ana sudu

Ana südünün də bankı yaradılsın?

Baxış sayı: 1. 503

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ölkədə ana südü mətbəxlərinin yaradılmasını təklif edib. O, bu təklifi Milli Məclisdə büdcə müzakirələrində çıxışı zamanı irəli sürüb. E.Süleymanova qeyd edib ki, aktual məsələlərdən biri də milli genefondun, ailə sağlamlığının qorunmasıdır: “Körpələrin, erkən yaşda uşaqların ana südü ilə qidalanması üçün səmərəli təşkilinə nail olmalıyıq. Ana südü milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır. Ona görə də, ana südü mətbəxləri yaradılmalıdır. Bununla bağlı təcrübəmiz də var, qanunvericilik bazamız da təkmildir”. Elmira xanım təklifi irəli sürüb, amma təklifin həyata keçirilmə mexanizmi ilə bağlı bir fikir bildirməyib. Tutaq ki, mətbəxlər yaradıldı, xanımların südü mətbəxlərdə necə toplanacaq, onların gigiyenik təmizliyinə necə riayət ediləcək, görəsən, xanımlar bu mətbəxlərə süd verməyə razı olacaqlarımı? Bundan başqa hazırda belə mətbəxlərə həqiqətən ehtiyac varmı, həmin mətbəxlərin yaradılmasına insanların münasibəti necə olacaq?

 

Sosioloq Əhməd Qəşəmoğlu bu məsələyə müsbət yanaşmadığını qeyd etdi: “Ana südü uşağın inkişafında və formalaşmasında olduqca  böyük əhəmiyyətə malikdir. Hər adamın südünü uşağa içirmək məsləhət deyil. Hətta, qədimlərdə uşağa süd anası axtararkən, onun necə biri olması, sağlamlığı, əsli, kökü haqqında araşdırma aparırdılar. Çünki qədimdən belə bir inanc var, hətta elmi tədqiqatlar da bunu təsdiq edər ki, ananın südü uşağın xarakterinin formalaşmağında çox mühüm rol oynayır.  Düşünün, əgər belə bir mətbəx yaradılarsa, nə qədər qadının südü bir-birinə qarışacaq. Bizdə el dilində, xasiyyəti xoş olmayan biri haqqında “onun südü qarışıqdır” ifadəsi işlədilir. Ona görə də, nədənsə, təklif edilən bu fikri dəstəkləmirəm”.

Sosioloq deyir ki, ana südü mətbəxi yaratmaqdansa, südü az olan və ya uşağına süd vermək istəməyən analarla işlər aparılsın: “Bilirəm, indiki zamanda bəzi anaların südü az olur, hətta bəziləri müəyyən səbəblərdən uşaqlarına süd vermək istəmirlər. Düşünürəm ki, fərdi olaraq bu işlə məşğul olmaq lazımdır. Məsələn, südü olmayan analarda südü necə artırmaq olar, süd vermək istəməyənlərlə maarifləndirici işlər aparıb südün uşaqların inkişafındakı rolunu izah etməklə, bu problemi aradan qaldırmaq olar”.

 

“Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri Lalə Mehralı deyir ki, ana südü təbiətin insana bəxş etdiyi ən böyük möcüzədir: “Əslində, necə ki, qan, orqan bankı var, eynilə də süd bankının, yəni mətbəxinin yaradılması vacibdir. Uşaqların ana südü ilə qidalandırılması faizinin getdikcə aşağı düşdüyünü nəzərə alsaq, deyə bilərik ki, həqiqətən də genofondumuzu təhlükə gözləyir. Amma cəmiyyətin bunu necə qarşılayacağı hələ sual altındadır. Çünki bəzi xanımlarımız ola bilsin ki, övladlarına başqa bir ananın südünü vermək istəməsinlər. Yəni həqiqətən elə analar tanıyıram ki, onların südü yoxdur və başqa bir ananın uşağına süd verməsinə razı olmayıb, tərkibinin nə olduğu bəlli olmayan, mağazalardan alınan uşaq yeməklərindən istifadə edir. Düşünürəm ki, bu, bir az xanımlarımızın eqolu olmasından, bir az da bilgisizliklərindən irəli gəlir. Məsləhət görərdim, ki hamilə xanımlarımız arasında ana südü ilə bağlı ciddi maarifləndirmə işləri görülsün. Xüsusilə də doğum evlərində onlar üçün seminarlar təşkil edib, ana südünün uşaqların inkişafında necə əhəmiyyətli olduğunu izah etsinlər”.

Mexanizmin necə işləməsinə gəlincə isə həmsöhbətim qeyd etdi ki, südü bol olan, övladını yedizdirdikdən sonra artıq qalanı həmin mətbəxə bağışlaya bilər. Həmin süd soyuducularda dondurularaq saxlanılır və sonra ehtiyacı olan insanlara verilir.

 

Ana südü mətbəxi yaradılması barədə fikir bildirən pediatr Vaqif Qarayev qeyd etdi ki, Avropa ölkələrində ana südü bankı fəaliyyət göstərir: “Buna, bəzən “donor ana südü bankları” da deyilir. Ana südü bankının ünvanları ictimaiyyətə açıqlanır. Donor analar həmin məkana gəlirlər. Körpə uşaq anası da uşağını əmizdirmək üçün qeyd olunan banka gedir. Yaxud qadın öz südünü sağıb donor banka da verir”.

Həmsöhbətimizin sözlərinə görə, Dünya Səhiyyə Təşkilatının qərarına əsasən, uşaq azı 6 ayına qədər ana südü ilə qidalanmalıdır: “Uşaq üçün ən təbii qida ana südüdür. Körpə uşaqlar süni qida ilə deyil, ana südü ilə qidalanmalıdırlar. Dünya Səhiyyə Təşkilatı ana südü banklarına dəstək olur. Ölkəmizdə də donor ana südü bankı yaradılmalıdır. Yaradılarsa, sanitar-gigiyenik normativ qaydalara əməl olunmalıdır. Ananın səhhətində ciddi problem olarsa və buna görə uşağı ana südü ilə qidalandıra bilmirsə, o zaman körpə donor ana südü bankı vasitəsilə donor ana tərəfindən qidalanar”.

V.Qarayev onu da vurğuladı ki, son zamanlar süni uşaq qidaları ilə uşaqların qidalanmasına daha çox üstünlük verilir: “Təəssüf ki, gənc analar təbii qidaya deyil, süni uşaq qidasına üstünlük verirlər. Bu sahədə yaranmış problemin həll olunması üçün gənc analar arasında maarifləndirmə işi aparılmalıdır. Uşağın ana südü ilə qidalanmasının vacibliyi barədə anaya məlumat verilməlidir”.  (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir