zorakiliq

Ailədaxili zorakılıqlar təhlükəli həddə çoxalır

Baxış sayı: 736

Azərbaycan mentalitetinə yad olsa da son illərdə ailədaxili zorakılıq və qətllərin sayında müəyyən bir artım müşahidə olunmaqdadır.  Belə halların qarşısının alınması üçün maarifləndirmə işləri genişlənsə də, hələlik istənilən nəticə yoxdur.  Bu fonda ən çox zərər çəkən isə əsasən zərif cinsin nümayəndələri olur.

 

Məsələyə münasibət bildirən Peşəkar Psixologiya Mərkəzinin direktoru Nuriyyə Quliyeva hər şeyin təməlinin uşaq vaxtlarında qoyulduğunu deyir: “Ailə hər birimiz üçün məsuliyyətli, ciddi və müqəddəs bir qurumdur. Xüsusən azərbaycanlı ailəsində böyüyən, İslam dininin əxlaqi keyfiyyətlərini mənimsəyən insanlar üçün ailə xüsusi anlam daşıyır. Lakin təəssüflə qeyd etməliyik ki, son dövrlərdə boşanmaların, ailədaxili münaqişələrin və bunun fonunda da ailədaxili cinayətlərin sayı artmaqdadır.

klinik psixoloq Nuriyye Quliyeva

Bunun bir çox səbəbi var. Bunlardan ən önəmlisi şəxsin erkən yaş dövrlərindən təsirində qaldığı amillərdir. Müasir dövrümüzdə televiziya, internet, telefon vasitəsilə aldığımız bir çox informasiya bizi zorakılığa istiqamətləndirir. Uşaqların oynadığı şiddəti aşılayan oyunlar, oyunlarda müharibə, döyüş şəraitinin təsviri, cizgi film və ya film qəhrəmanlarının canlıları öldürməsi və s. onların psixikasına ciddi təsir edir. Bu, uşaqlarda aqressivliyə, səbirsizliyə gətirib çıxarır. Həmin uşaqların bəziləri gələcəkdə insanlara qarşı daha amansız olur. Bütün bunlardan təkcə uşaqlar deyil, yeniyetmələr, gənclər və yetkin yaşlı insanlar da təsirlənir. Çünki bu tip məlumatlar bizim birbaşa şüuraltımıza təsir edir. Beyin bu informasiyanı yığır, bizim şiddətə meylli və təəssüf ki, bir çox gəncimizin cinayətə meylli bir şəxs kimi formalaşmasına gətirib çıxarır.   Mən burada uşaqlıq və yeniyetməlik dövrünü ona görə vurğuladım ki, bu sadaladığım amillər ən çox onlara təsir edir və cinayətkar şəxs demək olar ki, elə məhz bu dövrlərdən formalaşır”.

Psixoloq ailədaxili zorakılıq və cinayətlırin törənməsində alkoqolizm, narkomaniya kimi pis vərdişlərin də müəyyən qədər rolu olduğunu bildirir: “Ailədaxili zorakılıq və cinayətlərin digər səbəbi isə cinayətkarın mənfi vərdişlərə meylli olmasıdır. Yəni, cinayətlərə nəzər yetirsək, görə bilərik ki, cinayət törədən şəxslər arasında alkoqoldan, narkotik maddələrdən istifadə edənlər də az deyil. Şəxs bu maddələrin qəbulu zamanı doğru qərar qəbul edə bilmir. İstəyinə nail olmaq üçün hər bir vasitədən istifadə edən şəxs ona etiraz edən ailə üzvünə, yaxınına qarşı aqressiv olur və təzyiq göstərir. Bir çox hallarda isə daha ağır nəticələr olur, qətl törədilir.

Diqqətlə təhlil etsək, görərik ki, cinayət törədən şəxslərin bir çoxu uşaqlığında və ya yeniyetməlik dövründə zorakılığa məruz qalmışlar. Bu da digər önəmli səbəblərdən biridir. Hətta bəzən cinayətkar şəxsin ailə üzvləri, yaxın qohumları arasında da müxtəlif xarakterli cinayətlərə də rast gələ bilərik. Sözsüz ki, bu hal şəxsin əqidəsinə ciddi təsir edir. Əgər şəxsə cinayətlər və ya cəmiyyətdə qəbul olunmayan davranışlar haqda düzgün məlumat verilərsə, həmin şəxs cinayətə daha az meylli olar. Lakin bu o demək deyil ki, cinayət törədən hər bir şəxsə ailə tərəfindən düzgün tərbiyə verilməyibdir. Mən burada sadəcə olaraq, ailədaxili cinayətlərin və ümumiyyətlə, bütün cinayətlərin müəyyən qədər qarşısının alınmasında ailənin və mühitin önəmli rolunu qeyd etmək istədim.

Müasir dövrümüzdə ailədaxili münaqişələrin səbəbləri kimi istəksiz nikahın bağlanması, ailədə övladın olmaması, maddi vəziyyətin aşağı olması və qısqanclıq hallarını da sadalaya bilərəm. Bu hallar ailədə gərgin vəziyyət yaratdığı üçün bəzən cinayətlə nəticələnir.

aile munaqisesi

Hər şey ailənin övladı düzgün istiqamətləndirməsindən, sağlam mühitin təmin edilməsindən başlayır. Ailədə sosial normalar uşaqlara düzgün şəkildə aşılanmalı, cəmiyyətdə qəbul olunmayan davranışlar haqda məlumat verilməlidir. Uşaq və ya yeniyetmə televiziya, kompüter, telefon və s. vasitəsilə nümunə götürə biləcəyi şiddət, zorakılıq səhnələrindən uzaqlaşdırılmalıdır. Çünki şəxs təsir altına düşərək sevdiyi “qəhrəmanın” hərəkətlərini təkrar edə bilər. Əgər uşaq və ya yeniyetmə belə bir səhnənin şahidi olarsa, bunun doğru olmadığı, qəbul olunmaz bir hal olduğu təmkinlə başa salınmalıdır. Əgər valideyn məktəbdə bu tip hallara rast gələrsə, uşağına daha diqqətlə yanaşmalıdır.

Bununla yanaşı spirtli içkilərin, narkotik vasitələrin fəsadları və nəticələri haqda əvvəlcədən maarifləndirmə aparılmalıdır. Münaqişələr baş verdikdə isə, tərəflərdən biri daha səbirli davranıb daha sonra situasiyanı sakit vəziyyətdə təhlil etsə daha ağır nəticələrə də gətirib çıxarmaz. Münaqişə vaxtı situasiyanı daha da gərginləşdirə biləcək söz və ifadələrdən yayınmaq lazımdır. Bir sözlə, münaqişə edən tərəflərin situasiyanın daha da gərginləşdiyini görüb vaxtında müdaxilə etməsi cinayətin törədilməsinin qarşısını ala bilər. Amma bu da məlum faktdır ki, münaqişə zamanı tərəflər çox da düzgün qərar qəbul edə bilmir. Bu səbəbdən münaqişəyə öncədən müdaxilə və problem situasiya barəsində müzakirə arzuolunandır”.

 

Aysel Həsənova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir