“Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi payız sessiyası ilə bağlı qanunvericilik iş planına təkliflər hazırlayıb. Həmin təkliflər komitənin sentyabrın sonlarında keçiriləcək iclaslarında təsdiq olunacaq. Həmçinin, komitənin üzvləri tərəfindən digər yeni təkliflər də hazırlanaraq, Milli Məclis Aparatına təqdim olunub”. Bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib.
Komitə sədri təklif olunan məsələləri də qeyd edib:
“Azərbaycanın Ailə Məcəlləsi var və çox da mükəmməldir. Ancaq ailə anlayışı orada yoxdur. Zamanın tələbinə uyğun olaraq hər bir qanunvericilikdə dəyişikliklər və uyğunlaşdırma olur. Təklif edirik ki, ailə anlayışı Məcəllədə öz əksini tapsın.
Eyni zamanda, təklif olunan digər məsələ nikah yaşının aşağı salınmasının Ailə Məcəlləsində göstərilməsi ilə bağlıdır. Ayrı-ayrı qanunvericilik aktlarında nikahın aşağı salınma səbəbləri göstərilir və müvafiq icra hakimiyyəti orqanlarına həvalə olunur. Ancaq Ailə Məcəlləsində nikah yaşının aşağı salınması göstərilməyib. Bu da bəzən nöqsanlara, qeyri-şəffaflığa gətirib çıxarır. Tutalım ki, şəxs 17 yaşında evlənir. Niyə görə?! Anası xəstədir, yoxsa ailə qurandan sonra xaricə gedəcək?! Hesab edirəm ki, nikaha daxil olarkən bu səbəblər Ailə Məcəlləsində göstərilsə, yaxşı olar”.
Hicran Hüseynova alimentin verilməməsi ilə bağlı vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olduğunu da bildirib:
“Məhkəmə alimentin ödənilməsi ilə bağlı qərar çıxarır. Ancaq icra məsələlərində müəyyən nöqsanlar və probolemlər ortaya çıxır, müəyyən süründürməçilik halları baş verir. Yaxşı olar ki, bununla bağlı edilən şikayətləri nəzərə alıb aliment ödənişi ilə bağlı müəyyən sərtləşdirmə olsun və qanunda öz əksini tapsın. Belə deyək də, aliment ödəyən şəxsin hansısa cəza tətbiqləri artırılsın. Bu məsələ ilə bağlı konkret təkliflər verilib. Yaxşı olardı ki, problemlər elektron hökumət, elektron portallar vasitəsilə həll olunsun. Tutaq ki, vətəndaş aliment ödəyir və ona kəsilən cəza, cərimə mail adresinə göndərilsin. Əgər vətəndaş cəriməni bir ay müddətində ödəməyəcəksə, onun üzərinə gələn cərimə pulu hesablanaraq, sürücülük hüququndan məhrum edilsin”.
Deputat ailə psixoloq institutunun yaradılması məsələsinin aktuallığını da vurğulayıb. Əlavə olaraq qeyd edib ki, məsələnin qanunvericilikdə hansı formada öz əksini tapmasını Milli Məclisin qanunvericilik şöbəsi müəyyənləşdirəcək.
Komitə sədri “Məişət zorakılığı haqqında” qanuna təkliflər edildiyini və İş planında əksini tapmaq üçün Milli Məclisin Aparatına təqdim olunduğunu da deyib.