Bəzən tərəflər həyat yoldaşları ilə bağlı müəyyən problemlər yaşayırlar. Məsələn, həyat yoldaşlarının başına nə isə gələcək deyə narahat olur, nəticədə müəyyən səhvlərə yol verirlər. Əslində, tərəflərin həyat yoldaşları ilə bağlı narahatlıqları təbiidir. Ancaq bu narahatlıqlarda tarazlıq pozulduqda, bu, çox vaxt qarşı tərəfdə etirazlara səbəb olur. Nəticədə, ailədə tez-tez “Bu saata qədər harada idin?”, “Bu gün kimlərlə görüşmüsən?”, “Niyə evə vaxtında gəlmirsən?” kimi sözlər eşidilməyə başlayır. Tərəflərin bir-birilərinə bu cür suallar verməsi o qədər də qorxulu deyil. Ancaq suallar mütəmadi olduqda, tərəflərdə bir növ skeptisizim (şübhə xəstəliyi) hissləri baş qaldırır. Xüsusilə, burada qarşılıqlı ünsiyyətdə yol verilən səhvlər də böyük rol oynayır.
Həyat yoldaşının inamını itirdiyini düşünən tərəf tədricən gərginlik yaşamağa başlayır və bu gərginliyi bu və ya başqa şəkildə büruzə verir. Səbəbini soruşduqda isə bir qayda olaraq, “Sənə inanıram, ancaq ətrafındakılara yox” cavabını alır. Çox vaxt bu sualların yerini müəyyən məhdudiyyətlər də tutur. Məhz bu mərhələdə etirazlar başlayır və bu etirazlar ailədə yeni-yeni münaqişələrin əsasını qoyur. Bu cür münasibətlər kişilərdə olduğu kimi qadınlarda da özünü göstərir. Bütün hallarda nəticə ürəkaçan olmur.
Ailədə sevgi və hörmət aradan qalxır. Buna görə də, tərəflər qarşı tərəfə sual verərkən və ya münasibət bildirərkən diqqətli olmalıdırlar. Əgər hər hansı bir problem varsa, bir-birilərinə qarşı məhdudiyyətlər icad etmək əvəzinə həyat yoldaşlarının istəklərinə hörmətlə yanaşmalıdırlar. Bu məsələdə həyat yoldaşınızı tək qoymaq istəmirsinizsə, onunla bir yerdə olmalı və ya müxtəlif alternativlər təklif etməlisiniz. Ancaq bu halda siz həyat yoldaşınızı həm tək qoymamış, həm də ona qarşı olan etimadınızı qorumuş olarsınız.
Aydan Kərimli