“Təhsil haqqında” qanuna dəyişikliklər ediləcək. Diqqətçəkən dəyişikliklərdən biri ali təhsil müəssisələrinin abituriyentlərin qəbul prosesində birbaşa iştirak etməsi ilə bağlıdır. Belə ki, Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi qəbul imtahanlarından uğursuz nəticə əldə edənlər universitetlərin nəzdində fəaliyyət göstərəcək kurslara yazılaraq universitet daxili imtahanlarla həmin universitetlərə qəbul olunacaqlar.
Qeyd edək ki, dəyişiklik Milli Məclisin iyunun 13-də keçiriləcək növbədənkənar iclasında müzakirəyə çıxarılacaq.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə bildirib ki, dəyişikliyə görə, universitetlərin nəzdində müvafiq hazırlıq kursları yaradılır və bu hazırlıq kursları vasitəsilə bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək. A.Mollazadə kursların ödənişli nəzərdə tutulduğunu deyib.
Deputat dəyişikliyin əleyinə olduğunu vurğulayıb: “Bu dəyişiklik imtahandan uğursuz nəticə əldə edən insanlar üçün universitetlərə qəbul olmaq imkanı yaradır. Mənə elə gəlir ki, bu dəyişiklik ali məktəblərin təhsil səviyyəsini aşağıya endirir. Ona görə də bu dəyişikliyin əleyhinəyəm”.
Təhsil sahəsi üzrə ekspert Şahlar Əsgərovun bildirdiyinə görə, ötən ilin 60-cı illərdə universitet nəzdində belə hazırlıq fakültələri fəaliyyət göstərirdi: “Fəhlə və kəndli gənclər ali məktəbə daxil olmayanda, eyni zamanda, sovxozların, zavodların göndərişi əsasında universitetlərdə hazırlıq kurslarında oxuyurdular. Hazırlıq kursunda oxuyan həmin gənclər sonra imtahan verib institutlara qəbul olurdular. Rusların gözəl bir sözü var: “Yaxşı yaddan çıxmış, ən yaxşı yenilikdir”. İndi universitetdaxili hazırlıq kursları yaxşı yaddan çıxmış təcrübədir və bunu yenilik kimi qəbul etsək, faydası olacaq” deyən Əsgərov gənclərin hazırlıq kurslarına cəlb olunması və sonra daxili imtahanlarla universitetlərə qəbul olmasını müsbət hal kimi dəyərləndirir. Müsahibimiz hesab edir ki, bunun nəticəsində ali məktəbə daxil olmaq istəyən gənclərin bir hissəsi də artacaq. “Əgər 10 il bundan əvvəl ali məktəblərə 24 min nəfər qəbul olurdusa, indi bu rəqəm 40 minə çatıb, bu dəyişiklik əsasında isə bir qədər də artacaq”.
“Təhsil haqqında” qanunda nəzərdə tutulan dəyişikliyi əhəmiyyətli sayan Ş.Əsgərova görə, bunun zərərli bir tərəfi yoxdur. Dediyinə görə, amma bunun tətbiqi üçün lazımi infrastruktur olmalıdır. “Ən azı auditoriya, müəllimlər, metodik vəsaitlər, proqramlar lazımdır, böyük işlər görülməlidir. Hər halda, təhsil üçün görülən iş alqışlanmalıdır”.
Ş.Əsgərov qeyd edib ki, universitetdaxili imtahanla qəbul gənclərin təhsil dalınca xaricə axınının qarşısını tam almasa da, müəyyən qədər ala bilər: “Gənclər təhsil almaq üçün xaricə ona görə üz tutmurlar ki, ora xaricdir. Xaricə axın ona görə var ki, orada təhsilin keyfiyyəti yüksəkdir. Universitet daxili kurslar sayəsində xaricə getməyin qarşısının alınması düşünülürsə, birincisi, təhsilin keyfiyyəti qaldırılmalıdır”.
Ekspertin dediyinə görə, Gürcüstanda, Ukraynada, Türkiyədə əksər universitetlər imtahansız ali məktəblərə qəbul elan edir. “Gənclərin təhsil dalınca xaricə axının bir kökü də budur. Amma bu, keyfiyyətsiz ali təhsil almaqdır. Keyfiyyətli ali təhsil almaq üçün qərb ölkələrinə gedirlər. Keyfiyyət uğrunda gedənlər yenə gedəcəklər. Bunun qarşısını almaq üçün Azərbaycanda gənclərin keyfiyyətli təhsil ala bilməsini təmin etmək lazımdır. Bir çox universitetlərimiz artıq bu işdə kifayət qədər uğurlu addımlar atıb. Yerdə qalan universitetlər də bu addımı atsalar, keyfiyyətli təhsil üçün xaricə axının da qarşısını kifayət qədər almaq olar”.
“Orta məktəblərin nəzdində məktəbəqədər hazırlıq kursları fəaliyyət göstərirsə, niyə universitetlərdə ali təhsil müəssisələrinə hazırlıq kursları fəaliyyət göstərməsin?” Bu sualı isə təhsil sahəsi üzrə ekspert Nadir İsrafilov verir. Onun sözlərinə görə, onsuz da əksər valideynlər ali məktəblərə hazırlıq məqsədilə müxtəlif kurslara, repetitor xidmətlərinə müraciət edir. “Bilavasitə universitetin nəzdində hazırlıq kurslarının təşkil olunması ən optimal variantdır. Bunun bir müsbət tərəfi ondan ibarət olacaq ki, məzun vaxtından səmərəli istifadə edəcək. Ali məktəbə qəbul olmadıqda, universitet daxilində kursa gedərək həm də özünə məşğuliyyət tapacaq. İkincisi, əvvəlcədən universitet mühitinə alışacaq. Üçüncüsü, universitetin maddi məsələləri həll olunacaq. Bu kurslar ödənişlidir. Təhsilin əlçatan olmasını arzulayırıqsa, o ödənişlərin də əlçatan olmasını təmin etməliyik”.
Onun sözlərinə görə, universitet nəzdində hazırlıq kursları təşkil olunsa, burda hərbi çağırış məsələsinin necə olacağı məsələsi ortaya çıxır. “Orta məktəbi bitirdikdən sonra məzunlar hərbi xidmətə cəlb olunur. Yaş hədləri çatanlardan kimsə gedib hazırlıq kursuna görə ödəniş edibsə, onun hərbi xidmət məsələsi necə həll olunacaq? Bakalavrlara verilən hərbi xidmətdən möhlət hüququ hazırlıq kurslarına yazılanlara da veriləcəkmi?”
Kursları bitirənlərin birbaşa imtahansız qəbul olunmasına gəlincə, İsrafilov bildirib ki, kursda oxuyanların hamısının universitetə qəbul olunması yaxşı qarşılanmaz: “İmtahansız ali təhsil müəssisələrinə qəbul müsbət nəticə verə bilməz”.
Universitetdaxili qəbul imtahanlarının keçirilməsi qaydalarının vacibliyini vurğulayan həmsöhbətimiz deyib ki, imtahanların test və ya şifahi, yazılı formada olması dəqiqləşdirilməlidir: “Test məsələsi ən geniş müzakirə olunan məsələdir. Testlərə birmənalı yanaşma da yoxdur. Test məntiqi təfəkkürün inkişafına xidmət edir. Amma bir tərəfdən də yazılı və şifahi imtahandan imtina etməyimiz tələbələrin yazı vərdişlərindən, nitq qabiliyyətindən, mədəniyyətindən məhrum olunmasına gətirib çıxarıb. Lakin bununla bağlı məktəblərdə müəyyən qədər iş gedir. Orta məktəblərdə yazı qabiliyyətinin inkişaf etdirilməsi üçün esse imtahanları daxil olunub. Ali məktəblərdə testlə yanaşı yazılı və şifahi imtahanlar da keçirilir. Ödənişli kursların açılmasını alqışlayıram, amma bunun işlək mexanizmləri olmadan effektindən danışmaq olmaz. Universitet daxili qəbul imtahanı həyata keçirilərsə, bunun bütün detalları nəzərə alınaraq optimal model qəbul olunmalıdır”.
Aynurə MƏMMƏDOVA