Uşaqların yüksək aqressiyası tək həkimlərin, müəllimlərin psixioloqların deyil, həmçinin bütün cəmiyyətin kəskin problemlərindən biridir. Aqressiv uşaqların sayı sürətlə artır.
Bu, çoxlu sayda xoşagəlməz faktorların birgə təsirindən yaranır:
1.uşaqların həyatının sosial şəraitinin pisləşməsi
2.ailə tərbiyəsinin düzgün olmaması
3.məktəbin uşaqların sinir-psixi vəziyyətinə fikir verməməsi
4.körpənin baş beyninin zədələnməsi kimi ağırlaşmalarla nəticələnən pataloji hamiləlik və doğuşların sayının artması.
Bundan başqa kütləvi informasiya vasitələrinin də böyük təsiri var.
Bu məqalədə valideynlərin və müəllimlərin aqressiv uşaqlarla necə ünsiyyət qurması haqqında konkret praktik tövsiyələr qeyd edilmişdir.
Aqressiya zaman təcili müdaxilə
Uşaq və yeniyetmələrdə yaranan aqressiya zamanı təcili olaraq böyüklərin müdaxiləsi tələb olunur.Təcili müdaxilə gərgin, konfliktli vəziyyətlərdə aqressiv davranışların azalmasına və ya onların qarşısının alınmasına yönəlməlidir.
Təcili müdaxilənin qeyd olunan qaydaları münaqişənin pozitiv istiqamətdə həll olunmasına səbəb olur.
1.Kiçik bir aqressiya zamanı sakit reaksiya
Uşaqlarda və yeniyetmələrdə yaranan aqressiya əgər təhlükəli deyilsə və anlaşılandırsa qeyd olunan pozitiv strategiyalardan
-uşağın,⁄yeniyetmənin reaksiyasına əhəmiyyət verməmək-xoşagəlməz davranışların qarşısını alan güclü bir yoldur.
-uşağı anladığınızı bildirən ifadə (əlbəttə , bu sənə təsir edir…)
-diqqəti başqa yerə yönəltmək, hər hansı bir iş təklif etmək
-uşağın davranışını pozitiv ifadə etmək (sən hirslənirsən ,çünki yorulmusan)
Uşaqlar çox vaxt aqressiyadan özlərinə diqqət cəlb etmək üçün istifadə edirlər.
2.Diqqətin şəxsiyyətə yox, davranışa yönəldilməsi.
Uşağın şəxsiyyətini yox, onun hərəkətlərini tənqid edin.
Uşaq sakitləşdikdən sonra onunla davranışını müzakirə etmək məqsədəuyğundur. Aqressiya zamanı özünü necə apardığını,
dediyi sözləri, hərəkətləri təsvir etmək lazımdır.
Uşağın yalnız indi və burda yaranan davranışlarını təhlil edin, keçmiş hərəkətlərini yada salmayın. Yoxsa uşaqda acı hislər yaranacaq və o öz davranışına tənqidi yanaşa bilməyəcək.
Uşağa davranışının mənfi nəticəsini və aqressiyanın ən çox onun özünə zərər verdiyini bildirin.
Aqressiyanı azaldan yollardan biri-uşaqla əvvəlki münasibətləri bərpa etməkdir. Bunun üçün göstərilən texnikadan istifadə olunur.
-faktı təsdiq etmək (sən özünü aqressiv aparırsan)
-təsdiq olunan sual (sən qəzəblənirsən?)
-aqressiv davranışın motivlərinin açıqlanması (Sən məni incitmək istəyirsən?,Sən gücünü nümayiş etdirirsən?)
-xoşagəlməz hərəkətə qarşı öz hislərinizi bildirin. (mənimlə bu tonda danışmağın xoşuma gəlmir.)
-qaydalara müraciət etmək (Biz ki,səninlə danışmışdıq, şərt kəsmişdik)
Uşağın və yeniyetmənin aqressiyasına qarşı reaksiya zamanı böyüklər ən azı 3 xüsusiyyət nümayiş etdirməlidirlər: maraq göstərmək, xeyirxahlıq, qətilik. Axırıncı xüsusiyyət onu göstərməlidir ki, valideyn öz övladını sevir , lakin onun bu cür davranışının əleyhinədir.
3.Öz mənfi emosiyalarına nəzarət. Valideynlər və ya mütəxəssislər aqressiv uşaqla ünsiyyətdə olarkən öz neqativ emosiyalarına nəzarət etməlidirlər. Uşaqların aqressiv davranışı böyüklərdə güclü mənfi emosiyalar-qıcıqlanma, hirs, inciklik. qorxu, çarəsizlik yaradır. Böyüklər bu neqativ halı normal və təbii qəbul etməlidirlər.
Böyüklər öz mənfi emosiyalarını idarə etməklə uşağın yaratdığı aqressiv vəziyyətin ağırlaşmasının qarşısını alır, onunla xoş münasibət saxlayır və aqressiv insanla qarşılıqlı əlaqənin necə olduğunu nümayiş etdirirlər.
4.Vəziyyətin gərginliyinin qarşısının alınması. Uşaqların aqressiyası zamanı böyüklərin əsas işi -vəziyyətin gərginliyini azaltmaqdır. Böyüklər göstərilən hərəkətləri edərək gərginliyi və aqressiyanı daha da artırırlar:
-səsin yüksəldilməsi,uşağı hədələmək
-güc nümayiş etdirmək
-qışqırmaq, təhqir etmək
-aqressiv jestlər etmək
-sarkazm, rişxənd, lağ etmək və qıcıqlandırmaq
-uşağın özünün, yaxınlarının, dostlrının neqativ şəkildə qiymətləndirilməsi
-fiziki gücün istifadə olunması
-münaqişəyə yad insanların cəlb edilməsi
-cəzalandırmaq
-uşağı yaxşı uşaqlarla müqayisə etmək
-təzyiq etmək, tələb etmək
Bu reaksiyaların bəziləri vəziyyəti müəyyən vaxta qədər sakitləşdirir. Lakin bütün bu reaksiyalar uşağa daha çox mənfi təsir göstərir.
5.Uşağın davranışını müzakirə etmək.
Aqressiya zamanı uşağın davranışını analiz etməyin . Bunu o, sakitləşdikdən sonra etmək lazımdır. Müzakirəni təklikdə və sakit vəziyyətdə aparmaq lazımdır. Uşağa başa salmaq lazımdır ki, onun bu cür aqressiyası ətrafdakılardan çox onun özünə ziyandır.
6.Uşağın müsbət qiymətləndirilməsi
Uşağın mənfi hərəkətlərini heç vaxt başqalarının yanında müzakirə edib onu pərt etməyin.
Yeniyetmənin müsbət reputasiyasını saxlamaq üçün aşağıda göstərilənlər məqsədəuyğundur:
– yeniyetmənin günahını başqaların yanında minimuma endirmək, lakin gözünün içinə baxaraq həqiqəti bldirmək
-uşağı tam olaraq özünüzə tabe etməyin. İmkan yaradın ki, sizin tələblərinizi özü bildiyi kimi yerinə yetirsin.
-yeniyetmə ilə kompromisə girin.
Uşağa təzyiq edərək öz tələblərinizi həyata keçirtmək istədikdə yeni bir aqressiyanın yaranmasına səbəb ola bilərsiniz.
7.Qeyri-aqressiv davranışın nümayiş etdirilməsi
Aqressiya zamanı uşağı düzgün tərbiyələndirməyin əsas şərti-qeyri-aqressiv davranışın nümayiş etdirilməsidir. Uşağın yaşı kiçik olduqca valdeyn göstərilən aqressiyaya qarşı daha sakit olmalıdır. Valideyn diqqətlə, analiz etmədən uşağı dinləməlidir. İmkan yaratmalıdır ki,o , fikrini tam izah etsin- əks halda yeni konflikt yaranır. Ən əsas valideyn səmimi olmalıdır.
Uşaqlarda aqressiyanın növləri və münasibətlərin qurulması metodları
1.Hiperaktiv-aqressiv uşaq. Hiperaktiv uşaqlarda aqressiyaya daha çox rast gəlinir. Uşaqlara səhvlərini etiraf etməyi, ətrafdakılara qarşı qayğıkeş olmağı , öz günahını başqasının üstünə atmamağı öyrədin.
2.Aqressiv-dəymədüşər uşaqlar. Dəymədüşərlik uşaqlarda tərbiyənin düzgün olmaması və sinir sisteminin xəstəlikləri ilə əlaqədar yarana bilər. Əgər uşaq demək olar ki , həmişə aqressivdirsə onda çalışın ki, onu gərginlik yaradan vəziyyətlərdən uzaqlaşdırasınız.
3.Qarşılıqlı olaraq aqressivlik yaradan uşaqlar. Əgər uşaq daima yalnız valideynlərinə, yaxınlarına kobudluq edirsə, demək onun valideynləri ilə münasibətində problemlər var.Bu zaman valideynlər problemi birlikdə həll etməli, uşaqla birlikdə çox vaxt keçirməlidirlər.
4.Aqressiv-qorxacaq uşaqlar. Belə uşaqlarda öncə qorxu hissini aradan qaldırın.
5.Aqressiv-hissiyyatsız uşaqlar.Buna səbəb ailə tərbiyəsi, intelektual inkişafın pozulması və genetika ola bilər. Belə uşaqlar laqeyd , kobud, davakar olur. Bu cür uşaqlarda humanist hisslər yaratmağa çalışın.