“Gencaile.az” “Musavat.com”-a istinadən daha çox “Keyxanım” obrazı ilə tanınan aktrisa, teleaparıcı Ülviyyə Əliyyevanın müsahibəsini təqdim edir.
– Komediya aktyorunun dramatik obrazda görmək həm təəccüb, həm də maraqla qarşılanır. Elə komediya aktyorları da çox zaman dramatik obraz həsrətində olduqlarını dilə gətirir. Ümumiyyətlə, komediyadan drama keçid necə alınır?
– Əslində komediya daha çətindir, yəni güldürmək asan deyil. Dramatik obrazın da öz çətinlikləri var, onun dərinliyinə varandan sonra artıq oynamağa başlayırsan. Dramatik əsərlərin həm də sarı simi var, tamaşaçı sarı simə yaxın olduğu zaman kövrəlib, ağlayır. Lakin dərdli insanı güldürmək, dərdini unutdurmaq daha çətindir, üstəlik əgər bu bayağı deyil, sağlam gülüşdürsə. Bəzən görürük ki, “qurşaqdan aşağı zarafatlar”la tamaşaçını güldürməyə çalışırlar. Şükür ki, bizim teatrda belə məqamlar yoxdur.
– Amma maraqlıdır, tamaşaçı Musiqili Komediya Teatrına gəlir və dram əsərini izləyir…
– Bəli. Ona görə də teatrımız artıq adını dəyişib və Musiqili Teatr adlanır. Bundan əvvəl də teatrımızda bir sıra dramatik əsərlər səhnələşdirilib. İndi hazırladığımı əsər 1918-ci illərə həsr edilib. Tamaşaçı Cumhuriyyətin yaradığını dövrü addım-addım izləyəcək, görəcək. Düşünürəm ki, bu tamaşa həm çox maraqlı, həm də vacibdir. Bildiyiniz kimi, bu il artıq Azərbaycan Cumhuriyyətinin yaranmasının 100 illiyidir. Uşaqlar, gənclər mütləq bu tamaşaya gəlib, baxmalıdır.
– Necə düşünürsüz, tamaşaçı daha çox komediyaya, yoxsa dramtik əsərlərə maraq göstərir?
– Hər ikisinə maraq var. Doğrudur, görürük ki, komediyaya, komedik filmlərə daha çox maraq var. Lakin əsasən bu günün əhvalından aslı olur. Yəni, tamaşaçı əhvalından aslı olaraq izləmək üçün ya komediyanı, ya da dramatik əsəri seçir. Lakin bizim indi hazırladığımız əsərdə həm dramatik, həm də romantik anlar, yumor çoxdur. Ümumiyyətlə əgər tamaşaya gəlib baxsaz görərsiz ki, bu tamaşa sanki filmə bənzəyir. Kadrlar film kimi dəyişir.
– Komediyalardan söz düşümüşkən, biz sizi yeni çəkilən komediya filmlərində görə bilmirik. Dəvət yoxdur, yoxsa…
– Bu, periodla bağlı məsələdir. Bir period var idi ki, mən sırf seriallarda görünürdüm, sonra isə komediyalarda. Məsələn, ötən il “Ər quyusu” komediya filmində iştirak etdim. Film həm tamaşaçılar, həm də tənqidçilər tərəfindən çox maraqla qarşılandı. Mətbuat da həmin ərəfələrdə bizə çox dəstək oldu, bizi diqqətsiz qoymadılar.
– Bəs jurnalistlərlə münasibətləriniz necədir? Adətən, bir çox hallarda sənətçi və ya sənətkarlar mətbuatdan qaçmağa çalışırlar…
– Mən heç vaxt tamaşaçıdan qaçmaram. Bəzən soruşurlar ki, “siz nə yaxşı sadəsiz?” Deyirəm ki, sadə olmayıb, necə olacam? Ulduzluq etməklə, nə əldə edəcəm? Belə bir deyim var, “Sirkə nə qədər tünd olsa, öz qabını çatladar”. Biz sənətçiləri biz edən tamaşaçıdır. Biz tamaşaçı üçün çalışırıq. Jurnalistlərlə münasibətə gəldikdə isə, hər zaman çox yaxşı olub. Hər zaman nə yenilik etmişəmsə, onlar mənim yanımda olub, dəstək veriblər, işim kənarda qalmayıb.
– Bir neçə il öncə Tünzalə, Dilarə, Ülviyyə Əliyevalar üçlüyündə idiz. Yenidən bu üçlüyü bir arada görə biləcəyik?
– Təəssüf ki, belə bir layihə yoxdur. Amma böyük məmnuniyyətlə yenidən bir yerdə olmaq istərdik. Biz bir-birimizi yaxından tanıyırdıq, aramızda heç bir qalmaqal, küsülülük olmayıb. Hərdən elə bilirlər ki, Tünzalə mənim baldızımdır, yaxud mən onun baldızıyam, ya da ikimiz də Dilarənin baldızlarıyıq (gülümsəyir). Amma heç bir qohumluq bağlılığımız olmasa da, ruhən çox yaxınıq. Ən çox yaxınlığımız isə “Üç bacı” serialında oldu. Həmin serialın çəkilişi zamanı demək olar ki, günün 18 saatı bir yerdə olurduq. İnşallah ki, o cür layihə olarsa, yenidən bir araya gələrik. Bu sualı bizə çox verirlər ki, “niyə bir yerdə deyislzi?” Doğrudan da bu çox gözəl trio idi.
– “Space” televiziyasındakı fəaliyyətiniz də davam edirmi?
– Bəli, 7 ildir ki, “Zəhmətkeş ulduzlar” el-el, oba-oba gəzir, kənd sakinlərinin qayğısını çəkir. Hər həftənin bazar ertəsi teatrın istirahət günü olur və mən də həmin gün rayonlara, çəkilişlərə gedirəm. Yəni, istirahətim olmur.
– Daha çox teleaparıcılıq, yoxsa aktrisalıq maraqlıdır?
– İkisi də… Bəzən deyirlər ki, “çox gəzən, çox bilər”. Bu iş də elədir ki, hələ də öyrənirəm.
– Siz özünüz də həm də zəhmətkeş aktrisasız. Tamaşaçılara məlumdur ki, siz artıq Kukla Teatrında da çalışırsız. Birdən-birə fərqli teatra keçid necə baş verdi?
– Mənim 30-dan yuxarı yaşım var, amma kukla teatrının tamaşalarını əzbərdən bilirəm. Kuklaları çox sevirəm.
– Amma kuklalarla işləmək texnikası daha çətindir…
– Mən əslində bunu bilmirdim (gülür). Tamaşalara çox böyük maraqla baxırdım. Onu da qeyd edim ki, bir neçə il ardı-ardına Milli Onkologiya Mərkəzində uşaqlar üçün tədbirlər aparırdım. Həm də bildiyiniz kimi Kukla teatrının nəzdində “Oyuq” studiyası var, onlarla birlikdə tədbirlərdə olurduq. Sonradan həmin tədbirlərdə Rəhman Rəhmanovun “Şəngülüm, Şüngülüm, Məngülüm” tamaşası da oynanılırdı. Kukla Teatrının rəhbərliyi təmənnasız olaraq bu tamaşanı təşkil edirdi. Həmin ərəfədə ağlıma gəldi ki, öz büdcəmlə mono tamaşa qurum, kuklarlar alım, dekor təşkil edim. Çünki aktrisayam, müğənni deyiləm ki, bir tədbirə gedəndə diskimi götürüb aparım. Fikrimi teatrın direktoru Rəşad Əhmədzadəyə bildirdim. O isə bildirdi ki, plandan kənar sənin üçün tamaşa hazırlayaraq, həm səhnədə oynayarasan, həm də sandığını yığıb istədiyin zaman uşaq evlərində, xəstəxanalarda uşaqlar üçün tamaşa təşkil edərsən. Beləliklə hər şey birdən-birə baş verdi. Səhəri gün mənə zəng etdilər ki, “nə zaman məşqə gəlirsən?” Sonradan bildim ki, kukla teatrı tamamilə başqa sfera, dünya imiş. Təsəvvür edin ki, əzələ yaddaşı ilə işləyirəm, bütün kuklaları özüm səsləndirib, özüm işləyirəm. Tamaşada 6 kukla, 5 obraz var. İnşallah ki, bu sınaqdan üzüağ çıxacağam.
– Burada həm də tamaşaçı da başqadır…
– Təbii ki, uşaqları aldatmaq qeyri-mümkündür. Yəni, əgər kuklanı oynadanda dirsəyin görsənirsə, deməli tamaşaçını itirmisən. Uşaqlar görəndə ki, kuklanın arxasında adam var, artıq inanmırlar. Mən kuklalarla işlədikdən sonra bütün bədənim, səsim ağrıyır. Təsəvvür edin, ana keçi, Şəngülüm, Şüngülüm, dəmirçi, canavar və üstəlik bir maska var. 6-cı obraz bizdə nağılçıdır. Bir səhnədə ana keçi, digər səhnədə isə maskamı çıxardıb, Şəngülümü, Şüngülümü oynayıram, sonra isə canvarı oynayıram. Bir səhnədə ana keçinin uşaqları ilə danışığı var. Eyni zamanda müxtəlif səslər, reaksiyalar verir, kuklaları oynadıram. Kuklalarla bu cür işləyin çətin olduğunu bilmirdim. Əgər bilsyədim, bəlkə də bu qədər ağır yükün altına girməzdim (gülür).
– Davam edəcəksiz?
– Görüm də, üzüm ağ çıxsa, təklif gəlsə, ondan sonra biləcəm ki, Kukla Teatrının pərdələri üzümə açıq olacaq, ya bağlı… (gülür)
– Hərdən sizi xınayaxdı məclislərində də görürdük. Hazırda vəziyyət necədir, dəvətlər alırsızmı?
– Bəli, yenə dəvətlər olur. Hamımız gedirik. Əlavə qazanc olmasa, dolanmaq çətindir. Bilirsiz ki, teatrın məvacibi çox azdır. Buna görə də əlavə qazanc yerimiz olmalıdır ki, dolana bilək. Çünki hər birimizin ailəsi, öhdəlikləri var. Bir məsələni də qeyd edim ki, heç zaman özünü xınataxdı məclisləri ilə reklam etməmişəm. Çünki bu, mənim əlavə qazancımdır. Əsasən sənətimlə yaddaşlarda qalmaq istəyirəm.
– Xınayaxdı məclislərində maraqlı olaylarla qarşılaşmısızmı?
– Olub. Bir dəfə bir xınayaxdı məclisinə dəvət almışdım. Bəy avstriyalı, qız isə İsmayıllı rayonundan idi. Bəy əvvəlcə məclisə şortikdə gəlmişdi. Daha sonra isə milli geyim geyindi. Qaynataya ingiliscə başa saldım ki, bizim adət-ənənyə görə “hakışta” deyilməlidir. O da, alman ləhcəsi ilə “nemeslər” kimi “raxışta!” deyirdi (gülür).
– Bizim bu adəti bəyəndilərmi?
– Əlbəttə, çox gözəl qarşılamışdılar.
– Beləliklə, iki teatr, efir, vaxt olanda xınayaxdı məclislərinə dəvət… Belə çıxır ki, şəxsi həyatınıza heç vaxt ayırmırsız?
– Şəxsi həyat dedikdə, yəqin, bilrisiz ki, hələlik ailə həyatı qurmadığımdan bu qədər yükün altına girirəm.
– Amma sanki heç özünüzü düşünmək istəmirsiz?
– Yox, düşünmək və ya düşünməməklə bağlı deyil. Əgər vaxtı, zamanı, vədəsi gəlibsə, qismətində varsa, qarşına çıxan olur və sən ona nə “hə”, nə də “yox” deyə bilirsən, vəssalam, düşürsən o insanın arxasınca, həyatını yaşayırsan. Yəni, “xoşbəxtlik çayına qızılgül ləçəyi kimi düşürsən” və çay səni hara aparırsa, onun axarı ilə gedirsən.
– Yəqin ki, bu “xoşbəxtlik çayı”na düşdükdən sonra işlərinizin bəzilərini ixtisara salacaqsız…
– Bu “xoşbəxtlik çayı”na düşmüşəm (gülümsəyir), sağlıq olsun. Hazırda isə subay olduğum üçün bu qədər yükün altına girmişəm. Təbii ki, ailəm olduqdan sonra yükümü azaldacam. İstəyərəm ki, ömrümün əsas hissəsini ailəmə, övladlarıma həsr edim. Bəziləri deyir ki, sənətçidirsə, karyerasını üstün tutub gedəcək. Lakin insana qalan onun ailəsi olur. Bəzən görürük ki, karyerasını üstün tutub subay yaşayıb, qocalan insanlar sonra peşiman olur, düşünür ki, kaş ailəm olardı.
– Son zamanlar ömrünün sonuna qədər tənhalığı seçən sənətçilərin öz evlərində tənha, heç kəsin xəbəri olmadan dünyasını dəyişdiyinin şahidi olduq…
– Mən tənhalıqda qalmaq istəmərəm. Arzulayıram ki, yuvam, ailəm olsun, uşaqlarımı bağçaya, məktəbə özüm aparım. Evimin həm xanımı, həm aşbazı olum…
– Beləliklə, xoşbəxtliyi nədə görürsüz?
– Hər şeydə… Hər günümü son günüm kimi yaşamağa başlamışam. Çünki insan bəzən əlində olanlarının dəyərini, qədrini bilmir. Məsələn, insan xəstə olduğu zaman anlayır ki, sağlam olmaq əslində böyük xoşbəxtlikdir. Allah mənə hər şeyi daddırıb. Yəni, özümlə üz-üzə gəlmişəm, sağlamlığımda problemlər olub, ən yaxınımı itirmək qorxusunu yaşamışam, buna görə də hər şeyin qədrini bilirəm. Əgər mənim iki anam və iki atam yanımdadırsa, sağlamdılarsa, mən sağlamamsa, özüm öz ayağım üstündə dayanıramsa demək xoşbəxtlikdir.
– Niyə iki ana, iki ata..?
– Zamanında bibimin övladı olmayıb, məni övladlığa götürüblər. Ona görə də iki ana və iki atanın sevgisi ilə böyümüşəm.
– Müsahibədən öncə sizin yaxın dostlarınızla söhbətləşmək imkanımız oldu. Dedilər ki, “Keyxanım” kimi Ülviyyə xanım da bəzən deyilənləri unudur, bir sözü iki dəfə demək məcburiyyətində qalırıq…
– (Təəccüblənir). Kim dedi? Yox, əslində belə deyil. Mənim beynim demək olar ki, hər zaman işləyir. Ola bilsin ki, üzləri və ya adları unuda bilərəm. Amma 20 ildir ki, teatrda çalışıram, bu ərəfələrdə oynadığım bütün obrazlar, səhnələr hamısı yadımdadır. İnşallah ki, bu, sona qədər davam edər. Yox, unutqanlığım yoxdur…