Hafizə bütün prosesləri ilə birlikdə Allahın insana verdiyi böyük bir nemətdir. Yaddasaxlama və yadasalma qabiliyyəti olmazsa insan ömrü boyu heç nəyi öyrənə bilməz, yalnız instinktiv səviyyədə fəaliyyət göstərər, daima dünyaya yeni gəlmiş çağa kimi qalardı. Unutmanı isə biz çox vaxtı mənfi bir şey kimi qəbul etsək də, o, insan həyatının mənəvi cəhətdən mümkün olması üçün çox vacib prosesdir. Bütün hiss etdiyimiz ağrı və acıları, itirdiyimiz insanları, yaşadığımız stressləri unutmasaq yaşaya bilmərik. Qadınlar arasında məşhur söz əbəs yerə mövcud deyil: “Unutmaq olmasa heç bir qadın ikinci dəfə dünyaya uşaq gətirməz”. Lakin yaxşılıqları unutmaq da öz növbəsində nankorluğa gətirib çıxardır. Odur ki unutma prosesi bizim beynimizdə bir süzgəc kimi olmalıdır – pisləri o süzgəcdən keçirib, yaxşıları saxlamağı bacarmalıyıq.
Burada dayanıb hafizənin başqa mühüm prosesindən danışmaq istərdim. Xatırlama və xatirələrinsanın üzündə hərdən gülüşün hərdən də kədərin olmasına səbəb ola bilən proseslər. Hərdən bu bizimlə istəmədən baş verir – nəsə görürük, eşidirik və ağlımızda onunla bağlı xatirələr canlanır. Bəzən isə istəyərək edirik – öz-özümüzlə baş-başa qalıb xatirələrə dalmaq istəyirik. Lakin xatirələrin istifadə oluna biləcəyi üçüncü bir yer vardır ki, ona çox insan diqqət yetirmir – həyatımızda çətinlik çəkdiyimiz anlar. Bağışlamağa çətinlik çəkərkən, gülümsəməyə çətinlik çəkərkən, şükr etməyə çətinlik çəkərkən, təşəkkür etməyə çətinlik çəkərkən, sevməyə çətinlik çəkərkən və sair çox yerlərdə nəyisə xatırlamaq insana müsbət təsir edə bilir. Məsələn, sizə pislik edən insanın sizə vaxtilə etdiyi yaxşılıqları xatırlayın ki, bağışlaya biləsiniz. Pis gününüzdə yaxşı günlərinizi xatırlayın ki, şükr edə biləsiniz. Çətinlik zamanı qara buludların göy üzündə daim durmayacağını, mütləq bir gün günəşin çıxacağını xatırlayın ki, səbr edə biləsiniz. Yoldaşınızla aranızda soyuqluq hiss edərkən ona qarşı qəlbinizin bərk döyünən günləri xatırlayın ki, buzları əridə biləsiniz. Belə misallar çox çəkmək olar, lakin bir anaya dəstək ola biləcək mühüm misalı çəkmək istərdim – övladınıza qəzəblənərkən onu səbirsizliklə gözlədiyiniz 9 ayı, onu ilk dəfə qucağınıza aldığınız, iyini hiss etdiyiniz, titrəyərək öpdüyünüz ilk anları xatırlayın. Bilin ki, o, elə həmin körpədir. Sadəcə biraz böyüyüb və nə qədər böyüsə də, sizə o körpə kimi daima ehtiyac duyacaq. Bu ehtiyac yaşı çoxaldıqca nisbətən azalacaq, lakin yoxa çıxmayacaq. Babam 80 yaşında ağrı çəkərkən anasını xatırlayardı. O, bizim üçün baba olsa da, bir övlad kimi anasına ehtiyac duyan “yaşlı körpə” idi. Bilin ki, anasına qəsdlə pislik etmək istəyən uşaq yoxdur. Onlar ən aqressiv hallarında belə bizə qarşı sevgi ilə doludurlar. Elə aqressiyaları da çox vaxt sevgilərinə istədikləri cavabı ala bilməyəndə baş verir. Belinizin valideynlik yükü altında əyildiyini hiss edərkən bu yazdıqlarımı xatırlayın. Əgər bir kəsə valideyn olmaq nəsib olmuşdursa demək o, mütləq bu yükü daşımağa qadirdir. Bu sizin üçün şübhə doğurmayan həqiqətə çevrildiyi andan işiniz asanlaşar.
Uşaqlar inkişaf sıçrayışı və böhranlar adlanan mərhələlərdən keçərək böyüyürlər. Bu mərhələlər zamanı onlar ağlağan, sözəbaxmayan, agressiv ola bilirlər. Yadınızda saxlayın – bunlar hamısı keçib gedəcək, və nəticədə sizin qarşınızda ya inkişaf etmiş, özünəinamlı və sizə bağlı olan, ya da inkişafı ilə fərqlənməyən, özünə güvənməyən və sizinlə öz arasında sərhədlər qoyan övladınız duracaqdır.
Övladlarımız bizim əlimizdə xəmir kimidirlər – yoğurmağımızın nəticəsində nəyin alınacağını qabaqcadan fikirləşməliyik. Onların sizi, sizin də onları nə qədər çox sevdiyinizi daima xatırlamaqla özünüz-özünüzə yardımçı olun.
Xülasə:
Xatirələrlə bağlı aşağıdaki qaydalara diqqət yetirin və yadda saxlayın:
1. Pis xatirələri buraxın getsinlər – onlardan sizə xeyir gəlməz.
2. Səhvləri xatırlamaq yalnız onları təkrar etməmək üçün fayda verər.
3. (!) Keçmişi xatırlayaraq “filan şeyi belə etsəydim belə olardı” demək və heyfslənmək insanların etdiyi ən böyük xətalardandır.
4. Xoş xatirələri əzizləyərək yanınızda bir köməkçi tək saxlayın.
Hər bir anaya ən xoş dualarla..
Aygül İskəndərova