xeyanet

Aldatma genetik keçirmi?

Baxış sayı: 1. 946

“Aldatma ailə dağıdarmı”, “Yalnız kişilərmi aldadır” kimi suallar uzun zamanlar psixoloqların və sosioloqların diqqət mərkəzində olub. Əslində aldadılmaq qadının da, kişinin də ən qorxulu yuxusudur. İnsanlar münasibət qurarkən, ailə həyatına qərar verərkən də “aldadılmaq” qorxusunu unuda bilmirlər. Bəzən elə bu qorxu ailənin dağılmasına, münasibətlərin pozulmasına gətirib çıxarır.

Amerikalı sosioloqlar aldadılmanı yol qəzasına bənzədirlər. Onlar hesab edirlər ki, hər bir qəzanın səbəbi olduğu kimi aldadılma hekayələrinin də ciddi bir səbəbi var. Və burada günah təkcə aldadan tərəfdə deyil, aldadılan tərəfdə də olur. Yəni heç bir hadisə birtərəfli baş vermir. Əhəmiyyətli olan bu qəzadan sonra hər iki tərəfin “mən niyə aldandım”, “Mən niyə aldatdım” sualları üzərində düşünməsidir. Bu suallara cavab tapan insanlar gələcək münasibətlərdə bir daha aldanmırlar. Çünki hər kəs öz səbəbini, öz çatışmazlığını, ona nəyin lazım olduğunu bilmiş olur.

Aldatma münasibətlərdə çox müşahiə edilən bir haldır. Çünki bütün qadağan edilənlər və təhrikedicilər daha cazibədar olur.

xeyanet

Psixoloq Nigar Məmmədovanın sözlərinə görə, aldatma da bir çox xüsusiyyətlər kimi genetik keçir. Yəni aldadan şəxsin atası və ya anası aldadıbsa, bunu nə vaxtsa övlad da edəcək. O, aldatmaya əxlaqsızlıq kimi yanaşmağı düzgün hal saymır: “Ümumiyyətlə, terapiyaçılar belə hallara hekayə-hadisə kimi baxırlar. Əgər bir terapiyaçı ona aldatdığını və ya aldadıldığını danışan birinə “düz etmirsən” deyirsə, deməli, o da baş verənlərə daxil olur. Kənardan dəyərləndirmə verə bilmədiyi üçün belə terapiyaçıya qulaq asmamaq məsləhət görülür”.

Aldatma təkcə fiziki yox, romantik və ya zehni də ola bilər. Evli insanların bir başqası ilə cinsi əlaqə yaşaması cinsi aldatma, birini sevərkən digəri ilə romantik münasibət yaşama isə romantik aldatma kimi qəbul edilir. Bir başqasının xəyalı ilə yaşamaq belə aldatmadır.

Həmsöhbətimizin dediyinə görə, aldatma qadın və kişinin romantik əlaqələrinin ödənilməsi, bəzən macəra yaşamaq duyğusu, bəzən cinsi əlaqə, bəzən isə psixoloji vəziyyətlə əlaqəli baş verə bilər. “Aldatma hər zaman olub və olacaq. Bunu da belə qəbul etmək lazımdı”.

Əvvəllər çox zaman kişinin aldatması hadisələrinə rast gəlinirdisə, indi qadınlar da aldadır: “Kişilər aldatdığı zaman ailəyə diqqətsiz olurlar. Özlərinə baxmağa, daha çox diqqət etməyə başlayırlar. Özlərinə yeni geyimlər alır, tez-tez duş qəbul edir, məşq etməyə başlayır və ya dieta saxlayırlar. Qadın aldatdığı zaman isə cəmiyyətin təzyiqini düşündüyü üçün daha diqqətli olur. Ona görə də aldadan qadınlar daha həyəcanlı olurlar. Qadınlar kişilərdən fərqli olaraq, aldatdığı zaman güclü sevgi, romantika, dəyərgörmə axtarırlar. Və kişilərdən fərqli olaraq istədiklərini tapdıqlarında yaşadıqları partnyorlarını tərk edirlər. Qadın həyatında özünü bədbəxt və narahat hiss etdiyi zaman axtarışa başlayır. Kişi isə özünü subut etmək, həyəcan yaşamaq istəyindən irəli gəlir”.

Aldanma həm qadına, həm də kişiyə çox böyük təsir edir. Qadınlar bunu hiss etdikləri zaman münasibətlərə göz gəzdirməyə başlasalar da, günahkar axtarışında olsalar da, dövrümüzdə kişilərin reaksiyası daha kəskin olur. “Belə ki, kişilər aldadıldığından şübhə belə etdiyi zaman daha aqressiv davranışlar göstərirlər. “Sən qadınsan, sənə olmaz”, “Nəyin çatmır?” və s. kimi sözlərlə özünə haqq qazandıran kişi qadından şübhələndiyi halda çox zaman araşdırmadan, bilmədən zorakılığa əl atır. Buna ölkəmizdə günbəgün artan qadın cinayətlərini misal göstərmək olar”.

Müsahibimiz bildirir ki, aldatmanın qarşısını almaq mümkün deyil. Bu, insanın daxilindən gəlir. Bunun üçün nə dərman, nə də hər hansı vasitə yardım edə bilməz. Aldanan da, aldadan da başına gələnlə razılaşmalıdır.

 

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir