aile munaqisesi

Ailədaxili qətllərin müasir səbəbi: Sosial şəbəkələr

Baxış sayı: 741
“Qadının həyat yoldaşını öldürməsi kimi analoji hadisələr cinayətkarlığın sosioloji təhlili predmetinə aid bir problemdir. Azərbaycan cəmiyyəti üçün də aktuallıq kəsb edir”.
Bunu sosioloq Ağasəlim Həsənov Sumqayıtda bir qadının həyat yoldaşını öldümərkdə ittiham olunmasından danışarkən dedi. Onun sözlərinə görə, son on illiklərdə cəmiyyətimizdə fərdlər arası münasibətlərdə aqressiv meyillərin getdikcə artması müşahidə edilir:
“Ailədaxili mübahisələrin bir çox səbəbləri var. Cinayətkarlığın sosioloji təhlili toplumun fərdlər arası münasibətlərində kifayət qədər aqressiv davranışlar sərgilədiyini ortaya qoyur. Aqressiv davranışlar müxtəlif amillərdən doğur. Ümumiyyətlə, son vaxtlar sosial-psixoloji adaptasiya, qarşılıqlı anlaşma, bir-birinin maraqlarını gözləmək, qarşılıqlı hörmət, gözləntilər, gözləntilərə müvafiq olan davranışlar mənfiyə doğru getməkdədir. Nəticədə də sosial-psixoloji gərginlik artır, sonra aqressiv davranışlar da qaçılmaz olur. Bu kimi bədbəxt hadisələrdə qətli kimin törətməsi önəmli deyil. Doğrudur, çox vaxt kişilərin qadınları öldürməsi xəbərlərini oxuyuruq. Çünki fiziki cəhətdən onlar daha üstündür. Amma zaman keçdikcə bu hadisələrlə qadınların da cinayət törətməyə meyilləndiyini görürük. Onlar da öz fiziki imkanları çərçivəsində qarşı tərəfdən qisas almağa çalışırlar. Münaqişələrin səbəbləri sırasında sosial-iqtisadi çətinliklər, sosial-psixoloji uyğunsuzluqlar, cütlüklər arasındakı kəskin yaş fərqi əsas yeri tutur. Bəzən təəssüf ki, müasir informasiya texnologiyalarının sürətli inkişafının yaratdığı imkanlardan neqativ istiqamətdə yararlanırlar. Məsələn, hər iki tərəf sosial şəbəkələrə daxil olub, digər fərdlərlə əlaqələr qurur. Dərinləşən münasibət fonunda ortaya müxtəlif tipli problemlər çıxır. Nəticədə münaqişələr yaranır. Sonda da müxtəlif fiziki zorakılıqlar, işgəncələr, qətl hadisələri törədilir. Cəmiyyət olaraq, yeganə çıxış yolu maariflənməkdir. Ailə, milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi lazımdır. Digər tərəfdən sosial iş mütəxəssisləri ailələrlə söhbətlər aparmalıdırlar. Potensial, ailədaxili münaqişələrə meyilli, daim gərginlik müşahidə olunan ailələr diqqətdə saxlanılmalıdır”.
aile
Qeyd edək ki, Sumqayıtda üç ayın gəlini öz həyat yoldaşını amansızlıqla qətlə yetirməkdə şübhəli bilinir. Hadisə şəhərin Corat qəsəbəsi Dadaş Xaliqoğlu küçəsində qeydə alınıb. Məlumata görə, Ağahüseyn İmanov üç ay imiş Əfsanə Məmmədova ilə ailə qurubmuş. Həbsdən bir müddət öncə çıxan Hüseynin ailəsində hələ bu günə qədər söz söhbət olmadığı bildirilir. Evin tək uşağı olub. Valideynlərini cavan ikən itirib. Ailə qurduqdan sonra Sumqayıtda restoranların birində kabaçı kimi işləyirmiş.Məlumat üçün bildirək ki, avqustun 9-da Sumqayıt şəhərinin Corat qəsəbə sakini 1987-ci il təvəllüdlü Ağahüseyn İmanovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Fakta görə Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İbtidai istintaq davam etdirilir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir