“Azərbaycan alimləri tibb sahəsi üzrə yeni bir sistem yaradıblar. Belə ki, mobil telefon və kompüter vasitəsilə ürək-damar xəstəliklərinin başlanğıcının gizli dövrünün monitorinqi aparılacaq”.
Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev məlumat verib. O bildirib ki, ürək-damar xəstəliklərinin başlanğıcının gizli dövrünün monitorinqi sistemi artıq noutbuklarda həyata keçirilib və hazırda işləyir. T.Əliyevin sözlərinə görə, yeni sistem nümayiş olunandan sonra böyük marağa səbəb olub: “Bu variant hətta reanimasiya xəstələrinin vəziyyətinə nəzarət etmək üçün hazır vəziyyətə gətirilib. Bu variantı mobil telefon vasitəsilə həyata keçirmək üçün hazırlıq işləri görülür və yaxın vaxtlarda həll edilərək başa çatdırılacaq.
Yeni sistemə Polşadan çox böyük maraq göstərildiyini deyən T.Əliyev qeyd edib ki, bu ölkənin Biokibernetika İnstitutu bu texnologiyanı onlarla birgə işləmək üçün müraciət edib: “Biokibernetika İnstitutu kardioqramların analizində bizim texnologiyadan istifadə etmək üçün müqavilə təqdim edib və razılıq vermişik. Yaxın vaxtlarda iki qurum arasında birgə elmi əməkdaşlıq barədə müqavilə imzalanacaq. Bundan əlavə, İtaliya, İspaniya, İngiltərə, Rumıniya kimi ölkələrdən mobil telefonla aparılan işi birgə görmək üçün bizə müraciət olunub. Litva öz klinikalarında bu texnologiyanı tətbiq etmək istəyir. Onlarla da danışıqlar aparılıb və müvafiq işlər görüləcək. Bu layihəni xarici dövlətlər Avropa Birliyi ilə birgə layihə kimi təqdim etmək istəyirlər. Bununla da Azərbaycanda ilk dəfə olaraq hazırlanan böyük layihə dünya birliyinə çıxacaq”.
İnstitut direktoru qeyd edib ki, ölkədə kardiologiya üzrə çox böyük işlər görülür, amma bu sahədə mobil telefondan istifadə edilməsi barədə elmi-tədqiqat işləri aparılmır: “Bu tədqiqatlar Kibernetika İnstitutu tərəfindən aparılır. Yəqin ki, gələcəkdə bu fəaliyyəti birləşdirəcəyik. Yeni yaradılan sistem mobil telefonun öz sahibini kardioloji cəhətdən monitorinq etməsinə imkan verir. Bu sistem dünyada yoxdur və ilk dəfə olaraq Azərbaycanda yaradılıb”.