SANTAJ

Ailələri dağıdan intim terror

Baxış sayı: 704

Son illər dünyada, eləcə də Azərbaycanda yayılan təhdid formalarından biri də onlayn şantajdır. Dünyada onlayn şantajların ən geniş yayılan növü isə “Sextortion”dur.

 

Sekstorsiya – “Sextortion” nədir?

“Sextortion” insanlardan onlayn yolla intim hərəkət etməsini tələb edən təhdid formasıdır.

 

Bu necə baş verir?

Müxtəlif platformalar üzərindən yarıçılpaq, yaxud da tamamilə çılpaq biri tərəfindən qurban seçilən şəxslərə onlayn olaraq zənglər edilir. “Cinayətkar” müəyyən üsullarla və ya hərəkətlərlə qarşısındakı şəxsdən intim hərəkətlər etməyi, yarıçılpaq, yaxud da çılpaq olmağı tələb edir. Bu zaman bütün görüntülər video və foto şəklində qeydə alınır. Daha sonra isə “cinayətkar” həmin videoların yayılmaması üçün qurbanından müəyyən məbləğdə vəsait tələb edir. “Qurban” bu vəsaiti ödəmədiyi halda onun videosu yayılır.

Lakin şantajçı şəxs pulu bir dəfə tələb etməklə kifayətlənmir, dəfələrlə, davamlı şəkildə qurbanından vəsait tələb edir.

 

Azərbaycanda bununla bağlı vəziyyət

İKT üzrə ekspert Elvin Abbasov bildirir ki, ümumiyyətlə belə bir təhdid forması üçün xüsusi platforma yoxdur, şantajçılar müxtəlif üsullarla potensial qurban hesab etdikləri şəxslə əlaqə yaradırlar:

“Belə zənglər mənə, eyni zamanda da bir çox şəxslərə də gəlir. Açıq-aşkar təkliflər var. Onların ilkin olaraq əsas tələbləri odur ki, qarşılarındakı şəxs müəyyən intim hərəkət etsin, yaxud da bu cür fotolar yollasın. Daha sonra isə həmin şəxslər şantaj olunurlar”.

Onun sözlərinə görə, “qurban”ların arasında məmurlar, idmançılar, siyasətçilər də var.

“Bəzi tanınmış şəxslərə xəbərdarlıq etmişəm ki, onların dostluqlarındakı “şəxs” saxta profilə sahibdir və şantajçıdır. Amma bu şəxslər “Facebook”* dostluğunda olmasa belə müxtəlif yollarla yaza, zəng edə və nəticə etibarilə qarşısındakını şantaj edə bilər”.

Həmsöhbətimiz bildirir ki, yalnız tanınmış şəxslər deyil, sıravi vətəndaşlar da şantajçılar tərəfindən hədəf seçilə bilər:

“Mənə müraciət edən bir neçə şəxs olub. Onlar bildirib ki, bu cür görüntüləri çəkilib və daha sonra onun ailə üzvlərinə göndərilib. Yəni Azərbaycanda şantajın bu növü çox populyardır. Çox biabırçı nəticələrlə üzləşən də olub, yəqin ki, ailəsi dağılan da. Xüsusi olaraq onu qeyd edim ki, Azərbaycanda qurbanların əksəriyyəti qadınlardır”.

Ekspert onu da bildirir ki, hazırda ölkədə hər kəs seks şantajının hədəfinə çevrilə bilər.

 

Bunun qarşısını almaq mümkündürmü?

Həmsöhbətimiz qeyd edir ki, burada aparıcı amil olan insan faktoru olduğu üçün problemin qarşısını almaq mümkün deyil:

“Yəni bu cür müxtəlif profillər var, onları bir-bir bloklamaq, xilas olmaq mümkünsüzdür”.

 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, şantaj edən şəxs 3 ilə qədər azadlıqdan məhrum edilir. Şantaj edilmiş şəxs isə şikayət edirsə, şantajçı 5 ilə qədər azadlıqdan məhrum edilə bilər.

 

“Sextortion” qurbanlarından hər 4 nəfərdən biri azyaşlıdır

Bu cür təhlükəli risklərdən sığortalanmaq üçün maarifləndirici funksiyanı üzərinə götürən, ixtisaslaşmış “Thorn.org” saytı qurbanlar arasında keçirilən sorğulara əsasən müəyyən rəqəmləri açıqlayır. Bu rəqəmlərə nəzər yetirək:

Dünyada onlayn yolla cinsi təhdidin qurbanı olan hər 4 nəfərdən biri 13 yaşlı və yaxud da daha kiçik yaşlı uşaqlardır.

 

“Sextortion” qurbanı olan qızların 2/3-i isə yaşı 16-dan az olanlardır

Qeyd olunur ki, qurbanlar daha çox çox istifadə etdikləri platformalarda şantajçıların hədəfinə çevriliblər. Bu platformalar arasında ən geniş yayılanları isə sosial şəbəkələrdir. Qurbanların 92 faizi isə qarşı tərəfin tələblərinə əməl edib. Qurbanlar bildirir ki, “cinayətkar”ın tələblərinə əməl etdikcə onlar daha çox təhdid olunublar.

 

“Thorn” nəticələri də açıqlayıb

Saytda yerləşdirilən hesabatda qeyd olunur ki, qurbanların 1/3-ü belə təhdidlərlə bağlı heç vaxt kiməsə məlumat vermir.

Qurbanlar arasında keçirilən sorğunun nəticələrinə görə sekstorsiyanın çox dağıdıcı nəticələri olub. Belə şəxslər arasında psixoloji, hətta psixi problemlər yaşayanlar, özlərinə qapananlar da olub. Respondentlərin bir çoxları başlarına gələnlərdən utanc hissi keçirdiyi üçün heç vaxt ətrafdakılardan, hansısa mütəxəssisdən kömək istəməyib.

 

Rəqəmlər nə deyir?

Qurbanların 1/4-də psixi problemlər müşahidə olunub

Qurbanların 1/3-i utandığı üçün başına gələnlər haqda heç kəsə məlumat verməyib, dərdini kiminləsə bölüşməyib

Qurbanların 1/8-i həmişəlik evini tərk edib

 

Qurbanlarla bağlı bu məlumatlar kimlərə, yaxud hansı ünvanlara ötürülür?

Qurbanlarla bağlı məlumatlar ailələrinə ötürülür – 54 faiz

Onlarla bağlı məlumatlar platformalar üzərindən yayılır – 26 faiz

Qurbanlarla bağlı məlumatlar hüquq-mühafizə orqanlarına ötürülür – 17 faiz

Bəs, istifadə etdiyimiz cihazlarda – mobil telefon, planşet, kompyuterdə necə, müəyyən filtirlərlə belə zəng, mesaj və müraciətlərin qarşısını almaq mümkündürmü?

“Thorn”un məlumatına görə, bunun qarşısını almaq mümkünsüzdür. Çünki “cinayətkar”lar hər gün yeni üsullara əl atırlar ki, qarşılarındakı şəxsi “ovlaya”, onu inandıra, daha sonra isə bu vəziyyətdən isitfadə edib pul tələb edə bilsin. Qurbanların 45 faizi etiraf edir ki, “cinayətkar”lar onlarla birdən artıq platforma üzərindən əlaqə saxlaya biliblər.

 

Belə şantajlar daha çox harada baş verir?

Şantajların 23 faizi müxtəlif video-zəng proqramları vasitəsilə baş verir

4 faizi müxtəlif oyun platformaları üzərindən baş verir

54 faizi müxtəlif sosial şəbəkələrdə baş verir

Belə şantajların 41 faizi foto paylaşımlar üçün nəzərdə tutulan müxtəlif mesajlaşma proqramlarında baş verir

12 faizi elektron poçtlar vasitəsilə reallaşır

9 faizi müxtəlif tanışlıq platformalarında baş verir

Qeyd edək ki, hazırda dünyada müəyyən ixisaslaşmış, hüquqi yardımlar verən saytlar ki, onlar bu cür qurbanlara, yaxud da potensial qurbanlara müəyyən yol göstərirlər. Bu platformalar aşağıdakılardır:

“Without My Consent”, “Cyber Civil Rights Initiative”, “End Revenge Porn”, “The National Domestic Violence Hotline Rape”, “Abuse & Incest National Network”, “Male Survivor”, “CA Department of Justice”

Yaşı 18-dən az olanlar üçün:

“The National Center for Missing & Exploited Children”, “Internet Crimes Against Children Task Force”.

 

“Thorn”un tövsiyələri nədən ibarətdir?

Özünüzə nəzarəti ələ alın və naməlum mənbələrdən daxil olan mesajları cavablamayın. Yalnız inanıb, etibar etdiyiniz biri ilə danışın.

“Saytın yaydığı hesabata görə hazırda “cinayətkar”ların 79 faizi məhz bu yolla pul qazanmağı asan hesab etdikləri və əsas hədəflərindən biri uşaqlar olduğu üçün valideynlər övladlarına nəzarəti itirməməli və onlarla daha sıx təmasda olmalı, etibarlarını qazanmalıdır.

 

Federal Təhqiqat Bürosu (FBİ) valideynlərə tövsiyəsi nədən ibarətdir?

Büro valideynləri daha diqqətli olmağa səsləyir və bildirir ki, övladlarının onlayn aktivlik dövründən öncə onları belə şantaj növləri haqda məlumatlandırmalı və ehtiyyatlı olmağa səsləməlidirlər.

Əsas tövsiyələr:

Valideynlər övladları ilə bu mövzuda daha açıq danışsalar, bu zaman övladlarının qurbana çevrilmə riski, yaxud da qurban olduqdan sonra böyük faciələrlə qarşılaşma ehtimalı aşağı düşəcək. O əmin olacaq ki, ən pis halda belə valideyninə sığına, bütün problemlərini onunla bölüşə bilər. Bundan başqa, validyenlər övladlarının limitsiz şəkildə internetdən isitfadəsinə icazə verməməli, müəyyən məhdudiyyət qoymalıdır. Uşaqların telefon və digər istifadə etdikləri cihaza da davamlı şəkildə nəzarət həyata keçirilməlidir.

Valideynlər övladlarının ətrafındakı şəxslər tanımalı, onlayn formatda kiminlə ünsiyyətdə olduğunu bilməlidir. Valideyn övladına gecə vaxtı yataq otağında telefon istifadəsini qadağan etməli, yaxud da bu saatlarda bütün cihazların internetə çıxışını məhdudlaşdırmalıdır – “Wifi” söndürülməlidir. Ata və ana övladının sosial media hesablarının məxfiliyini nəzərdən keçirməlidir. Qurum onu da qeyd edir ki, övlada nəzarət üçün onun şəxsi otağının qapısı hər zaman açıq olmalıdır.

Bəs, Aİ (artifical intellect), yəni süni intellekt olan “Chat GPT4” nə deyir?

Sorğumuza cavab olaraq Aİ bütün bu təhdidlərdən müəyyən qədər də olsa qorunmaq üçün sosial şəbəkələrdə şəxsi məlumatları paylaşmamaq, şübhəli hesab edilən elektron poçt mesajlarını açmamağı, müəyyən təhlükəsizlik proqramları ilə şəxsi məlumatları qorumağı tövsiyə edir.

Bundan başqa, süni intellekt şantajçılara pul verməməyi tövsiyə edir. Aİ xüsusən də tanışlıq saytlarında bu kimi halların başvermə riskinin çox olduğunu nəzərə alaraq xüsusilə ehtiyatlı olmağı məsləhət görür.

Qeyd edək ki, hazırda dünya üzrə sekstorsiya qurbanları ilə bağlı konkret rəqəmlər olmasa da, KİV-də təkcə ötən il ABŞ-da bu cür şəxslərin sayının 7 min nəfərə çatdığı qeyd olunur.

 

Nigar İsgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir