Son illər ölkədə intihar halları çoxalıb. Ən ağrılı olan isə daha çox gənclərin və hətta uşaqların intihar etməsidir. Dünənə kimi yanında olan və şən əhval-ruhiyyə ilə seçilən ailə üzvlərinizdən, yaxud dostlarınızdan hər hansı biri bu gün yanınızda olmaya bilər. Üstəlik hansı səbəbdən intihar etdiyini belə bilmədən.Əslində bu cür intiharlar tez-tez baş verir. Hər nə qədər də ilkin mərhələdə intiharın hansı səbəbdən baş verməsi bilinməsə də bir müddət sonra bütün detallar üzə çıxır. Məlum olur ki, yeniyetmə ya ailəsi ilə münasibətlərini tənzimləyə bilmir, ya şəxsi məsələlərdə bir çıxış yolu tapmır. Bəs uşaqları necə tərbiyə etmək, onlara hansı aspektdən yanaşmaq lazımdır ki, hər hansı bir problem zamanı uşaq ölümə deyil, valideyninə üz tutsun? Belə ölümlərdən gəncləri qorumaq elə də asan iş deyil. Valideyn biganəliyi isə çətin olan vəziyyəti bir az da qəlizləşdirir. Psixoloq Qurban Talıblı da bu fikirdədir. Onun sözlərinə görə, bu gün gənclərin intiharının ilkin səbəbi mobil texnika, telefon, kompüterlər deyil. Onların valideynə ehtiyacı var. Elə bu boşluq da onların intihara sürüklənməsi üçün əla şərait yaradır: “Bütün canlıların onu yaradan, dünyaya gətirən özündən bir mərhələ böyük böyüyü var. Bu, heyvanlarda da belədir, insanlarda da, bitkilərdə də. Yəni, nəsil artırmaq “valideyn” adını qazanmaq üçün kifayət deyil. Əgər valideyn mənim heç bir problemimlə maraqlanmırsa, söhbət etmirsə, üzümə baxan kimi əhvalımın necə olmasını duymursa, sadəcə, yemək verib yatızdırmaqla işini tamamlanmış sayırsa, onun valideynlikdən xəbəri yoxdur. Hər kəs, hətta uşaq evindəkilər belə bir tikə çörək, yatmağa yer tapırlar. Onda nə üçün ana, ata, valideyn həsrəti çəkirlər? Deməli, ortada mənəvi boşluq var. Onu doldurmaq valideynin öhdəsinə düşür. O boşluğu əgər valideyn doldurmursa, ilk zərbədən uşaq özünü qorunmasız, tək hiss edir. Heç kimə lazım olmadığını düşünür və intihar üçün zəmin yaranır”.
Psixoloq deyir ki, yeniyetmələrin “beyni qan” vaxtlarında ölüm onlar üçün qorxulu olmur. Bir anlıq baş verən hadisədən sonra onlar ümumiyyətlə, heç nə hiss etməyəcəklərini düşünərək bu addımı atırlar. Ölümə isə “gülə-gülə” gedirlər. Elə bunun üçün də bu cür şən insanın nə üçün özünə qəsd etməsi valideyni dəhşətə salır: “Gəncin artıq 22-23 yaşı varsa və valideyn bu yaşa kimi onunla oturub söhbət etməyibsə, bundan sonra ondan dərdini paylaşmasını gözləmək gülünc məsələdir. Valideyn o zaman səhv edir ki, o bağça, məktəb yaşlarından övladını dinləmir. Valideyn üçün maraqlı gəlmir ki, o parta yoldaşı ilə bu gün hansı problemi yaşayıb. Elə bu yaşlardan ana-atasının onunla maraqlanmadığını görən uşaq “desəm də maraqlanmaz” prinsipi ilə susmaq yolunu seçir. Nəzərə alsaq ki, bu gün biz yaşlı insanlar da həyatdan bezir, “ucuz ölüm olsaydı” deyiriksə, 12-13 yaşlı uşaqdan hansı dözümlülüyü gözləmək olar? İlk mərhələdən, uşaq dil açandan ona qulaq asmaq lazımdır. Vərdiş halına salana kimi, “bu gün məktəbdə nə oldu” sualını vermək lazımdır. Sizi qane etməyən bir hadisə baş verən zaman təmkinlə yanaşmaq lazımdır. Qatar relsə düşən kimi, uşağı da daim bu rels üzərində saxlamaq gələcək təhlükəni qismən də olsa sığortalamaq deməkdir”.
Talıblının dediyinə görə, heç bir valideyn arxayın ola bilməz ki, onun övladı intihar etməyəcək. Nə də intihar dərəcəsinə çatana kimi dinləməyib bir söhbət ilə uşağın daxili dünyasını açmaq mümkün deyil. Övladını sevən və qorumaq istəyən valideynlərin tək çıxış yolu onlarla bol ünsiyyətdir. İstənilən mövzuda söhbət etməklə onlara valideyndən çox dost, rəfiqə olmaq o imkanı yaradacaq ki, övlad intihardan öncə valideyninə üz tutsun. Qorxmasın. Övlada əgər ətrafdakı insanlar bir zərbə vurursa, valideynlik borcunu yerinə yetirməyən ana-atalar beş zərbə vurmuş olur.
Günay Ramizqızı