masin

Alıcılar diqqətli olsunlar: “Suda batan, mənşəyi bilinməyən maşınlar gəlir”

Baxış sayı: 1. 261

“Taksi fəaliyyətinin genişlənməsi və sərnişinlərin komfortlu avtomobillərə üz tutması səbəbilə lazım olan maşınların idxalı da artıb”.

Bu sözləri tanınmış avtomobil eksperti Elməddin Muradlı ölkəyə ən çox idxal olunan markalardan danışarkən dedi.

Dövlət Gömrük Komitəsinin açıqlamasında ötən il ölkəyə 47 min 710 avtomobil idxal olunduğu bildirilir. Onların 43 min 156-sı əsasən, adamların daşınması üçün nəzərdə tutulan minik maşınları və ya motorlu nəqliyyat vasitələridir. Ancaq məsələnin maraqlı tərəfi ölkəyə ən çox hansı markaların idxal olunmasıdır.

2019-cu ildə ölkəyə yeni marşrut avtobuslarının gətirildiyini deyən Elməddin Muradlı, əsasən, taksi fəaliyyəti ilə bağlı daha çox ekonom və komfortlu maşınların gətirildiyini deyib:

“Son illər ölkəyə gətirilən nəqliyyat vasitələrinin sayında artım müşahidə olunur. Bu avtomobillər arasında avtobuslar, mikroavtobuslar, yük avtomobilləri də öz yerlərini tutur. Ötən il prezidentin göstərişi ilə Türkiyədən 300 yeni avtobus dövlət səviyyəsində gətirildi. Bundan əlavə, daşıyıcı şirkətlər də öz avtobuslarını yenilədilər. Çoxlu sayda yeni yük avtomobilləri də ölkəyə gətirilib. Həmçinin taksi fəaliyyətinin geniş yayılması ilə əlaqədar, daha ekonom və komfortlu avtomobillərə ehtiyac olur. Sərnişinlərin yeni və rahat maşınlara daha çox üz tutması səbəbilə sürücülər də yeni avtomobil almağa məcbur olurlar. Buna görə də, taksi xidməti üçün lazım olan avtomobillərin idxalı da artıb”.

Ekspert dünyaca brend markalara daha çox maraq olduğunu və rüsumların azaldılmasının vacibliyini qeyd edib:

“Hibrid avtomobillərin də Azərbaycana idxalında artım var. Xüsusən, taksi sürücüləri hibrid avtomobil olan “Toyota Prius” almaqda maraqlıdırlar. Təəssüflər olsun ki, mənşəyi məlum olmayan, hansı ölkədə başına nə gəldiyi bilinməyən, suya düşən, şüalanmaya məruz qalan avtomobillər hələ də Azərbaycana gətirilir. Amma inanıram ki, gələcəkdə gömrük rüsumları, aksiz vergisi azaldıqca həmin avtomobillərin yenisini gətirə biləcəyik. Bir çox avtomobillərin satışı yaxşı gedir. Xüsusən, Çin istehsalı olan “Shangan” və digər modellər yaxşı satılır. “Hyundai”, “Toyota”, “Subaru”, “Mercedes”, “Honda”, “Mitsubishi” kimi avtomobillər Azərbaycan yollarında öz möhürünü vurub. Buna görə də, sürücülərin həmin avtomobillərə böyük marağı var. Lyuks avtomobillər arasında “Porsche” son illər yeni modellərini nümayiş etdirib. Həmin modellər həvəskarların rəğbətini qazanıb. “Porsche”nin də artıq hibrid modeli satışdadır. Adlarını çəkdiyimiz modellərə daim ölkədə maraq olub. Ümid edirəm ki, dövlət avtomobil parkının yenilənməsi üçün lazımi tədbirlər görəcək. Rüsumlara yenidən baxılsa, aksiz vergisi azalsa, əhali də yeni avtomobillər alıb gətirəcək”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir