xestelik

Appendisit nədən yaranır?

Baxış sayı: 1. 658

İnsanı qəfil yaxalayan xəstəliklərdən biri də appendisitdir. Qarın boşluğunun ən geniş yayılmış kəskin xəstəliyi hesab olunan appendisit korbağırsağın soxulcanabənzər çıxıntısının iltihabıdır. Yalnız südəmər körpələr bu xəstəliyə düçar olmur, qalan yaş qrupları isə risk altındadır. Xəstəliyin ağır formaları daha çox yaşlı insanlarda müşahidə olunur.

Appendisitin ilk əlaməti ağrıdır. Adətən ağrı gecə və ya səhərə yaxın başlayır. Kürəkdə və ya göbək ətrafı nahiyyədə başlayan küt ağrılar 3-4 saatdan sonra güclənərək sağ qalça çuxurunda lokalizasiya olunur. Yeriyərkən və sağ böyrü üstə uzanarkən ağrı güclənir, daimi xarakter daşıyır.

Ağrı başlanandan 2-3 saat sonra ürək bulanma və qusma müşahidə olunur. Qusma adətən bir dəfə olur, rahatlıq gətirmir. Qəbizlik və ya ishal yarana bilər. Ağrıdan 2-4 saat sonra hərarət yaranır. İltihabi proses nə qədər güclüdürsə, hərarət də o qədər yüksək olur.

Bəzi insanlarda ağrı qarının sol tərəfinə vura bilər. Belə ki, onlarda appendiks qarının mərkəzində və ya aşağı sol hissəsində yerləşir. Amma appendisit diaqnozu qoyulanların 90 faizində bu ağrı qarının sağ aşağı nahiyyəsində özünü göstərir.

Təəssüf ki, appendisit iltihabı uşaqlardan da yan keçmir. Appendisit tutması üçün uşağın zəif, arıq və ya sağlam olmasının fərqi yoxdur.

Ümumiyyətlə, appendisitin yaranma səbəbləri dəqiq öyrənilməyib. Lakin alimlər bunun əsas səbəbləri kimi qeyri-sağlam qidalanmanı, çoxlu qoz yeməyi, tum çırtdamağı, dişlərdəki kariesi, orqanizmdə infeksiya ocağının olmasını göstərir. Appendisit iltihabını soxulcanabənzər çıxıntıda olan bakteriyaların yaratdığı hesab olunur. Qəbzliyə meylli insanlar da bu cərrahi xəstəliklə üzləşə bilərlər. Qan dövranının pozulması, xərçəng də appendisitin səbəblərindən sayılır.

Appendisitə şübhə olan anda gözləmək, vaxt itirmək, uşağa nəsə içirtməyə, uşağı yatırtmağa çalışmaq olmaz. Ağrıkəsici və qızdırma salıcı dərmanlar verməksə qəti qadağandır.

Appendisit diaqnozu vaxtında qoyulub cərrahi əməliyyat aparılmazsa, bu, ağır fəsadlara səbəb ola bilər. İrinləmiş appendiks partladıqda onun möhtəviyyatı qarın boşluğuna yayılır, peritonit qaçılmaz olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir