Heç düşündünüzmü, ailənizin mərkəzində kim var? Siz, həyat yoldaşınız, yoxsa uşaqlarınız? Düzdür, çox vaxt ailənin mərkəzində atanın olduğunu düşünürlər. Ancaq bu gün bu rolu daha çox uşaqlara aid etmək olar.
Bəs ailənin mərkəzi nədir?
İlk növbədə onu deyək ki, ailənin mərkəzi ailə ilə bağlı qərarların qəbul edildiyi yerdir. Ümumiyyətlə, bu yerdə olan ailə üzvü müəyyən mənada ailəni idarə edir. Məsələn, əgər ailənin mərkəzində anadırsa, ailə ilə bağlı qərarları qəbul edən də, istər atanı, istərsə də uşaqları idarə edən də odur. Uşaqların gedəcəyi məktəbdən geyəcəyi paltara qədər, hara qonaq getməkdən harada istirahət etməyə qədər hər şeyi ana müəyyən edir. Ana ailənin mərkəzində olduqda uşaqlar söz hüququna malik olmadıqları üçün anadan asılı həyat sürürlər. Bu da təbii olaraq, onların şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərir.
Əgər ailənin mərkəzində atadırsa, ailəni ata idarə edir. Ancaq ata anaya birbaşa təsir göstərsə də, uşaqlar üzərindəki hakimiyyətini ana vasitəsilə həyata keçirir. Bu ailələrdə də uşaqlar söz hüququna malik olmurlar. Üstəlik, əgər ana təzyiq altındadırsa, bu, uşaqlara da öz mənfi təsirini göstərir.
Uşaqlara gəlincə, ailənin mərkəzində uşaqların olması son vaxtlar daha çox müşahidə olunur. Belə ailələrdə ilk baxışda valideynlər qərar qəbul etsələr də, əslində hakimiyyət uşaqların əlindədir. Belə ki, əgər bir qərar qəbul etmək lazımdırsa, ilk növbədə, onların vəziyyəti nəzərə alınır. Məsələn, ana yemək bişirəcəksə, uşaqların istəyinə görə bişirir, ata evə bir şey alacaqsa, uşaqların istəyinə görə alır və s. Bundan başqa, uşaqların psixoloji vəziyyəti də ailəyə birbaşa təsir göstərir. Məsələn, uşaqlar ailədə xoşbəxtdirsə, deməli, evdə əmin-amanlıq hakimdir. Gərgindirsə, deməli, evdəki atmosfer də gərgindir.
Bəs əslində necə olmalıdır?
Ailənin mərkəzində ailə üzvlərindən heç biri durmamalıdır. Yəni, evdə yeri gələndə uşaqlara, yeri gələndə ataya, yeri gələndə anaya görə qərar verilməlidir. Bəzən isə ailə üzvləri birlikdə düşünməli və birlikdə qərar qəbul etməlidirlər. O cümlədən, evdəki əmin-amanlıq bir ailə üzvündən asılı olmamalıdır. Nəticədə, bütün ailə üzvləri fəal olduqlarından onlara ailədə öz yerlərini tutmaq da asan olar.