“Boşandıqdan 5 ay sonra yoldaşım həbsə düşdü. Həbs olunandan sonra Ədliyyə Nazirliyi ilə əlaqə saxladım. Onların dediyinə görə, bir müddət keçməlidir ki, yoldaşıma həbsdə iş təyin olunsun və həmin puldan uşaqların alimenti ödənilsin. Yoldaşımın ailəsi də uşaqların xərci üçün heç bir yardım etmir. Çünki məsuliyyəti həyat yoldaşım daşıyırdı və qanunla yalnız o aliment ödəyə bilər. Yodaşıma 6 illik cəza kəsiblər. Cəzanın da hələ 1 ili tamam olmayıb. Gördüm ki, heç kimdən səs çıxmır, mən də yoruldum. Aprel ayından bəri axtarıb arayırdım, lakin son 3 aydır maraqlanmıram. Özüm birtəhər iki uşağımı güclə dolandırıram. Ümidim bu alimentə idi, o da alınmadı. Yaxınlarım hüquqşünasa müraciət etməyi tövsiyə etdilər. Lakin hüquq xidmətinə də imkanım çatmadı. Artıq yorulmuşam. O öz uşaqlarına atalıq etmirsə, mənim məcbur etməyimin bir mənası yoxdur deyə düşünürəm. Bir ata düşünmürsə ki onun övladları necə yaşayır, nə yeyir-içir, ona qanunla nəsə tətbiq etməyin nə xeyri var? Ümumiyyətlə, mən özüm də başa düşürəm ki, o bizə aliment ödəmək iqtidarında deyil. Mən də axırda hər şeydən bezdim. Özüm öz övladlarımı saxlayıram”.
Bu sözləri bizimlə söhbət zamanı Aynur İsayeva dedi. Bu, əslində kiçik bir nümunədir. Təəssüf ki, son zamanlar belə problemlərin kökündə dayanan boşanmaların sayı artır. Boşanmaların səbəbi müxtəlif olsa da, nəticəsi bir çox hallarda dəyişməz olaraq qalır. Belə ki, bir çox hallarda boşandıqdan sonra kişilər aliment ödəməkdə müxtəlif problemlər yaradır. Bir çoxları işləmədiyini bəhanə gətirərək bu məsuliyyətdən boyun qaçırmağa çalışsa da, şəxsin işləməməsi və ya gəlirinin olmaması ona bu haqqı vermir. Qanuna əsasən, hər bir valideyn öz öhdəliklərini yerinə yetirməlidir. Lakin bəzən qanunun tələbləri pozulur. Bəs bu zaman qadın nə etməldir? Ümumiyyətlə, bu hallarda hansı tədbirlər həyata keçirilir?
Məsələ ilə bağlı bir neçə ekspertin fikrini öyrəndik.
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, 4 aydan artıq müddətdə aliment ödənilməzsə, qanun bununla bağlı müəyyən tədbirlər görür: “Həmin şəxs barəsində toplanmış materiallar onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmə icraçıları tərəfindən Ədliyyə Nazirliyinin istintaq idarəsinə göndərilməlidir. Bu zaman həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi barəsində ciddi tədbirlər görülməlidir. Onlar hətta cinayət məsuliyyətinə cəlb edildikdə belə, həmin alimenti ödəməkdən yayına bilməzlər. Aliment istənilən halda ödənilməlidir”.
Müsahibimizin sözlərinə görə, qanunla aliment uşaqların sayından asılı olaraq şəxsin aylıq gəlirindən tutulur: “Ümumiyyətlə, Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, işləyən və gəliri olan şəxslərin əmək haqqının bir uşaq üçün dörddə bir hissəsi, iki uşaq üçün üçdə bir hissəsi, 2 və daha artıq uşaq üçünsə ikidə bir hissəsi aliment şəklində tutulmalıdır. Bəzən aliment sabit pul məbləğində də tutula bilər. Lakin yenə də qeyd edim ki, bir qayda olaraq şəxsin işləyib-işləməməsindən asılı olmayaraq aliment ödənilməlidir. Son dövrlərdə aliment sabit pul məbləği tutulur. Qanunda nəzərdə tutulmuş yaşayış minimumu məbləğində (məsələn, 2016-cı il üçün uşaqların yaşayış minimumu 117 manatdır) məhkəmə bir uşağa görə ən azı 117 manat aliment tutulması barəsində qərar çıxarır”.
M.Baxışovun sözlərinə görə, alimentin ödənilməsində ən ciddi problem həmin şəxsin ölkədə olmaması, yaxud həbs olunması zamanı yaranır: “Bir çox hallarda aliment ödəyən şəxsin ölkədə olmaması, yaxud həbs olunması ilə əlaqədar olaraq alimentin ödənilməsində müəyyən çətinliklər yaranır. Məsələ ilə bağlı təkliflər var idi ki, bu məqsədlə xüsusi aliment fondu yaradılsın və belə ailələrə köməklik edilsin. Lakin hələlik bu sahədə əməli tədbir görülməyib. Belə mənfi hallar bu prosesin icrası zamanı müəyyən mənada çətinliklər yaradır. Həbsxanada olan şəxsin gəliri olmadığına görə, alimenti ödəyə bilmir. Belə hallarda aliment haqqında qətnamələrin icrasında çətinliklər yaranır. Əks tərəf hansısa dövlət orqanına müraciət etsə belə, bu müraciətin heç bir əhəmiyyəti olmur. Çünki qadın özü də dərk edir ki, kişinin aliment ödəmək imkanı yoxdur”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova mövzu ilə əlaqədar iki məqama diqqət çəkdi: “Bir çox ailələr boşandıqdan sonra kişilər aliment ödəməmək üçün öz yaxasını kənara çəkir. Qeyd edim ki, burada iki məsələ var. Bunlardan biri alimentdən yayınmaq məsələsi, digəri isə onu icra edən şəxslərin kifayət qədər prinsipiallıq nümayiş etdirməməsidir. Alimenti ödəməyən şəxslər adətən düşünür ki, bu puldan yalnız qadın bəhrələnəcək və buna görə də qisas, zorakılığın başqa bir forması tətbiq olunur. Əslində isə bu, uşağa qarşı yönəlik bir zorakılıqdır. Bu aliment uşağa görə kəsilir və onun ödənilməməsi uşağa qarşı iqtisadi zorakılıq kimi qiymətləndirilə bilər. Məhz buna görə də kişilər adətən aliment ödəmək məcburiyyətindən yayınırlar”.
M.Zeynalova bəzən qadınların özünün də prosesə mane olduğunu bildirdi: “Bəzi hallarda isə icraçı kifayət qədər prinsipiallıq nümayiş etdirmir və hətta qadınlar da buna mane olur. Qadınlar düşünür ki, kişi həbs olunar və mənə ümumiyyətlə, aliment ödəməz. Onlar ümidlə yaşayır ki, nə vaxtsa aliment ala biləcək. Lakin onlar dərk etmir ki, hətta 5 il keçsə belə, həmin məbləğ onlara ödənilməlidir. Bu isə adətən qanunvericiliyi kifayət qədər yaxşı bilməməkdən irəli gələn bir haldır. Qanunun tətbiqində özlərinin boşluğu və icraçıların da prinsipiallıq nümayiş etdirməməsi aliment məsələsini gündəmdə saxlayır. Bununla bağlı rəhbəri olduğum quruma da kifayət qədər müraciətlər olunur. Bizə müraciətlər gəldikdə ilk növbədə icraçılarla əlaqə saxlanılır. Məsələnin həlli üçün bəzən icraçıların hərəkətlərindən şikayətlər yazırıq, bəzən “qaynar xətt”ə zəng vururuq. Lakin bəzən isə icraçı icranı yerinə yetirsə də, həmin şəxs ünvanını və yaşadığı yeri dəyişir. Həmin şəxslərin yerini müəyyən etmək isə çətin olur və bu baxımdan bizə müəyyən mənada zaman lazım olur. Aliment ödənilmədikdə ilk növbədə icraçı bu haqda məlumat verməlidir. İkinci addım kimi isə bu haqda xəbərdarlıq olunmalı və daha sonra ödəməyənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Əksər vaxtlarda isə həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunmurlar. Lakin bir neçə nəfər cinayət məsuliyyətinə cəlb olunsa, bu, digərlərinə də örnək olar. Təbii ki, bəzi hallarda stereotiplər var ki, qadınlar keçmiş həyat yoldaşının həbs olunmasına qarşı çıxırlar. Həmin qadınlar “onsuz da mən aliment ala bilməyəcəm” kimi düşüncələrlə kişilərin cinayət məsuliyyətindən yayınmasına göz yumurlar”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məsələyə dair açıqlamasında alimentin əsas mahiyyəti haqda söz açdı: “Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da alimentlə bağlı qanunvericilik təkmilləşdirilir. Alimentin məqsədi sosial yardıma və dəstəyə ehtiyacı olan ailələrə müvəqqəti də olsa ailə üzvləri tərəfindən dəstək olmaqdır. Burada qadın, yaxud kişilərin fərqi yoxdur. Onların hər ikisi bərabər tutulmalıdır. Beynəlxalq hüquq normalarına əsasən, adətən uşaqlar azyaşlı olduqda çox vaxt onların anada qalmasına üstünlük verilir. 10 yaşdan yuxarı uşaqların məhkəmədə iştirak etmək və seçimlərini təqdim etmək hüququ var. Bu zaman uşağın saxlanması ilə bağlı ehtiyac normaları ilə əlaqədar minimum alimentin miqdarı müəyyənləşdirilir. Qeyd edim ki, hər il minimum alimentin miqdarı artırılır”.
E.Səfərov son statistik göstəricilər haqqında məlumat verərək bildirdi ki, Komitə tərəfindən görülən maarifləndirici tədbirlər öz effektini verir: “2014-cü ildə aliment tələbi ilə bağlı 52467 icra edilməkdə olan ərizə var idi, 2015-ci ilin ilk rübündə isə bu rəqəm 51738 olub. Həmçinin 2014-cü ildə alimentin ödənilməməsi ilə əlaqədar olaraq inzibati məsuliyyətə cəlb olunmuş 1565 iş açılıb. 2015-ci ilin birinci rübündə isə bu rəqəm 457 olub. Bununla bağlı yayınmağa görə maliyyə sanksiyası 2014-cü ilin birinci rübündə 915 iş, 2015-ci ildə isə 274 iş olmuşdu. Alimentdən yayınmağa görə cinayət işinin başlanması ilə bağlı 105 iş, 2015-ci ilin birinci rübündə 28 iş olmuşdu. Bunlar ümumi statistik məlumatlardır. Lakin qeyd etmək istəyirəm ki, aliment ödənilmədikdə biz müvafiq orqanlara və idarələrə müraciət edirik və bunu aydınlaşdırmağa ehtiyac olur. Çox vaxt müraciətlər vətəndaşın tapılması ilə bağlı olur. Alimenti ödəyən şəxsin tapılması və aliment ödənilməsi ilə bağlı dövlət qurumları ilə əlaqə saxlayaraq müvafiq işlər aparırıq. Bəzən bu, uzun vaxt tələb edir. Nümunə üçün deyə bilərəm ki, bir dəfə ABŞ-da yaşayan bir şəxsə alimentlərin ödənilməsi ilə bağlı müraciətlər edildi. Məhkəmə qərarı ilə təsdiqini taparsa, bu işlər həmin dövlətə göndərilir və ödənilməsi ilə bağlı məlumatlar çatdırılır. Çox vaxt həmin alimentin miqdarı ödənilir və iş müsbət şəkildə həll edilir. Yayınma hallarında isə Azərbaycan Respublikasında həm inzibati, həm də cinayət məsuliyyəti tətbiq edilir. Xüsusilə ailənin möhkəmləndirilməsi baxımından Komitə tərəfindən müxtəlif tədbirlər görülür. Xüsusilə qeyri-rəsmi nikahda olan ailələrin rəsmi nikaha daxil olması üçün stimullaşdırıcı tədbirlər görülür və maarifləndirmə işləri aparılır. Qeyd edim ki, belə tədbirlərin nəticəsi olaraq, ümumi statistik nəticələrə baxdıqda Azərbaycanda qeyri-rəsmi nikahların sayının azaldığını görərik”.