Nəql edilən hədislərə əsasən, müzakirə mövzusuna çevrilən məsələlərdən biri də Allahın yuxuda görülməsi ilə əlaqədardır. Əgər mövzu ilə əlaqədar hədislər hansısa naməlum şəxslər tərəfindən nəql olunsaydı, onlara bir o qədər də əhəmiyyət verməzdik. Lakin onların mötəbər İslam mənbələrindən yer alması bu mövzuya ciddi yanaşmağı tələb etdi. Mövzu ilə əlaqədar əhli sünnə alimlərinin mötəbər hədis kitablarında yer alan bu hədislərin sayı kifayət qədər çox, mətn və məzmun baxımından bir-birindən müəyyən qədər də olsa fərqlidir. Mövzuya girməzdən əvvəl həmin hədislərin mətninə nəzər salaq.
- Əbu Hənifədən nəql olunan hədisdə deyilir: “Mən röyamda uca Rəbbimi gördüm”.
- Tirmizi nəql etdiyi rəvayətdə deyir: “Rəbbimi ən gözəl sifətdə gördüm”.
- Başqa bir yerdə deyilir: “Allahı heç bir məxluqa bənzəmədiyi, Ona heç bir surət bənzədilmədiyi halda gördüm”.
Hədisin dini ədəbiyyatda yer alması bir neçə baxımdan əsassızdır.
- Əvvəla ona görə ki, yuxu (ən mötəbər alimin olsa belə) dini mənbə və əsas hesab olunmur. Çünki yuxunun mötəbərliyi yalnız bəzi peyğəmbərlərə aiddir ki, onlar vəhyi yuxu yolu ilə əldə etmişlər.
- Yuxu insanın gündəlik fəaliyyəti və zehninin şüuraltı ötürdüyü siqnallardır. Bunun üçün də yuxu ilə hesablaşmağın heç bir əsası yoxdur.
- Yuxuda Allahın görünməsi (sifət və ismləri ilə olsa belə) insanda müəyyən təsvir və təsəvvürün yaranmasına, onu dil ilə vəsf etməsinə səbəb olmalıdır ki, bunu da Allah barədə təsəvvür etmək imkansızdır. Çünki Allah zehnə gələn hər bir təsəvvürdən xaricdir. Şura surəsinin 51-ci ayəsində deyildiyi kimi “Allah bəşər övladı ilə (Musanın anası ilə olduğu kimi) ancaq vəhylə (ilham və röya ilə), yaxud (Musa kimi) pərdə arxasından danışar (Allahın kəlamı eşidilər, amma Özü görünməz). Və ya bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər”.
Hədisin mətnində yer almasa da sonradan hədislərə açıqlama verən alimlər Allahın adi qaydada deyil, sifət və ismləri ilə göründüyü nəzərdə tutulduğunu qeyd etmişlər.
Bu məzmunda nəql edilən hədislərin mətni qeyd olunanlardan ibarət olsaydı, bunu hardasa məcaz olaraq müxtəlif şəkildə yozmaq və mənalandırmaq olardı. Lakin Əbu Hənifədən nəql olunan başqa bir hədis belə bir yanaşmanı imkansız edir. Hədisdə deyilir: “Uca Rəbbimi yuxumda doxsan doqquz dəfə gördüm. Sonra öz-özümə dedim: Əgər Rəbbimi yüzüncü dəfə görsəm qiyamət günü məxluqat əzabdan necə və nə ilə qurtulacağını soruşacağam. Bunun ardınca Rəbbimi röyamda yüzüncü dəfə gördüm və ondan soruşdum: Ey Rəbbim! Sənə yaxın olan çox ucadır, Sənin məqamın çox uca, ismlərin isə müqəddəsdir. Qiyamət günü qulların əzabından necə qurtula biləcək? Allah-Taala cavab verdi: Kim səhər-axşam namazlarından sonra “subhanəllah əbədiyyil əbəd” (əbədiliyin əbədisi olan Allah pakdır!) zikrini dilinə gətirsə, əzabımdan qurtular”. İndi də gəlin Quran təqdimatında insanı qiyamət əzabından qurtaran əməllərə nəzər salaq. İlkin mərhələdə qiyamətə iman əsas şərt olaraq göstərilir.
“O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən sərf edirlər” (Bəqərə, 3).
Qiyamət gününün əzabından qurtuluşa gəlincə, bu barədə bir neçə ayəyə işarə etmək olar ki, onlardan biri ilə kifayətlənirik.
“İman gətirənlərdən (müsəlmanlardan), musavi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər” (Bəqərə, 62).
Buradan başqa bir sual da yaranır: Allahı hər kəs yuxuda görə bilər, yoxsa Ona bəndəlik edən xalis bəndələr və əməlisaleh alimlər? Nəql olunan hədislərdə bunun yalnız alimlərin dilindən nəql olduğunu görürük. Əgər belədirsə, demək Allah Peyğəmbər və imamların da yuxularına girmiş olaydı. Bir halda ki, onlardan bu məzmunda bir dənə də olsun hədis nəql edilmir.
Sui-istifadə
Hənəfi və digər alimlərin dilindən nəql olunan bu kimi hədislər bəlkə də onların özlərindən deyilməmiş və sonrakı dövrlərdə onların adlarından sui-istifadə edən din dəllaları tərəfindən kitablara salınmışdır. Belə olsa belə bunu da sübuta yetirmək lazım gələcək.
Mövzu ilə əlaqəli mənbələr
Tirmizi, Təfsir: 39, Hədis: 3235, 5/368; Əhməd ibn Hənbəl, Müsnəd, Hədis: 16621, 5/584; Acuri, əş-Şəi, Hədis:1009, Səh.397; Hakim əl-Müstədrək, Hədis: 1912-13, 1/702; Xətib, Tarix-u Bağdad, Hədis: 4253, 8/146; İbn Huzəymə, ət-Tövhid, Hədis: 321, 2/542; Əbu Yəla, Münəd, Hədis: 2608, 4/475; Darimi, Ruya: 12, Hədis: 2073, 1/567; Xətib-i Təbrizi, Mişkatul-Məşabih, Hədis:725,26,1/230; Əli əl-Muttaqi, Kənul-ummal, Hədis: 1152-54, 1/228.
Nəticə
Qeyd olundu ki, yuxu insanın zehninin şüuraltı fəaliyyətidir. İnsan yuxuda dünya (maddi aləmdə) həyatında gördüklərini və ya onun oxşarını görür. Allah isə Quran təqdimatına əsasən bənzəri olmayan bir varlıqdır. Dünya həyatında görünməyən və necəliyi barədə zehni təsəvvür olmayan bir varlığın isə yuxuda görülməsi imkansızdır. Buradan belə bir sual yarana bilər. Biz dünya həyatında cin və mələkləri belə görüməmişik, lakin bəzən onlar insanın yuxusuna girir və rəsm əsərlərində onlar təsvir olunurlar. Məsələ burasındadır ki, Quran onların nədən yaradıldığı və təxmini də olsa hansı quruluşa malik olduqlarından xəbər verir. Məsələn, mələklər barədə deyilir: “Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! (Allah) məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir!” (Fatir, 1). Bir halda ki, Allah barədə belə bir təqdimatla qarşılaşmırıq.
Orucluqda yuxu görmək nə anlamdadı? Yuxuda görürəm ki qızımla ikimiz böyük su axarını hündürlüyündə oturmuşuq, su da tər təmizdir şəffaf su yosun larından biri bizə yaxınlaşır yosun böyükdür yaxınlaşdıqca eybecer,insan sifətinə oxşuyur…itələyir əm əlimlə geri çıxıb gedir, sonra ikimizdə soyumuş halda suya düşürük suda çimirik.