dogum

Ana və uşaq ölümü: həkim, yoxsa valideyn səhlənkarlığı?

Baxış sayı: 1. 560

Vaxtaşırı olaraq mətbuatda doğuş zamanı ana və uşaq ölümü haqda məlumatlar yer alır. Əksər hallarda bu ölümlərin qeysər kəsiyi vasitəsilə aparılan doğuş zamanı baş verdiyi də diqqətdən yayınmır. Və demək olar ki, bütün hallarda həkimlər günahlandırılır, hadisənin məhz həkim səhlənkarlığı üzündən baş verdiyi iddia olunur. Bəs həqiqətənmi günahkar yalnız həkimlərdir?

 

Hər bir ana və uşaq ölümü araşdırılmalıdır

Məsələ ilə bağlı münasibət bildirən tibb elmləri doktoru Adil Qeybulla hesab edir ki, doğuş zamanı ana və uşaq ölümü hallarında yalnız həkimləri günahlandırmaq olmaz: “Təbii ki, həkimlərin də günahı olur, amma ümumi mənzərəyə diqqət etsək, 100 hamilə qadın üzərində müayinə aparsaq, onlardan 90-da hamiləlik pataloji keçir. Yəni onlarda dölyanı suyun bulanması, hamiləlikdaxili anomaliyalar və başqa bu kimi müxtəlif xəstəliklər olur. Bu zaman qan laxtalanma sistemi pozulur. Buna görə də hər bir ana və uşaq ölümü araşdırılaraq, məhkəmə tibbi ekspertizasının rəyi öyrənilməlidir. Dünyanın hər yerində hamiləliklə bağlı protokollar var. Həmin protokollarla harada yanlışlığa yol verildiyi araşdırılır. Bizdə isə bu protokollar yoxdur. Belə halda da yalnız ümumi bir rəy yaranır ki, bütün hallarda həkim günahkardır. Bəzi hallarda həqiqətən də həkimlərin günahı var. Amma bütün günahı həkimlərin üzərinə yıxmaq çıxış yolu deyil”.

 

Qadınların əksəriyyəti hamiləlikdən əvvəl müayinədən keçmir

Problemdən çıxış yolunun səhiyyənin sığortalanmasından keçdiyini deyən A.Qeybulla vurğuladı ki, bu sahədəki islahatlar başa çatdıqdan sonra bizdə də ana və uşaq ölümü hallarının sayını minimuma salmaq mümkündür. Həkim ölüm hallarının əksər hallarda qeysər kəsiyi ilə doğuş zamanı baş verməsi ilə bağlı iddialara da münasibət bildirdi: “Çox zaman ananın özü israrla tələb edir ki, doğuşu süni yolla olsun. Doğuş zamanı dölün böyük olması, yaxud digər problemlər anaları qorxudur. Buna görə də doğuş qeysər kəsiyi vasitəsilə həyata keçirilir. Və sonra ikinci hamiləlik də məcburən bu yolla aparılır. Amma həkimlər mütləq nə üçün əməliyyat aparmalarını əsaslandırmalıdırlar. Əgər qeysər kəsiyi əməliyyatı düzgün qaydada yerinə yetirilibsə, doğulan körpədə heç bir fəsad olmur. Qeyd edim ki, normal doğuş zamanı da gecikmələr oksigen çatışmazlığına, hipoksiyaya səbəb ola bilər. Yəni hər iki doğum formasında problem ola bilər. Bir şeyi nəzərə almaq lazımdır ki, uşaqlıq yolunda olan bəzi infeksiyalar hər iki doğuş formasından sonrakı irinli iltihabi ağırlaşmalar üçün şərait yaradır. Bəzi hallarda uşaqlığın qapalı iltihabı yarandığından xəstələr təcili ikinci əməliyyata götürülürlər. Uşaqlıq yolu florasının dağılması, müxtəlif cinsi yolla keçən infeksiyalar da ağırlaşmaya səbəb ola bilər. Bu məsələdə ən narahatverici məqam odur ki, qadınların əksəriyyəti hamiləlikdən əvvəl müayinədən keçmir. Bu, çox ciddi haldır”.

 

Hamiləyə normadan artıq “medikamentoz” vurulur

Problemlə bağlı ginekoloq Kifayət Rzayeva isə söyləyir ki, xəstələrin vaxtında həkimə müraciət etməməsi, hamiləliyə qədər və sonra müəyyən məsləhətlərin alınmaması belə fəsadlara yol açır: “İstər hamilə qalarkən, istərsə də hamiləliyin gedişində qadın vaxtaşırı müayinədən keçməlidir. Xüsusilə bölgələrimizdə bu məsələyə bir az etinasız yanaşılır. Bəzi hamilələr 9 ay müddətində yalnız bir-iki dəfə həkim nəzarətindən keçirlər. Halbuki onlar lazım olan bütün analizləri verməli, USM aparatından keçməlidirlər. Belə olarsa, ana və körpəni ölümə aparan hər hansı fəsad vaxtında aşkar edilərək aradan qaldırılar. Bəzən doğuşdan əvvəl dölyanı maye açılır, qan təzyiqi çox yüksəyə qalxır, sidikdə zülalın miqdarı hədsiz artır və sair. Bu hallar isə həkim nəzarətsizliyinin nəticəsidir. Əgər hamilə qadın zamanında müayinədən keçmiş olsa, nə özünün, nə də körpəsinin həyatı təhlükədə olmaz”.

K.Rzayeva bildirdi ki, ölüm hallarının artmasında qeysəriyyə kəsiyi ilə doğuşun da böyük rolu var: “Qeysəriyyə kəsiyi ilə doğuşun qarşısının alınmasına nəzarət güclənsə də, xanımlarımız bəzən heç bir ehtiyac olmadığı halda bu yolla doğuş etmək niyyətində olduqlarını bildirirlər. Onlar hesab edir ki, bu yarım saatlıq proses onlar üçün daha rahat keçər. Amma göstəriş olmadan təbii doğuşdan imtina etmək olduqca yanlışdır”.

O, ana və uşaq ölümündə bəzi həkimlərin də məsuliyyətsiz davrandığını vurğuladı: “Doğuş ərəfəsində hamilənin tez azad olması üçün ona normadan artıq “medikamentoz” dərmanlar vurulur ki, bu da ana və körpənin səhhətinə çox ziyandır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir