XESTEXANA

Ana ölümlərinin səbəbi açıqlandı

Baxış sayı: 2. 391

“Doğuşayardım xidmətinin təkmişlləşdirilməsi barədə” Səhiyyə Nazirliyinin əmrinə əsasən bu ilin aprelindən yüksək ixtisaslı mama-ginekoloq, anestezioloq-reanimatoloq və neonatoloqlar ölkənin müxtəlif şəhər və rayonlara ezam olunublar. 6 ay ərzində aparılmış təhlillərin nəticələrinə dair dünən Respublia Perinatal Mərkəzdə mətbuat konfransı keçirilib.

Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Calalovun sözlərinə görə, regionlarda ginekoloji cərrahiyyə əməliyyatlarının sayı 3 dəfə artıb. Əməliyyatların əksəriyyəti qeysəriyyə, uşaqlığın amputasıyası və qanaxma ilə bağlı relapatomiya olub: “Artıq regionlardan paytaxta köçürülən ginekoloji xəstələrin sayı gündən-günə azalır. Bu ilin aprelin 1-dən sentyabrın sonuna qədər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının konsultativ bölməsinin doğuşayardım sahəsi ilə bağlı fəaliyyətində müsbət nəticələr əldə olunub. Bu müddət ərzində stansiyanın konsultativ xidmətin mütəxəssisləri 46 pasientə xidmət göstərib. Keçən ilin müvafiq dövründə bu rəqəm 55 olub ki, bu da pasiyentlərin sayında 17 faiz azalma deməkdir”.

Calalov bildirdi ki, keçən illə müqayisədə bu il çağırışların sayında 10 faiz azalma qeydə alınıb. Ölkənin rayon və şəhər xəstəxanalarına bu il 79, keçən ildə isə 88 dəfə müxtəlif profilli məsləhətçi həkimlər göndərilib.

Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədovanın dediyinə görə, risk qrupundan olan hamilələrə nəzarət gücləndirilib. Bu qrupa daxil olan hamilələr antenatal qulluğun əsas hədəf nöqtəsidir və onlara vaxtında lazımi səviyyədə tibbi xidmət göstərilsə, ana ölümləri hallarının sayı əhəmiyyətli dərəcədə azalar: “Bu sahədə tibbi xidmətin təkmilləşdirilməsi ilə bağlı mütəmadi işlər aparılır. Antenatal və doğuşayardım xidmətinin keyfiyyətinin artırılması istiqamətində mütəmadi işlər görülür. Vahid hamilələr registrinin mövcudluğu hər hansı bir həkimə müraciət edən hamilə barəsində tibbi məlumatı əldə edib, müvafiq yardımın təşkil edilməsində böyük rol oynayır. Eyni zamanda, ölkəmizdə aparılan həkimlərin və orta tibb personalın sertifikasiyası tibb personalın bilik və bacarıqlarını artırılmasına və bununla da göstərdiyi antenatal və doğuşayardim stasionar xidmətinin keyfiyyətini artırmaq imkanlarını yaradıb”.

S.Məmmədova qeyd edib ki, regionlara uyğun olaraq ginekoloji patologiyalar, endemik xəstəliklər fərqlənir. Belə ki, regionlara xas xəstəliklər fərqli olduğundan hamiləlik patologiyaları da fərqli yaşanır. Onun sözlərinə görə, qızlar nə qədər gec ailə qurarsa, xroniki xəstəliklər artır, hamiləliyin risk qrupuna daxil olurlar və bu qrupda olan ana ölümlərinin sayı da yüksək olur. “Ona görə də vaxtında düzgün ailə qurmaq lazımdır”.

Dediyinə görə, son bir ayda Azərbaycanda iki ana ölümü baş verib: “Hazırda ana ölümlərinin səbəbləri araşdırıldığından il ərzində baş verən bu hadisələrlə bağlı konkret rəqəm demək mümkün deyil. Ümumilikdə isə ana ölümlərinin sayı son illər azalıb. Hər bir hadisədən sonra ekspertiza ölümün nədən qaynaqlandığı ilə bağlı komissiyaya rəy verməlidir. Ana ölümləri ilə bağlı rəqəmlər ilin sonunda açıqlanır. Aparılan təhlillər nəticəsində məlum olub ki, Azərbaycanda ana ölümləri əksər halda ekstragenital patologiyadan baş verir”.

Azərbaycan Tibb Universitetinin mama-ginekologiya kafedrasının müdiri Elmira Əliyeva son illər Bakıda reproduktiv dövrdə olan qadınların 30%-ə qədərinin ailə qurmadığını deyib. Onun sözlərinə görə, reproduktiv sağlamlığa təsir edən amillərdən biri də məhz gənclərin vaxtında ailə qurmamasıdır. “Müşahidələrə görə, reproduktiv dövrdə olan hər 3-4 gəncdən biri ailə qurmayıb. Bu gün gənclərin düzgün ailə qurmasına ehtiyac var və onlar ailə ilə bağlı düzgün maarifləndirilməlidir. İndi qızlar gec ərə gedir, statusunu qaldırır, işi, təhsili, pulu olmasını arzulayır. 35 yaşda ailə quran qızın isə xroniki xəstəliklərə meylliyi həddən çox artır. Bu qızların sağlam uşaq doğma ehtimalı da az olduğundan daha çox qeysəriyyə kəsiyinə maraq çoxalır”.

Qohum nikahına qarşı olduğunu deyən E.Əliyevanın bildirdiyinə görə, insanlar uzaqdan olanlarla nikaha üstünlük verməlidirlər: “Bakı kəndlərində ailələr hətta 4-5 dəfə qohum olurlar. Buna qarşı əks təbliğat aparılmalıdır”.

Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva isə deyib ki, regionlar arasında ana sağlamlığı, ana ölümləri və ağırlaşmaları ilə bağlı ciddi fərq yoxdur: “Sadəcə regionlar öz adət-ənənələrinə görə fərqlənir ki, bu da ailə qurmağa təsirini göstərmiş olur”.

Rzaquliyeva qeyd edib ki, ağır vəziyyətlərdə olan çoxsaylı xəstələr, risk qrupunda olan hamilələr diqqət mərkəzində olmalıdır: “Hamiləliyin vaxtında müayinə edilməsi nəticəsində bir sıra xəstəliklərin qarısını almaq olar.  Hamiləliklə əlaqədar olmayan böyük bir qrup ekstragenetal xəstəliklər (ürək, böyrək, endokrin xəstəliklər) hamiləlik zamanı daha da fəsadlaşır və hamiləliyin ağırlaşmasına səbəb olur. Bunun qarşısını almaq üçün antenontal xidmətdə çalışan həkimlərin mühüm rolu var. Hamiləliyin ağırlaşmasının qarşısını almalı, profilaktik yol seçməli və bu istiqamətdə aktiv işləməliyik”.

Son illərdə Azərbaycanda ana ölümlərinin sayının azaldığını deyən L.Rzaquliyevanın sözlərinə görə, bu da hökumətin, Səhiyyə Nazirliyinin prioritet problemə olan diqqətinin nəticəsidir. Komissiya sədri deyib ki, ağır xəstələrə kömək, yardım etmək məqsədilə mütəxəssislər aprel ayından başlayaraq növbətçilik əsasında mütəmadi olaraq regional perinatal mərkəzlərdə olur, 11 rayonda olan ağır, risk qrupuna daxil xəstələrə nəzarət edilir.

Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova isə cənubda bu il aprelin 4-dən sentyabrın sonuna qədər 9030 doğuş olduğunu deyib. Onun sözlərinə görə, bu müddət ərzində həmin bölgədə ana ölümü qeydə alınmayıb.

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir