aliment

Alimentin ödənilməsini necə təmin etməli?

Baxış sayı: 2. 619

“İcraatda olan hər doqquz işdən biri alimentin ödənilməsi ilə bağlıdır ki, bu da uşaqların birbaşa hüquqlarına toxunur. Bununla bağlı cinayət qanunvericiliyinə müvafiq dəyişikliklər edilərək, alimentin ödənilməsindən boyun qaçırmağa görə cinayət məsuliyyəti sərtləşdirilməklə icranın səmərəsi artırılıb”.
Bu sözlər Ədliyyə Nazirliyində məhkəmə qərarlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunmuş geniş müşavirədə bildirilib.

“Ödəmək istəsə, ata övladına hardan olsa, pul tapıb verə bilər”

Mövzu ilə bağlı danışan hüquqşünas Ceyhun Cəfərli bildirdi ki, alimentin ödənilməsi məsələsi iki formada həyata keçirilir: “Ya ərlə arvad nikah dövründə, ya da nikah pozulduqdan sonra aliment sazişi bağlayırlar və aliment bu sazişə uyğun olaraq uşaqla birlikdə yaşayan valideynə ödənilir. Əks halda, tərəflər arasında bu barədə məhkəmə mübahisəsi olur və məhkəmənin yekunda qüvvəyə minən qətnaməsi əsasında aliment ödənilir. Bu cür ödəmələrin hər biri icraya yönəlir və Ədliyyə Nazirliyinin icra məmurları tərəfindən alimenti ödəməli olan şəxsdən ya könüllü əsaslarla, ya da məcburi əsaslarla alınır. Əgər işləyən şəxs rəsmi şəkildə maaş alırsa, o zaman aliment onun əməkhaqqına yönəldilir və mühasibatlıq tərəfindən tutularaq aliment alan şəxsə ödənilir. Əgər şəxs işləmirsə, məhkəmənin müəyyən etdiyi sabit pul məbləği formasında tutulur və icraçı özü şəxsən bununla məşğul olur. Yəni aliment ödəməli olan şəxsə bildiriş göndərir, sonra onu məcburi şəkildə alimenti ödəməyə sövq edir”.
Təcrübəyə gəldikdə, kişilərin çoxunun alimenti ödəmədiyini deyən müsahibimiz bildirdi ki, bunun başlıca səbəbi maddi sıxıntı deyil: “Sadəcə, kişilər alimenti ödəmək istəmirlər. Ödəmək istəsə, ata övladına hardan olsa, pul tapıb verə bilər. Alimentin ödənilməməsinin ikinci səbəbi odur ki, aliment ödəməli olan şəxsin sabit şəkildə gəlirləri yoxdur. Bu, işsizliklə bağlıdır. Əgər ata işləmirsə, aylıq gəliri yoxdursa, təsadüfi qazancla yaşayırsa, övladı üçün alimenti necə verə bilər? Üçüncüsü, aliment verən tərəf rəsmi şəkildə işləmədiyindən gəlirlərini çox vaxt müəyyən etmək olmur. Bu cür şəxslər təsadüfi muzdlu işlərdə işləyir, aldığını da icraçıdan gizlədirlər. Alimenti qəsdən ödəmədiyi aşkarlandıqda, cəza olaraq 2-3 il həbsə məhkum etmək mümkündür. Həbsdən çıxandan sonra, eyni əmələ görə təzədən onu mühakimə etmək isə müşkülə çevrilir. Amma aliment ödəməli olan şəxs həqiqətən işləmirsə, onun qazancı yoxdursa, hüquq onu buna görə həbs etməyə icazə vermir. Çünki həbs qəsdən ödəməmə hallarında baş verir”.

“Aliment Fondu yaradılsın”

Alimenti ödəmək imkanı olub, ödəməyənlərə gəlincə, hüquqşünas deyir ki, bu cür məsələlərə prinsipial yanaşmaq lazımdır: “Həm icra məmuru onun gəlirlərini müəyyən etməlidir, həm də məhkəmə belə adamlara qarşı prinsipial yanaşmalıdır. Onlar məharətlə öz maliyyə mənbələrini, gəlirlərini gizlədə bilirlər. Elələrini icraçı səhərdən axşama qədər izləyə bilməz. Mənim fikrimcə, insanın tərbiyəsi hər şeydən öndə gəlir. Alimentin ödənilməsində yaranan problemlər insanların tərbiyə problemidir ki, əslində ailələri də dağıdan o problemlərdir. Nitşenin bir sözü var: “Evlənmək istəyən insan, sən özünü buna hazır hesab edirsənmi? Sən insan dünyaya gətirəcək və onu təkmilləşdirəcəksən. De görüm, hələ sən özün kamilsənmi?”. O qədər adam var ki, bahalı avtomobili, evi başqasının adına alır, həyat yoldaşı ilə övladını küçədə qoyur, 50-100 manat alimenti ödəməkdən boyun qaçırır”.
Ceyhun Cəfərli Aliment Fondu yaradılması ilə bağlı bir müddət öncə səsləndirilən fikri dəstəkləyir və hesab edir ki, bu, aliment ala bilməyən uşaqlara dəstək ola bilər: “Dövlət özü valideynlərin qayğısından, diqqətindən məhrum olan, məcburi metodlarla alimentin alınması mümkün olmayan hallarda təminatı üzərinə götürərək Aliment Fondundan yardım ayırır və daha sonra həmin valideyni özü silkələyib o pulu cəriməsi ilə birlikdə ondan geri alır. Hətta bu cür valideynlərin ölkədən çıxışına da məhdudiyyət qoyula bilər. İnzibati rıçaqlarla o vətəndaşı həmişə sıxıntıda saxlamaq olar ki, alimenti ödəsin. İnsanlar bilsə ki, onun bu gün, bu ay övladına ödəməli olduğu 100 manatdır və vaxtında ödəməsə, dövlət ondan bu pulu 150 manat formasında çıxaracaq, onda elə aparıb 100 manatı övladına verər ki, dövlətə 50 manat əlavə ödəməsin. Dövlətsə bununla həm qarşısına qoyduğu məqsədə çatar, vətəndaşları tərbiyələndirər, həm də uşaqlar yarıac-yarıtox qalmazlar”.

“İcraçıların əmək haqqı artırılsın”
 
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın fikrincə, alimentin verilməməsi bir çox hallarda icraçının günahıdır: “Bir çox icraçılar bu məsələdə kifayət qədər aktivlik göstərmirlər. Bizə gələn şikayətlərdə deyilir ki, şəxsin axtarışda olması məqamında icraçılar alimenti alacaq tərəfə şəxsin axtarılmasını təklif edir. Yəni sistem yoxdur, yaxud kifayət qədər effektiv işləmir. Sistemin gücləndirilməsi və icrasına nəzarət ciddi olmalıdır. 3-5 il əlləşib-vuruşsa da, alimenti ala bilməyənlər var və burada icraçı əslində qanuna uyğun olaraq həmin şəxsin həbs edilməsi, yaxud cəzalandırılmasını tətbiq edə bilər. Amma bəzi hallarda buna ciddi yanaşmırlar. Yaxud bəzi şəxslər gizlənir. Onların axtarılması, tapılması uzun müddət tələb edir”.
M.Zeynalova deyir ki, icraçıların əmək haqlarının artırılması onların işə daha məsuliyyətli yanaşmasına gətirib çıxara bilər: “Bəzi hallarda icraçılardan sui-istifadə təklifləri də gəlir. Bizə müraciət edən adamlar söyləyir ki, icraçı onlara “hörmət edilməsi” təklifi irəli sürürlər. Bu səbəbdən düşünürəm ki, əmək haqlarını artırmaqla onları stimullaşdırmaq olar. Çünki onlar az maaşla iş görməyə maraqlı deyillər. İkinci mexanizm kimi isə axtarış prosesini gücləndirmək lazımdır ki, bu da hüquq-mühafizə orqanlarının üzərinə düşür. Bu sisistemi gücləndirmək və operativliyi təmin etmək lazımdır. Qadınların övladlarını saxlamaq üçün alimentə böyük ehtiyacı var”.
M.Zeynalovanın sözlərinə görə, kişilərin alimenti verməkdən boyun qaçırmasının səbəbi həyat yoldaşlarından qisas almaq istəmələridir: “Bu, qisasın bir növü, iqtisadi zorakılıqdır”.

Boşanmaları çətinləşdirməli…

Hüquqşünas Ellada Bayramova alimentin verilməməsini ailə institutlarının bərbad gündə olması ilə əlaqələndirdi: “Kişi öz övladına qarşı sevgi, qayğı göstərmir və övladını özünə artıq yük kimi bilir. Əgər həyat yoldaşı ilə münasibətlər pozulursa, problem ilk növbədə uşağın “başında çatlayır”. Çünki hər iki tərəf münasibətlərinin çətinliyinin nədən ibarət olduğunu qavramayınca, uşağı manipulyasiya etməyə başlayırlar. Manipulyasiyanı analar daha çox edir, keçmiş həyat yoldaşlarını “uşağın üzünə həsrət qoymaq”la hədələyirlər. Ata da acığa düşür ki, əgər uşağı görmürəmsə, nəyə görə aliment verməliyəm. Dəfələrlə rast gəlmişəm ki, atalar aliment vermək istəmədiklərini, amma uşağın nəyə ehtiyacı varsa, onu onu alıb vermək istədiklərini deyiblər. Bunu da onunla əsaslandırıblar ki, pulu köçürəndə, onun doğrudan da övladına xərclənəcəyinə əmin deyil”.
E.Bayramova problemin həlli üçün təklif edir ki, ilk növbədə boşanmaları çətinləşdirmək lazımdır: “Boşandıqları halda, hər iki tərəf üçün öhdəliklər ağır şəkildə qoyulmalıdır ki, insanlar rahat şəkildə boşanmasınlar. Valideynlərin boşanmasını, ata ilə ananın arasında baş verənləri uşaq başa düşmür, yalnız bundan psixoloji sarsıntı keçirir. Uşaq üçün valideynlərin ikisi də əzizdir. Atanın uşağı görməməyi təbii ki, uşağı da, atanı da bir-birindən uzaqlaşdırır, yadlaşdırır, sadəcə bioloji bir valideynə çevirir”.




1 şərh “Alimentin ödənilməsini necə təmin etməli?

  1. Xeyale

    Salam..Səmədova Xəyalə 2014 noyabrn 14 boşanma qərarı çıxib ..80 manat uşaga 3 yaşa kimi anaya 20 manat aliment kesilib..halhazirda evladımın 4 yaş 5 aylıqdı 1350 manat pul verillib…Federalni axdarışa ərizə verilib …Bilmek isderdim ki federalni axdarışın dövlət rösumu varmı ne qederdi ?

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir