda bir qayda olaraq məhkəmələr də çalışırlar ki, tərəflər ortaq məxrəcə gəlsinlər və barışsınlar. Nəticələr ağır olanda isə barışıq əldə etmək də çətinləşir. Əsas məqsəd bundan ibarət olur ki, ailə dağılmasın. Amma bir qayda olaraq çox adamlar barışığa meylli olmurlar.” Hüquq müdafiəçisinin sözlərinə görə, ailədaxili münaqişələrin tənzimlənməsində yerli və xarici təcrübə arasında xeyli ziddiyyətlər mövcuddur: “Xaricilər deyirlər ki, sizdə ailədaxiil zorakılıqlarla bağlı başverən cinayətlər gizlədilir. Bəzən bu, həqiqətən də belə olur. Çox insanlar öz ailəsinin möhkəmliyini qorumaq üçün əri yaxud atası tərəfindən zorakılığa məruz qalanda hüquq-mühafizə orqanlarına müraciət etmirlər. Bu, bizim əxlaqımıza, milli mentalitetimizə görə ayıb sayılır. Xaricdə isə belə məsələlərə çox ciddi yanaşılır. Orda hətta əri yoldaşına bir şillə vursa belə, qadınlar bu barədə hüquq mühafizə orqanlarına müraciət edirlər. Bizdə isə belə xırda məsələlərə görə hüquq mühafizə orqanlarına müraciət etmirlər. Bizim qadınlar bir dəfə döyülür müraciət etmirlər, ikinci dəfə döyülür müraciət etmirlər. Və belə-belə görürsən ki, allah eləməmiş, cinayət başverib. Bəlkə də onlar ailəni qorumaq nöqteyi-nəzərindən doğru yol tutublar. Məsələn, qadın fikirləşir ki, 3 övladı var və əri bunu döyüb deyə heç kimə şikayət etmir. Ailəsi dağılmasın deyə övladlarının xətrinə bütün bunlara qatlanmalı olur”.

Xoşbəxtlik pulda deyil…

Psixoloq Dəyanət Rzayev ailədaxili münaqişələrin artması səbəbini insanlar arasında psixoloji gərginliyin çox yüksək həddə olması ilə əlaqələndirir: “İnsanların bir-biriylə ünsiyyəti azalıb. Ümumiyyətlə, insanlar arasındakı münasibətlər dəyişib. Çoxları pul qazanmağı həyatının əsas amalı edib. Hamı xoşbəxtliyi pulda görür. Bir sözlə, insanlar arasında psixopatlaşma gedir. Bəziləri düşünür ki, əgər mənim pulum varsa, deməli, mən hamıdan üstünəm. Çoxları sağlamlıq deyəndə ancaq fiziki sağlamlığı nəzərdə tutur. Ancaq əslində bu, heç də belə deyil. Sağlamlıq həm də psixikanın sağlam olmasıdeməkdir. Müqayisə üçün qeyd edim ki, Birləşmiş Ştatlarda psixi sağlamlığın profilaktikası üçün milyardlarla dollar vəsait ayrılır. Bununla bağlı proqramlar qəbul olunub həyata keçirilir. Ancaq Azərbaycanda problem ondan ibarətdir ki, adi profilaktik tədbir belə, görülmür. Sosial sektorlar çox zəif işləyir. Əvvəllər heç olmasa sahə müvəkkili gəlib insanlarla maraqlanırdı. İndi isə sahə müvəkkili gəlib deyə bilərmi ki, niyə içki içirsiniz, ailə üzvlərinizi döyürsünüz? Təbii ki, yox. İndi ailələrə heç kim müdaxilə edə bilmir. Azərbaycanda gəlin polisə müraciət edəndə, çox vaxt buna gülürlər. Deyirlər ki, yaxşı deyil, get ərinin, qaynananın sözünə qulaq as. Hansı uşaq gedib polisə şikayət etsə ki, valideyni onu döyür, ona deyəcəklər get valideynin sözünə qulaq as. Bütün bu və digər faktorların ciddi qəbul olunmaması üzündən ailə-məişət zəminində cinayətlərin artması müşahidə olunur. Ancaq sovet dövründə bu kimi məsələlərə diqqət yetirilirdi və ona görə də bu səpkili cinayətlərin sayı az idi. O dövrdə sahə müvəkkili gəlib maraqlanırdı görüm insan ailəsini incidirmi. Bu yöndə müəyyən tədbirlər görülürdü. İndi sahə müvəkkili harda tikinti aparılır, ora müdaxilə edir. Bütün bunlar da həmin hadisələrin baş verməsinə təkan verir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir