abort

Ailələrdə abortlar niyə artır?

Baxış sayı: 2. 075

2015-ci ildə Azərbaycanda qadınlar tərəfindən 27452 abort edilib. Halbuki bu rəqəm 2014-cü ildə 27220 olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkədə hər 100 doğuşa düşən abortların sayı 2014-cü illə müqayisədə (16,1) 2015-ci ildə 16,7-ə yüksəlib.
Abort etdirənlər arasında 25-29 yaşlı qadınların sayı daha çox üstünlük təşkil edir. 2014-cü illə müqayisədə Azərbaycanda ötən il 15-17, eləcə də yaşı 30-dan çox olan qadınlar arasında abort olunma halları azalsa da, 18-29 yaşlı qadınlar arasında bu hal çoxalıb.
Keçənilki abortların 50-si (2014-cü ildə 88) 15-17 yaşlı, 1 425-i (2014-cü ildə 1073) 18-19 yaşlı, 5983-ü (2014-cü ildə 5738) 20-24 yaşlı, 8573-ü (2014-cü ildə 8365) 25-29 yaşlı, 7362-i (2014-cü ildə 7756) 30-34 yaşlı, 4059-u (2014-cü ildə 4200) 35 və yuxarı yaşda olan qadınlar tərəfindən edilib.
Ölkədə 15-49 yaşlı hər 1000 qadına düşən abortların sayı da 2014-cü illə (10,1) müqayisədə artaraq 10,3-ə çatıb.
Mama-ginekoloq, cərrah Naibə Həsənova  bildirir ki, leqal abortlar, yəni hamiləliyin 12 həftəsinə qədər olan abortlar əsasən 3 səbəbə görə olur: “Hamiləliyin 12 həftəsinə qədər xəstəyə öz istəyilə abort etməyə icazə verirlər. İlk üç ayına qədər icra edilən abortların əsas səbəblərindən biri ailə-məişət vəziyyətinin yaxşı olmamasıdır. Ailə vəziyyəti ilə bağlı, həyat yoldaşı və ya əks cins, ya da qadının özü uşağı istəmirsə, aborta qərar verir”.
İkinci səbəb nikahdan kənar hamiləliklərdir. Ətrafdakıların qınaq obyektinə çevrilməmək üçün həkimə müraciət edir.
Ümumiyyətlə, 12 həftəyə qədər abort etməyə icazə verilir. Kimsə həkimə müraciət edirsə, abort edilir.
“Üçüncü səbəb hamiləliyin özünün fəsadlı olmasıdır. Leqal abortlar müəyyən tibbi göstərişlər əsasında aparılır. Tibbi göstərişlərə inkişafdan qalmış hamiləlik, qanama, dölün özündə hər hansı anadangəlmə qüsurların olması daxildir. Dölün elə qüsurları var ki, doğum sonrası həmin qüsurlar uşağın yaşama qabiliyyətinə mane olur. Nə qədər erkən dövrdə həmin qüsur tapılırsa, bir o qədər erkən vaxtlarda abort edilir və gələcəkdə xəstə uşağın dünyaya gəlməyinin qarşısı alınır”.
Həsənova bildirib ki, 12 həftədən 22 həftəyə qədər olan müddətdə yalnız tibbi göstərişlər əsasında abort edilir: “Hamilə qadının suyu açılır, ya da döl ölüdürsə, abort edirlər. Buna gecikmiş abortlar deyirlər. 22 həftədən sonra müəyyən tibbi göstərişlərlə aborta icazə verilir. Məsələn, bətndaxilində hər hansı anomaliya varsa, onun doğulmağı ailəyə də lazım deyil. Tibbi göstərişlə döl tələf olunur. Bu zaman abort deyil, süni doğuş aparılır. Buna döl parçalayıcı əməliyyat deyilir”.
“Abortlar ziyandır” deyən mama-ginekoloq bildirir ki, bu, fizioloji prosedurdur: “Qadın bədəni abortdan sonra yenidən qurulur. Bu, ona bənzəyir ki, bir binanın fundamenti pillə-pillə tikilir və sonra birdən-birə sökürsən. Necə ki, zəlzələ nəticəsində həmin dağıntı olur, abort da buna bənzər. Həkimin bu işi necə aparmasından asılı olaraq qadının orqanizmində, əlbəttə ki, müəyyən fəsadlar olacaq”.
Dediyinə görə, ilk abortlar xüsusilə təhlükəlidir. İlk abortlar adətən hamiləliyin ilk 6-7 həftəsinə kimi edilir və mini abortlar adlanır. “Ümumiyyətlə, fəsadı odur ki, həkim tərəfindən müəyyən kobud manipulyasiyalar ola bilər. Daha dərin qaşıntı, uşaqlıq boşluğunun daxili divarları zədələnə bilər. Qadın sonradan uşağa qalmaya bilər. Bu da ona görə baş verir ki, dediyim yanlışlıqla yerinə yetirilən abortdan sonra aybaşı pozula bilər. Aybaşı pozuntusu olanda da uşaq hardan əmələ gəlsin, hara yapışsın? Ya da uşaqlıq boşluğu tam təmizlənmir. Onun nəticəsində də uşaq olmaya bilər. Qeyd etdiyim ki, abortdan sonra fəsadlar həkimin abortu düzgün etməməsi üzündən baş verə bilər”.
Abortdan sonra hamilə qalmamağın ikinci səbəbi qadınların qanının mənfi rezurslu olmasıdır. Qanı mənfi olan xanımlara ilk hamiləliyi abortla bitirmək məsləhət olunmur. “Ümumiyyətlə, heç abort etməmələri məsləhətdir. Qanı mənfi olan adam, qan xəstəliyi olan xəstələrin onsuz da hamiləlikləri də problemli olur. O cümlədən abort olunsa, lap pis olur. Qanın laxtalanmasında problemlər yaşaya bilərlər. Qanama durmaya bilər, yaxud da əksinə. Tromba, laxtalanmaya meylli insanlara da abort məsləhət deyil. Onun nəticəsində fəsadlar ola bilər”.
Sosioloq Elmir Mirzəyevin sözlərinə görə, maddi sıxıntı üzündən ailələr çox övlad istəmir: “Bu da abortların əsas səbəblərindən biridir. Statistikaya görə, ikiuşaqlı ailələr üstünülük təşkil edir. İndi tək-tük ailədə 4-5 uşaq görmək olar. Biruşaqlı ailələrsə günü-gündən artmaqdadır”.
Müsahibimiz hesab edir ki, digər səbəb uşaqların cinsiyyətinin ultrasəs müayinəsində öyrənərək qız uşaqlarının tələf edilməsidir. Belə ki, ailələr daha çox oğlan övladı istəyirlər. “Cinsiyyəti öyrənməyi nə qədər qadağan etsələr də, ailələr bunu müxətlif yollarla öyrənirlər. Nikahdan əvvəl münasibət yaşamaq da abortların sayının çoxalmasına təsir edir”.

 

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir