“Gencaile.az” saytının “Həkimim” rubrikasının budəfəki qonağı pediatr Qönçə Nəbizadədir. Onunla uşaqlarda rastlanan sağlamlıq problemləri, peyvəndlər, antibiotiklərin istifadəsi və valideynlərin uşaqlarına necə dəstək ola biləcəyi kimi mövzularda həmsöhbət olduq.
– Uşaqlarda ən çox rastlanan sağlamlıq problemləri hansılardır və valideynlər onların qarşısını almaq üçün hansı tədbirləri görməlidir?
– Uşaqlar arasında ən çox müşahidə olunan problemlər yoluxucu xəstəliklər, allergiyalar, dəmir çatışmazlığı, diş çürüməsi və hərəkətsizlik nəticəsində yaranan piylənmədir. Valideynlər gigiyenaya diqqət etməli, uşaqları balanslı qidalandırmalı, mütəmadi olaraq tibbi müayinəyə aparmalı və açıq havada oynamağa,sosiallasmaga həvəsləndirməlidirlər.
– Uşaqlarda antibiotiklərin düzgün istifadə edilməməsi və bunun nəticəsində yaranan problemli hallar haqqında nə düşünürsünüz?
– Antibiotiklər əsasən bakterial infeksiyalarda təsirlidir. Təəssüf ki, bəzi valideynlər həkim təyin etmədən antibiotik verirlər ki, bu da dərmanlara qarşı müqavimət yaradır, müalicəni çətinləşdirir və uşağın həm immun sisteminə həm də bağırsaq sağlamlığına zərər vurur. Antibiotiklər yalnız həkim nəzarəti ilə istifadə olunmalıdır.
– Payız mövsümü adətən xəstəliklərin artması ilə müşahidə olunur. Bu dövrdə valideynlər uşaqları xəstəliklərdən necə qoruya bilər?
– Payızda havaların dəyişməsi ilə xəstəliklər artır. Bu dövrdə uşaqları xəstəliklərdən qorumaq üçün vitaminli qidalara üstünlük verilmeli, düzgün geyim, otaqların mütəmadi havalandırılması vacibdir.
– Azərbaycanda uşaqlara peyvəndlər barədə cəmiyyətin məlumatlılıq səviyyəsi necədir və peyvəndlərin uşaqlar üçün əhəmiyyəti nədir?
– Azərbaycanda dövlət peyvənd proqramı mövcuddur və peyvəndlər pulsuz edilir. Lakin bəzi valideynlərdə tərəddüdlər hələ də qalmaqdadır. Unutmaq olmaz ki, peyvəndlər uşaqları qızılca, difteriya, poliomielit kimi ölümcül xəstəliklərdən qoruyur. Maarifləndirmə işlərinin artırılması peyvəndlənmə səviyyəsini yüksəldə bilər.
– Bugünkü dövrün uşaqlarında telefon və internet istifadəsinin psixoloji və fiziki sağlamlığa təsirləri necədir?
– Texnologiyadan düzgün istifadə faydalı olsa da, həddindən artıq telefon və internet istifadəsi nəinki uşaqlarda, böyüklərdə də yaratdığı problemlərlə qarşılaşırıq. Təəssüf ki, bu hal getdikcə daha təhlükəli olmağa başlayıb. Diqqət dağınıqlığına, aqressiyaya, hərəkətsizliyə, görmə zəifləməsinə və qamət problemləri tez,tez rastlaşdığımız fesadlardandır. Valideynlər övladlarının internet vaxtını məhdudlaşdırmalı və faydalı məzmun seçmələrinə nəzarət etməlidir.
– Xüsusi ehtiyacları olan uşaqların təhsili və sosial inteqrasiyası üçün Azərbaycanda hansı dəstək mexanizmləri mövcuddur?
– Xüsusi ehtiyaclı uşaqlar üçün dəstək Azərbaycanda inklüziv təhsil proqramları tətbiq olunur, bəzi məktəblərdə xüsusi siniflər, psixoloq və loqoped dəstəyi mövcuddur. Lakin bu sahədə valideynlərin, müəllimlərin və cəmiyyətin maarifləndirilməsinə hələ də ehtitac var.
– Uşaqların fiziki aktivliyini artırmaq üçün hansı tədbirlər görülməlidir və valideynlər bu istiqamətdə necə dəstək ola bilər?
– Uşaqların sağlam böyüməsi üçün gündəlik hərəkət vacibdir. Valideynlər övladlarını idmana yönləndirməli, birlikdə açıq havada vaxt keçirməli və passiv ekran qarşısında oturma müddətini azaltmalıdırlar. Bu onların həm özləri həm də övladları üçün faydalıdır.
– Bəzi günlərdə sadəcə bir uşağın üzündəki təbəssüm, bütün çətinliklərə unutdurur. Həkim olaraq, uşaqların motivasiyasını artırmaq və onlara müsbət təsir etmək üçün nələr edirsiniz?
– Uşaqlar üçün tibbi mühit bəzən qorxulu ola bilər. Onların motivasiyasını artırmaq üçün həkimlər uşaqlara sevgi və diqqətlə yanaşmalı, müsbət emosional dəstək göstərməlidirlər. Bir uşağın təbəssümü doğurdan da çox zaman bütün çətinlikləri unutdurur.
Söhbətləşdi: Tural Məmmədov
Bəzi hallarda həkimlər uşaqlara yanaşanda çox ciddi olurlar, amma Qönçə Nəbizadənin dediyi kimi, uşaqlar üçün sevgi və diqqət çox önəmlidir. Uşaqların sağlamlığı yalnız fiziki tərəfdən yox, emosional baxımdan da qorunmalıdır.