Bu ilin 6 ayı ərzində 5 min valideyn aliment ödəmədiyinə görə axtarışa verilib, 1000-ə yaxını isə həbs edilib. Bu barədə Ədliyyə Nazirliyinin məlumatında deyilir. Əslində bu, kiçik rəqəm deyil. Azərbaycanlı atalar niyə öz doğma övladlarına qarşı laqeyd olub? Məsələdə erkən evliliklərin rolu neçə faizdir? Başqa amillər nə dərəcədə rol oynayır? Təbii ki, problem boşanmalara birbaşa bağlıdır. Hərçənd ölkədə rəsmi nikahdan kənar doğulan uşaqlara görə aliment problemi də az deyil. Bəs çıxış yolu nədədir? Ailə dəyərlərimiz niyə aşınır?
Qeyd edək ki, bu ilin ilk dörd ayında 18 506 nikah və 5 043 boşanma faktı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən nikahların sayı 4,5-dən 5,6-ya qədər artıb, boşanmaların sayı isə azalaraq 1,6-dan 1,5-ə düşüb. İki gəncin bəzən ani və keçici hislə qurduğu ailə, elə eyni minvalla da sonlanır. Ailə münasibətlərinin sonlandırılması zamanı ən çox mübahisə predmeti olan isə alimentlə bağlı öhdəliklərdir.
“Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, aliment rəsmi, qeyri-rəsmi nikah məsələsi kimi bölünməməlidir: “Çünki bizim qanunlarımıza görə hazırda boşanmadan öncə aliment tətbiq edilir. Ona görə ayrı yaşamağa başlanılan bir gündən bu rəqəmlər hesablanır. Hesab edirəm ki, bu məsələdə insanların məsuliyyətsizliyi, laqeydliyi o səbəbdən qaynaqlanır ki, ailələr qurulan kimi dağılmağa meyllənirlər. Tərəflər bir-biri ilə yola getmək fikrində olmurlar. Sanki boşanmaq üçün evlənirlər. Bəzən uşağın doğulmağını gözləmədən belə tərəflər ayrılığa meyllənir, boşanma üçün müraciət edir. Hətta boşanma üçün müraciət etmədən belə aliment tələb edə bilirlər. Çünki aliment ayrı yaşamağa başlanan gündən hesablanır. Təəssüflə qeyd edim ki, aliment almaq məqsədilə dünyaya uşaq gətirən qadınlarımız da var. Sonrasını düşünmürlər. Tutaq ki, aliment minimum istehlak meyarına görə təyin olundu. Amma dünyəvi bahalaşmanın, yaşam şərtlərinin bu qədər sərtləşməsinin fonunda bir alimentlə uşağın xərclərini qarşılamaq mümkün deyil. Bu halda qarşıya çox çətinliklər çıxır və ana bunun öhdəsindən gələ bilmir. Bu halda yenidən məhkəməyə alimentin miqdarının artırılması üçün müraciət edir. Bu zaman qarşı tərəflə məhkəmə çəkişmələri baş verir. Aliment verən çətinliyə düşür, bəzən imkanı olmur. Bəzən imkanı olduğu halda sırf bir-birilərinə inad olaraq aliment verməkdən imtina edir. Ümumilikdə, tanınmış simaların da aliment verməkdən imtina etdiyini görürük. Ona görə hesab edirəm ki, bu, fərdi məsuliyyətə bağlı olan bir məsələdir. Əgər valideyn övladının gələcəyini təmin etmək niyyətindədirsə, uşağın böyüməsində onun rolunun olmasını istəyirsə, bunu hər hansı yolla həyata keçirəcək. Həbs olunanlar ödəmək niyyətində olmayanlardır”.
Sosioloq alimentin ödənilməməsinin digər səbəbini də xüsusi vurğulayır: “Təəssüflə qeyd edirəm ki, alimentlərin ödənilməməsinin bir səbəbi də çəkişməli boşanmalardır. Tərəflər bir-birilərinə qarşı olmazın ifadələr işlədirlər. Məhkəmə salonlarında elə ayrılırlar ki, yenidən görüşüb barışmağa, övladları üçün bir araya gəlməyə üzləri olmur. Boşananda elə boşanmaq lazımdır ki, övladın gələcək həyatında mənfi iz qoymayasan. ”Ata-ana olaraq bir-birimizdən boşanırıq, övladımızdan deyil” düşüncəsində olmalıdırlar. Tərəflərin bir-birindən xoşu gəlmirsə, övladının alimenti üzərindən qisas almamalıdır. Hesab edirəm ki, alimentin təyin olunması, ödənilməsi sistemində elə bir mexanizm işlənməlidir ki, nə uşaq üçün problem yaransın, nə də qarşı tərəf zərər görsün. Problemlərdən biri də ödəmənin nağd edilməsi zamanı yaşanır. Ata keçmiş həyat yoldaşına etibar edir, nağd ödəniş edir, bəzən çeki atır, saxlamır. Ata arxayındır ki, ödəyir. Lakin bir müddət sonra məhkəmədən çağırış gəlir ki, bir ildir aliment ödənilmir. Halbuki ata ödəyib. Sadəcə, aliment hesabına yox, kart hesabına, yaxud da nağd şəkildə verib. Bundan sui-istifadə edən qadınlar var, alimenti aldıqları təqdirdə, almadıqlarını deyirlər. Çünki qarşı tərəfin sübutu yoxdur. Atalar bununla bağlı məlumatlandırılmalıdır ki, ödənişi yalnız rəsmi formada həyata keçirsinlər”.
Vəkil Cavid Ağayev qeyd edir ki, Ailə Məcəlləsinə görə nikah pozulduqdan sonra keçmiş arvadın aliment tələb etmək hüququ vardır: “Eyni hüquq keçmiş ərə də şamil olunur. Lakin ölkəmizdə bu hüquqdan daha çox qadınlar istifadə edir. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Nə zaman zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir: hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad). Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir”.
Yada salaq ki, bütün bu məsələlərin tənzimlənməsi ilə bağlı müxtəlif qurumlar, ekspertlər tərəfindən Aliment Fondunun yaradılması təklif edilmişdi. Ötən il hətta Ombudsman Aparatı da Aliment Fondunun yaradılması təklifi ilə çıxış edib. Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində bildirilib. Qeyd olunub ki, uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi alimentin dövlət tərəfindən (sonradan borcludan məcburi qaydada alınması şərti ilə) ödənilməsi üzrə mexanizmi (Aliment Fondunun) yaradılmalıdır. Amma bütün bu təkliflərə baxmayaraq sözügedən fondun yaradılması məsələsi indiyədək yubanır.
Yeri gəlmişkən, əgər belə bir fond olarsa, dövlət aliment kəsildiyi andan onun ödənilməsini fond hesabına təmin edə, daha sonra aliment verən şəxsdən həmin ödənişi ala bilər. Belə olan halda, məhkəmə qərarlarını icra etmək üçün məsul olan qurumun da fonda vəsaitin toplanması üçün daha kəsərli tədbirlər görməsi və qanunvericiliyin imkanlardan maksimum istifadə etməsi daha məntiqli görünür.
Qeyd edək ki, Ailə Məcəlləsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bu miqdarda aliment tutulur- 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı.
Afaq MİRAYİQ