aile

Ailələrimizi sevgi və hörmət üzərində quraq

Baxış sayı: 1. 231

“Bir məmləkətin yüksəlişi ev və ailə məhəbbəti ilə bağlıdır” söyləyən ingilis yazarı Çariz Dirrens çox haqlıdır. Çünki, kiçik ailələr birləşərək, böyüyərək ellərin-obaların, böyük məmləkətlərin yaranmasına səbəb olur. Odur ki, olduqca müqəddəs olan ailə bəşər mədəniyyətinin başlanğıcı, ictimai həyatın əsasıdır. O, əsas sevgi ilə qurulur. Odur ki, ailənin təməl dayağı sevgidir. O, sevgi ki, safdır, təmənnasızdır. O, sevgi ki, heç nə onu məhv edə bilmir. Bax bu gün əksər gənc ailələrimizə belə təmənnasız sevgilər lazımdır.

Belə bir alman atalar sözü var: “Bir-birini sevən ər-arvad komada da xoşbəxt olar”. Unutmayaq ki, ailə fərqli dünyaların bir yuvada bir dünyaya çevrilməsidir, ürəklərin eyni ritmlə döyünməsi, üzlərin eyni təbəssümlə işıqlanması, bir-birinə sevgi telləri ilə bağlanması, bir-biri üçün darıxması, hər fədakarlığa hazır olmasıdır.

Hər il minlərlə, milyonlarla insan həyatda valideyn olur, lakin ən əsas, ümdə vəzifə isə bu uşaqları cəmiyyətə layiqli fərd kimi yetişdirməkdir. Uşaqlara önəm vermək, onları dinləmək, fikirləri ilə razılaşmaq hər bir vətəndaşın borcudur. Əgər ailədə bir-birinə sevgi olarsa, uşaqların da qəlbinə sevgi toxumu səpə bilərik. O zaman onlar bizim üçün çox sevimli, bizsə onlar üçün çox dəyərli olarıq. Övladlarımız qarşısında ən əsas vəzifələrimizdən biri də onlara hərəkətlərimizlə nümunəvi olmaqdan ibarətdir. Biz onların hansı sahədə qabiliyyətli olduğunu sezməli, onları elmə-sənətə yiyələnməyə sövq etməliyik. Çünki onlar bizim özümüzdən sonra qoyacağımız ən dəyərli mirasdır. Uşaqlar ata-ana sevgisi ilə bəslənir, böyüyürlər. Biz onları layiqli vətəndaş kimi böyütmək istəyiriksə, cəmiyyət üçün dəyərli insan olmasını arzulayırıqsa, dünyaya gəldikləri gündən bunun üçün şərait yaratmalıyıq.

aile

Valideyn kimliyindən asılı olmayaraq bəşər övladının yarandığı gündən sığınacağı kimi qəbul etdiyi varlıqdır. Ata və Ana! Valideynlər-varlıq səbəbi, rəhmət və bərəkət vəsiləsi, göz nuru, könül sirdaşıdır. Ər-arvad arasında olan ən gözəl münasibətlərdən biri də ailə dostluğudur. Ata-ana mehribanlığı uşaqların gələcək həyatında da özünü göstərir, onların bir-birlərinə münasibəti gələcək həyatlarında onlara çox təsir edir. Ona görə də çalışmaq lazımdır ki, hər bir yersiz hərəkətə, lazımsız söhbətlərə uşaqların yanında yol verməsin. Onlar başqa mühitdə-məktəbdə, işdə hətta gələcəkdə öz ailələri olanda belə valideynlərinin bəzi problemli hərəkətləri hafizələrinə həkk olunaraq qalır. Ona görə də uşaqlarla körpəliklərində uşaq, böyüdüklərində isə dost olmaq lazımdır. Əgər uşaq görürsə valideynlər bir-birinə can deyib, can eşidir o uşaq necə pis vərdişlər edə bilər? Uşaqların yanında hər xırda məsələni böyüdüb problemə çevirmək olmaz. Bu dostluq təkcə valideynlər arasında deyil, həm də övlad-valideyn münasibətlərində də olmalıdır.

Övlad öz valideynlik haqqını ata-anadan öyrənir. Ata-ana nə qədər anlayışlı, mülayim rəftar etsələr, övlad da mənəvi-əxlaqi dəyərləri, vəzifələri onlardan görüb-götürür. Uşaq anadan istiqanlılıq, mehribanlıq götürməklə yanaşı atadan da güc və qüdrətlilik dərsləri almalıdır. Mehriban ana uşağa nə dərəcədə təsir edirsə, güclü ata obrazı da o qədər önəmlidir. Deməli, ailə qarşılıqlı hörmət üzərində qurulubsa, onun təməli də möhkəm olacaq. Belə ailə uzun müddət xoşbəxt və qayğısız yaşaya biləcək. Lakin hörmət aradan götürüləndə ailə bağları qırılmaq təhlükəsi ilə üzləşir. İndiki zamanda ailələr arasında sonadək hörmət pərdəsinin saxlanması xeyli çətinləşib.

Unutmayaq ki, sevgi və hörmət üzərində qurulan ailədə daim qarşılıqlı anlaşma hökm sürər və çətinliklər yaşanmaz. Çünki problemlərin öhdəsindən gəlmək, sevən ailə üçün çətin deyil. Belə bir deyim var, dünyanı sevgi qurtaracaq. Bu, həqiqətdir.

Tarix boyu Azərbaycanda ailə müqəddəs hesab olunub. Qədim keçmişə malik xalqımızın tarixi qədər qədim dəyərləri də var. Bu dəyərləri xalqımız həmişə müqəddəs bilib qorumağa çalışıb. Bu gün bizim vətənə, əcdadlarımızın bizə miras qoyduğu dəyərlərə olan sevgimiz, hörmətimiz buradan qaynaqlanır. Bəs görəsən, tarixi köklərimizdən gələn bu xüsusiyyətləri kifayət qədər qoruya bilirikmi? Təəssüf ki, ailə institutumuz, ailə dəyərlərimiz əvvəlki kimi sağlam deyil. Tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayan və xalqımızın gələcək nəsillərə bəxş etdiyi ailə institutu aşınmaqdadır.

aile

Dahi Azərbaycan alimi Nəsrəddin Tusi özünün “Əxlaqi-Nasiri” əsərində yazır ki, insanlar tək yaşaya, inkişaf edə və kamala çata bilməzlər. Onların bir-birinə, bir ailəyə ehtiyacı var. Bir sözlə, qadınla kişinin bəzi istedadları yalnız ailə qurduqdan sonra lazım olan həddə çatır. Çünki insanın bir çox ehtiyacı ailədə təmin olunur.

Ailənin təşkilində ən əsas və ilk mərhələ düzgün niyyət və məqsədli addım atmaqdır. Buna görə də, müqəddəs ailə təməli qoymaq istəyənlər səmimiyyət və sədaqət yolunu seçməlidirlər. Qurulacaq ailə milli-mənəvi, dini-əxlaqi faktorlara söykənməlidir. Bəli, bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməli və necə bir insanla ailə həyatı quracağını müəyyənləşdirməlidir. Kiçik dövlət sayılan ailə insanlar arasında birinci ictimai formadır. Mənəvi emosional hisslər əsasında birləşmiş, insanların ümumi maraqlarını ifadə edən bu kiçik institut eyni zamanda güclü dövlətin, millətin təməlini təşkil edir. Ailənin gücü və mahiyyəti onun sosial birlik, kiçik sosial qrup kimi xarakterizə edilməsi ilə bağlıdır. Ailə millətimizin gələcək fərdinin formalaşdığı bir mühitdir. İnsanın real şəxsiyyəti ən bariz şəkildə ailədə formalaşır. Uşağa davranış qaydalarını mənimsədən, sosiallaşmasını təmin edən ilk məktəb də ailədir. Çünki ailənin quruluşu, təməl prinsipləri və fəaliyyəti cəmiyyətin fəaliyyəti ilə bir bütünlük təşkil edir.

Tarixdə əbədi izlər buraxmış böyük millətlərin ən üstün keyfiyyətləri sağlam bir ailə quruluşuna malik olmalarıdır. Ailədə hər kəs fərqli bir şəxsdir. Ancaq onları qan bağlılığı, ailə dəyərləri bir arada tutur.

Bir millət olaraq qarşılaşdığımız bu problemlərdən bizləri qurtaracaq çox yollar göstərilir. Amma fikrimcə, çağımızda bu problemin həll yolu istər millət olaraq, istərsə də ailə olaraq milli-mənəvi, dini-əxlaqi dəyərlərimizə sahib çıxmaqla olacaq. Çünki tarix səhnəsində ən uzun qalan dövlət və millətlər şübhəsiz bu dəyərləri ailə baxımından ən yaxşı şəkildə qoruyan dövlət və millətlər olmuşlar. Ailələr nə qədər xoşbəxt olsalar, millətimiz və dövlətimiz də o qədər güclü olar.

Ata oğul üçün ən ideal örnək, qız üçünsə əks cinsin ən yaxşısı təmsilçisidir. Amma bəzən görürük ki, uşaqlara qarşı çox diqqətsizlik olur, onlara biganə münasibət bəslənir…

aile

Uşaqlar valideynlərin sevinci, fərəhi, ailələrinin istiliyini daha da artıran ümidləridir. Bəs ailədə uşaqları tərbiyə edərkən onları bəzi xoşagəlməz vərdişlərə yönəlməməsi üçün sevgi, yoxsa qorxu ilə tərbiyələndirmək lazımdır? Hələ də elə ailələr varmı ki, ailədə sevgi ilə qorxunun yerini dəyişik salırlar? Uşaqları qorxudaraq tərbiyələndirmək deyil, onları olacaq mənfiliklərə sevgi, şirin dillə yox demək lazımdır. Uşaqlar sevgi ilə deyilən sözü, tənqiddən, qorxudan və tənqiddən üstün tuturlar. Valideynlər uşaqlara nə qədər sevgi ilə yanaşsalar, uşaqlar öz fikirlərini onlara daha açıq şəkildə deyər, valideynlərini özlərinə dost və sirdaş bilərlər. Təəssüf ki, cəmiyyətimizdə belə ailələr azlıq təşkil edir. Valideynlər bəzən öz sözlərini uşaqlara hökmlə, qorxudaraq, hədə-qorxu ilə tətbiq etmək istəyirlər. Bu da gələcəkdə uşaqların psixologiyasında özünün mənfi fəsadlarını göstərir. Uşağı təhdid etmək, ona yersiz halda qışqırmaq, günahlandırmaq kimi neqativ hallar yolverilməzdir. Bu uşaqların sinirinə əlbəttə öz mənfi təsirini göstərir. Uşaqlar sevildiklərini biləndə, hiss edəndə ki valideynləri onları necə böyük bir məhəbbətlə sevir , onda bunu gələcəkdə bunu öz ailəsində də tətbiq edir. Əks halda isə bu, ailədə başqa problemlərə, hətta faciəyə gətirib çıxara bilir…

Bu faciələri yaşamamaq üçün hər birimiz ailəmizə hər zaman sevgi toxumu səpək. O, sevginin ağuşuna bürünən vətənə layiq övladlar böyüdək, tərbiyə edək, onlarda gözəl xüsusiyyətlər aşılayaq!

 

Afaq Sadıqova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir