aile

Ailələrimiz niyə dağılır?

Baxış sayı: 2. 004

Əsrlərdir bizim coğrafiyada yaşayan insanlar özlərinin ailəcanlılığı ilə seçiliblər. Azərbaycanlılar dünyada ən az boşanan xalqlardan olublar. Son illər isə ölkədə dağılan ailələrin sayı durmadan artır. Bundan da ən çox əziyyət çəkən uşaqlar olurlar. Cəmiyyətin özülünü təşkil edən ailə institutunun çökməsi həm də ümumi mənəvi böhrana gətirib çıxarır. Hər bir ailənin öz mövcudluğunu qoruyub saxlaması qarşılıqlı sayğının, hörmətin və səmimiyyətin olmasından asılıdır.

Digər şərtlər kimi sosial-iqtisadi, mənəvi-intellektual, əxlaqi-etik və bioloji-psixoloji amilləri qeyd etmək olar. Tək iki gəncin bir-birini sevməsi ilə möhkəm özüllü ailə qurmaq olmaz. Sevgi ailənin ilkin bünövrəsi və təməli olsa da sonralar ailənin möhkəm olması üçün digər amillərə də ehtiyac duyulur.

Təbii ki, söz-söhbətsiz, konfliktsiz ailə təsəvvür etmək mümkün deyil. Amma uzun illər bir yastığa baş qoymağı bacaran ailələrin kökündə yuxarıda sadaladığımız amillər dayanır. Bəzi ailələrdə isə əksinə olur. İlk vaxtlar guya sevən gənclər qısa müddətdən sonra bir-birini sevmədiklərini, yanıldıqlarını anlayır və bu zaman xasiyyətlərini uyğunlaşdırmaq əvəzinə aralarındakı problemləri daha da dərinləşdirirlər. Statistikaya görə dünyadakı ailələrin 25 faizdən çoxu sevgisiz qurulur. Bu tip ailələrin qurulmasının səbəbkarı və ya vasitəçisi qohumlar olur. Bir çox ailələr isə təsadüfi tanışlıq əsasında yaranır. Bu tip ailələr sonralar tez dağılır. Amma bəzən tamamilə əksinə də olur. Sevgisiz qurulan bəzi ailələr çox möhkəm təməlli də olur

Ailə həyatının birinci ili ən həssas dövrdür. Bu dövrdə ərlə arvad bir-birilərinə qarşı son dərəcə diqqətli olmalı, münasibətləri bacardıqca səmimi təməllər üzərində qurmalı və ortaq nöqtələr tapmalıdırlar.

Ən konfliktli dövr ailə həyatının 18-24-cü illəridir. Ailə qurub evdən ayrılan uşaqların həsrəti, evin kişisinin öz seksual tələbatlarını başqa yerdə ödəməsi ailədə problemlər meydana çıxarır. Ər və ya arvadın işdə həddən artıq olmaları, iqtisadi çətinliklər, ailə subyektlərinin hansınınsa işə düzələ bilməməsi, yaşayış üçün mənzilin olmaması və s. də ailədə problemlərin meydana çıxmasına səbəb olur.

Azərbaycan kimi patriarxal cəmiyyətlərdə ailədaxili problemlərin səbəblərində də bir sıra spesifik xüsusiyyətlər var.

Cəmiyyətdə ailənin tutduğu sosial mərtəbə, mənəvi dəyərlərin qiymətsizləşməsi, ailədə qadının ənənəvi vəziyyətinin dəyişilməsi, onun iqti¬sadi müstəqilliyi, evdar vəziyyətində olması, maliyyə çətinlikləri, dövlətin sosial sahəyə diqqətinin azalması və s.-də Azərbaycan ailələrində problemə səbəb olur.

Konfliktlər əsasən nevrotik ailələrdə baş verir. Bütün problemlərini yoluna qoyub dərin yaralarla da olsa yoluna davam edən ailələrdə isə üzdə sakitçilik hökm sürsə də, daxili gərginlik gec-tez üzə vurur və nəticədə səs-küylü boşanmaya, uzun-uzadı məhkəmə çəkişmələrinə, hətta tayfa-nəsil düşmənçiliyinə qədər gedib çıxır. Ərlə-arvadın maraq və tələbatlarının üst-üstə düşməməsi də ailədaxili problemin səbəblərindəndir. Statistikaya görə, bu zaman hər iki tərəf dözümsüzlük və barışmazlıq nümayiş etdirir. Qarşılıqlı güzəştsizlik isə ailələrin dağılmasıma gətirib çıxarır.

Nevrotik ailələrdə isə ər və ya arvadın psixikasında irsən keçmiş psixi pozğunluq əsas səbəbdir. Belə ailələrdə psixoloji çətinliklər özünü göstərir. Ərlə arvadın hərəkətlərində, münasibətlərində ciddi narahatlıq halları, yuxusuzluq, hər xırda işə, hadisəyə emosional münasibət, həddindən artıq aqressivlik və s. özünü göstərir.

Ərlə arvadın münasibətlərinin konfliktliliyi özünü açıq və gizli göstərə bilir. Gizli konfliktlərə nümayişkaranə danışmamağı, acıqlı nəzərlə baxmağı, münasibətlərdə üzə çıxan soyuqluğu aid etmək olar.

Ailə psixoloqları müraciət edən şəxslərə fərdi və ya qrup şəklində mürəkkəb məsələlərin həllində məsləhət verir, psixoloji biliklər və ua konfliktlərin həllində kömək edir, konfliktli ailələrin üzə çıxarılması, onlarda məsləhətlərin təşkili, əq və arvada ailə çətin situasiyaya düşdükdə düzgün əxlaqi fəaliyyətin seçilməsində, səhvlərini aşkara çıxarmaqda psixi vəziyyətin özünü tənzimləmə metodlarını öyrənməkdə kömək edir.

Psixoloji məsləhətin lazımlığı və xeyri barədə ər-arvad ikisi də eyni qənaətə gəlməlidirlər.

Ərlə arvadın münasibətlərini normallaşdıran zaman aşağıdakıları nəzərə almaq vacibdir:

– psixoloqun iştirakı ilə konfliktin yenidən qızışmasına yol verməmək

– tərəflərin heç birinin müdafiəçisi olmamaq, belə ki, çox zaman tərəflər psixoloqu öz tərəfinə cəkməyə çalışırlar

– tərəflərin müdafiə etdikləri normalara, dəyərlərə hörmətlə yanaşmaq

– anonimliyi (xüsusən ərlə arvadın intim münasibətlərinin öyrənilməsi zamanı) qorumaq.

Keçmişə nisbətən, müasir şəraitdə ailədə uşaqlara, xüsusilə həddi-buluğa çatmış gənclərə münasibət tamamilə dəyişmişdir. Ailə üzvləri bilavasitə ictimai təsərrüfatda çalışır və oradan da lazımi maaş alırlar. Belə bir şəraitdə gənclər iqtisadi və maddi cəhətdən valideynlərindən asılı olmadıqları üçün, onlar öz hərəkətlərində (xüsusilə sevgi, məhəbbət, təhsil almaq və s.) azaddırlar. Buna baxmayaraq, bir çox məsələlərdə (evlənmək, şəhərə köçmək, boşanmaq və s.) valideynlərin fıkri vacib sayılır. Ümumiyyətlə, uşaqlarla valideynlər arasında qarşılıqlı anlaşma və razılıq hökm sürür. Onların arasında münaqişə və anlaşılmazlıqlara çox az hallarda təsadüf edilir.

Nikahın ilk dövrlərində və ümumiyyətlə ər-arvad arasın¬da konfliktlər nə səbəbə baş verir? Mütəxəssislər bu səbəbləri aşağıdakı ardıcıllıqla göstərirlər.
1. Ər-arvad münasibətlərində etik normaların (xəyanət, qısqanclıq) pozulması.
2. Bioloji uyğunsuzluq.
3. Ər-arvaddan birinin və ya hər ikisinin onları əhatə edən adamlarla (qohum, dost, tanış və s.) pis münasibətdə olması.
4. Həyata marağın və tələblərin uyğunsuzluğu.
5. Uşağa qarşı pedaqoji mövqeyin müxtəlifliyi.
6. Ər-arvaddan birində, bəzən isə hər ikisində şəxsi çatışmazlıqların olması.
7. Valideynlərlə uşaqlar arasında qarşılıqlı anlaşmanın olmaması.
Bu səbəblər ən çox konflikt yaradan səbəblərdir, ancaq ola bilsin ki, bəzi ailələrdə başqa səbəblər də meydana çıxsın. Əsas məsələ narazılığın əmələgəlmə səbəbini bilmək deyil, bu narazılıqları aradan qaldırmaq üçün hər birinin düzgün hərəkət etməsidir. Bir-birini sevən ər-arvad ailədə mübahisələri mədəni şəkildə aparmalı və tərəflərdən heç biri qalib gəlmək məqsədi güdməməlidir. Yadda saxlamaq lazımdır ki, sənin qələbən sevdiyin şəxsin məğlubiyyətidir. Ər-arvad bir ailə təşkil etdiyindən hər hansı tərəfin qələbəsi ailənin məğlubiyyəti deməkdir ,

Ər-arvad arasında mübahisələr üçün səbəb yarandıqda onlardan hər biri öz dediyinin həqiqət olduğunu isbat etməyə çalışmayıb, ikilikdə mübahisənin səbəbini aradan qaldırmağa səy etməlidirlər.

Ailə mübahisələrində hər bir halda hörmət pərdəsini sax¬lamaq vacibdir. Mübahisə vaxtı bir-birini acılamaq, alçatmaq, təhqir etmək yolverilməz haldır. Mübahisənin ən qızğın dəqiqələrində belə ər-arvad az müddət əvvəl münasibətlərin nə dərəcədə yaxşı olduğunu, birgə keçirilən xoşbəxt günləri unutmamalı və mübahisəni son həddə çatdırmamalıdır. Burada xalqın söylədiyi «savaşanda geri çəkilmək (yaxud barışıq) üçün yer saxla» fikrini xatırlatmaq pis olmazdı.

Dava-dalaş və münaqişəni sülhlə qurtarmaq üçün ən yaxşı vasitə kişinin və ya qadının özünə «bu gün səni narahat edən nədir?» sualını verib, vicdanla da bu suala cavab almaqdır. Bu zaman aydın olar ki, xörəyin duzunun çox olması, sadəcə olaraq idarədə müdirlə qanqaraldan «söhbətdən» sonra əsəbləri sakitləşdirmək üçün bəhanədir və o, nahaq uerə arvadının qəlbinə toxunmuşdur. Ailədə müxtəlif səbəblərdən baş verən mübahisə və münaqişələri (avtobusda xoşa gəlməyən konflikt, uşağın məktəbdə pis qiymət alması, televizorun xarab olması və s.) ər-arvad heç zaman savaşa çevirməməlidir. Çox vaxt mübahisəyə səbəb gənclərin subay vaxtından qalma vərdişləri olur. Vərdişlər müxtəlif ola bilər. Onlardan zərərsiz və asanlıqla tərgidilə bilənlərə fikir vermək lazım deyil, çünki belə vərdişlər birgə həyat tərzi nəticəsində unudulacaqdır. Ciddi, zərərli və müqabil tərəfə ziyan verən, onu əsəbiləşdirən adətləri isə tədricən tərgitmək lazımdır. Amma hansı adət olursa-olsun, onu birdən-birə tərgitməyi tələb etmək düzgün deyil. Bunun üçün müəyyən vaxt lazımdır. Bəzi gənc qadınlar «Əgər sən futbola gedirsənsə, siqaret çəkməyi tərgitmirsənsə, deməli, məni sevmirsən» deyirlər. «Ya sən tərgidəcəksən, ya da mən bu evdən gedəcəyəm». Məsələnin belə qoyulması qısa bir müddətdə münasibətlərin pisləşməsinə gətirib çıxarır.

Göstərilən bu səbəblər bəzən ailənin dağılmasına səbəb olur. Belə hallarda ərizədə ayrılmağın səbəbi qarşısında «Xasiyyətimiz uyğun gəlmədi» sözləri yazılır. Halbuki burada xasiyyət yox, tərbiyə əsas rol oynayır.

Yuxarıda qeyd etdik ki, konfliktləri yaradan səbəblərdən biri ər-arvad münasibətlərində etik normaların pozulmasıdır. Bu konfliktlərdə qısqanclıq, xəyanət xüsusi yer tutur. Qısqanclığın yaranmasının iki növü ən çox müşahidə olunur. Bunlardan birincisi özündə qeyri-sadiqlik, ailəyə xəyanət nəticəsində yaranan qısqanclıqdır. Özündə yaranan xəyanət meylinin olması hissini qarşı tərəfə də aid edir. İkinci aşılanmış qısqanclıqdır. Bu həyati təcrübədən yaranır. Öz valideynlərinin, dostlarının, tanışlarının ailəyə xəyanəti, ər-arvadın sadiq olmaması haqqında söhbətlər, bu haqda kinofilmlər, kitablar bəzi şəxslərdə «xəyanətsiz yaşamaq olmaz» təsəvvürü yarada bilər.

Qısqanclıq hissləri meydana çıxdıqda müəyyən bir nəticəyə gəlmək üçün ər-arvad tələsməməli, öz xasiyyətlərini düzgün qiymətləndirməli, müxtəlif dedi-qodulara, böhtanlara inanmamalıdırlar. Başqalarının səhvlərinə baxıb özləri də səhvə yol verməməlidirlər.

Ailə konfliktlərinin yaranma səbəblərindən biri də tələbatların, o cümlədən seksual tələbatların təmin olunmaması nəticəsində əmələ gəlir. Çox vaxt hətta bir-birini həqiqətən çox sevən ər-arvad bu mövzuda ümumi dil tapa bilmirlər.

Nikahda düzgün həmahəng cinsi əlaqə münasibətinin təşkil edilməsi, şübhəsiz ki, ər-arvadın hər ikisinin sağlamlığına, əhval-ruhiyyəsinə müsbət təsir göstərməklə, ailədə mənəvi atmosferi yaxşılaşdırır.

Ailənin təməlini möhkəmləndirən ən mühüm cəhətlərdən biri ailədə uşaqların olmasıdır. Uşaqlar ailədə qadını və kişini bir-birinə bağlayan əsas amillərdəndir.

Uşaqların tərbiyəsində cinsi tərbiyə böyük rol oynayır. Bu tərbiyəni tez başlamaq lazımdır. Uşaqlar tez-tez bu sözləri eşidir: «Sən oğlansan», «Sən qızsan». Cinsi tərbiyənin ümumiyyətlə, tərbiyə kimi nə şəkildə, nə həcmdə uşağa çatdırılacağı tərbiyəçi tərəfindən nəzərə alınmalıdır. Ailələrdə atanın hörmətinin nisbətən azalması, uşaqların cinsi tərbiyəsinə mənfi təsir göstərir. Qadının hakim olduğu ailələrin qızları analarının xasiyyətlərini özlərinə nümunə seçərək, gələcəkdə bu xətti yürütməyə çalışacaqlar.

Əksinə, ataların əzazil xasiyyətli olduğu ailələrdə uşaqlar qadının cəmiyyətdəki rolu barədə yanlış fikirdə olurlar. Qızlar ərlərirıin tələblərini qul kimi yerinə yetirir, oğlanlar isə qadına istismar obyekti kimi baxan kişilərə çevrilirlər.

Deyilənləri yekunlaşdıraraq qeyd edək ki, ər-arvadın xoşbəxt, sakit ailə həyatı yaşaması üçün aşağıdakı tövsiyələrə əməl etməsi lazımdır.
1. Eyni sözü, tələbi çox təkrar etməyin.
2. Bir-birinizi qısa müddətdə dəyişməyə (özünüzə oxşatmağa) çalışmayın. İllərlə qanına, canına hopmuş adətləri qısa müddətdə unutmaq, əl çəkmək çətindir. Bunun üçün vaxt tələb olunur. Xüsusilə uşaqların və başqalarının yanında bir-birini tənqid etdikdə, bu onların hər ikisini uşaqların nəzərində alçaldır.
3. Ər-arvad bir-birini qiymətləndirməyi öyrənməlidirlər.
4. Əq-arvad bir-birinə qarşı çox diqqətli olmalıdır.
5. Ər-arvad bir-birinə qarşı nəzakətli olmalıdır.
6. Ər-arvad yalnız yaxşını yadda saxlamalıdır, pisi unutmalıdır.

Bütün bu amillər nəzərə alındıqda ailənin təməlləri də möhkəm olur.

Ülvi Abdullayev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir