Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ötən il Azərbaycanda 24 ana ölümü baş verib. 2010-cu ildə bu rəqəm 26, 2011-ci ildə 27, 2012-ci ildə 26, 2013 və 2014-cü ildə 25 olub. Səhiyyə Nazirliyindən “Trend”ə verilən məlumata görə, ana ölümlərinin əsas səbəbi ağır preeklampsiya olub. Geriyədönməz proses olan preeklampsiya olduqda bütün orqanlarda qansızmalar olur, həyati vacib orqanlarda dəyişiklik gedir.
Ağır preeklampsiyanın müalicəsi olmadığından onun qarşısını almaq üçün mütəmadi olaraq, həkim nəzarətində olmaq lazımdır. Əgər qadının hamiləliyi nəzarətdə saxlanılarsa, xəstəliyin diaqnozu erkən mərhələdə qoyularsa və müalicə vaxtında aparılarsa, hamiləlik pozulmur və ölüm baş vermir.
Nazirlikdən bildirilib ki, hamilə qadınlarda bır sıra patologiyalar ana ölümü riskini artırır. Bunun qarşısını almaq üçün hamilə qadınlar vaxtında qeydiyyata düşməli, mütəmadi həkimə müraciət etməlidirlər. Həmçinin belə halların baş verməməsi üçün qadınlar arasında geniş maarifləndirmə işləri aparılmalıdır.
Bu ilin 6 ayı ərzində isə 10-dan çox ana ölümü baş verib. Nədir ana ölümlərinə səbəb?
Radioloq Aynurə Muradovanın sözlərinə görə, ana ölümlərinə daha çox həkimlərin məsuliyyətsizliyi səbəb olur. Belə faktlarla həkim fəaliyyəti dövründə də qarşılaşdığını deyən müsahibimizin sözlərinə görə, bəzi həkimlər maddi tərəfi düşündüyündən çox zaman xəstələrin durumunu nəzərə almırlar. “Doğuş üzrə cərrah, həkim ginekoloq və mamaça tibbi işçiləri var. Bunlar tam fərqli adlar və fərqli peşələr olsalar da, bəzən doğuş həkimləri bütün prosesi öz üzərinə götürür. Ginekoloq müalicə və abort edir, cərrah ginekoloq ginekoloji əməliyyatlar edir. Ancaq doğuş həkiminin pul, qazanc xatirinə keser etməsi böyük riskdir”.
A.Muradova doğuş zamanı ölüm hadisələrində xəstə səhlənkarlığını da əsas səbəblər sırasında görür: “Xəstəyə deyirəm, ginekoloqda qeydiyyata düş, yoxlamalara və müalicəyə başla. Xəstə deyir ki, “məndə birinci uşaq sağlam idi və analizlərim də normal çıxmışdı”. Mən onlara başa sala bilmirəm ki, birinci müayinə nəticəsi ilə indiki eyni olmaya bilər, yəni birinci uşaqda çıxmayan infeksion viruslar bu hamiləlikdə çıxa bilər. Əksər pasientləri başa salmaq olmur, hər zaman öz bildiklərini edirlər. Qeydiyyata düşməməkdə böyük səhvə yol verirlər”.
Həkim bildirir ki, indi nə qədər bolluq olsa da, orqanik qidalar az olduğundan, insanların orqanizmi əvvəlki kimi möhkəm deyil. Buna görə də bütün qadınlar mütəmadi olaraq ginekoloq yoxlamalarından keçməlidir.
Sosioloq Əhməd Mansurov də baş verən ana ölümlərinin əksəriyyətinə görə həkimləri günahlandırır: “Bu, vicdan məsələsidir. Bunun Hippokrat andına heç bir aidiyyəti yoxdur. İnsan bir işi yaxşı bilirsə, onunla məşğul olmalıdır. Amma bəzi həkimlərimiz xarici ölkələrdə 1 günlük seminarlarda iştirak edərək, adının qarşısına “uzman” sözünü əlavə edib fəaliyyətə başlayırlar”.
Həmsöhbətimiz qeyd edir ki, doğuş zamanı ana və uşaq ölümü insanlarda səhiyyəyə qarşı inamsızlıq yaradır. Dediyinə görə, eyni zamanda, xəstələr də öz hüquqlarını bilmirlər: “Hər hansı bir xəstə xəstəxanada həkim məsuliyyətsizliyi ilə qarşılaşırsa, bunu anında ictimailəşdirmək lazımdır. Gec olandan sonra hansısa məsələ haqqında danışmaq da gec olur. Həkimin məsuliyyətsizliyi xəstə ilə kobud davranışdan başlayır. Həkim xəstə ilə kobud danışırsa, bu, ictimailəşdirilsə, həkim də özünü ələ almağa çalışar. Həkim xəstəylə normal danışmağa, əlindən gələni etməyə borcludur. Həkimlərin laqeyd davranışı, məsuliyyətsizliyi anında ictimailəşdirilsə və o həkimlər haqqında ölçülər götürülsə, həkim məsuliyyətsizliyinin qurbanları da az olar”.
Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, əgər doğuş zamanı ana və ya körpə həkim məsuliyyətsizliyindən dünyasını dəyişirsə, həmin qanunvericiliyin tələbinə əsasən məsuliyyətə cəlb olunmalıdır. Həkim məsuliyyətsizliyini sübut emək üçün isə hüquq mühafizə orqanlarına və Səhiyyə Nazirliyinə müraciət olunmalıdır. Tibbi komissiyanın rəyindən sonra ölümün həkim məsuliyyətsizliyi ucbatından baş verib-vermədiyi müəyyənləşir: “Ölüm halı həkim məsuliyyətsizliyi nəticəsində baş verərsə, bu, Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə tənzimlənir və cinayət işi başlanıb ölümün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizaları təyin edilir. Səhiyyə Nazirliyi tərəfindən hadisə ilə əlaqədar xüsusi biliyə malik mütəxəssislər cəlb edilməklə müvafiq yoxlamalar aparılır”.
İradə CƏLİL