ari

Arı sancmaları zamanı nə etməli?

Baxış sayı: 1. 642

“Bağdan meyvə yığırdım. Bilmədən arının yuvasına toxundum. Elə bu an məni bir arı sancdı. Əvvəlcə fikir vermədim, fikirləşdim ki, heç nə olmaz. Bir müddət sonra sifətim şişməyə başladı. Məcbur qalıb xəstəxanaya apardılar. Şiş o qədər böyük idi, üzüm tanınmaz hala gəlmişdi. Yaxşı ki, həkimlər vaxtında müdaxilə etdilər. Üç gün ərzində şiş yavaş-yavaş çəkilib getdi. Həkimlər dedi ki, arı sancmasından sonra orqanizm şok keçiribmiş. Bir daha əmin oldum ki, bəzən önəmsiz hesab etdiyimiz, fikir vermədiyimiz problemlər sonradan böyük problemə çevrilə bilir”. Bu sözləri bizimlə söhbətində Günel Kərimova söylədi. Onun da qeyd etdiyi kimi, bəzən əhəmiyyət verməsək də, sonradan arı sancmalarının böyük fəsadları  üzə çıxa bilir. Bəs arı sancmaları zamanı nə etməliyik?

 

Həkim-pediatr Kənan Qarayev deyir ki, hər şey ilkin tibbi müdaxilədən asılıdır: “Bəzən arı sancmasından sonra həmin şəxsin orqanizmində allergik şok reaksiyası müşahidə edilir. Burada önəmli olan ilkin yardımın hansı formada göstərilməsidir. Bəzən elə olur ki, arı sancan şəxsdə ciddi fəsadlar müşahidə olunmur. Amma elə insan var ki, arı sancmasına və arı məhsullarına qarşı allergik reaksiya verir. Allergik insanlarda arı sancması baş verdiyi zaman xəstənin halı xeyli pisləşə bilir. Belə ki, hətta bəzən ölüm halları da olur. Dil, dodaq, qırtlaq və üz nahiyəsinin sancılması isə daha təhlükəli hesab olunur. Bir neçə yerdən sancmalar zamanı ağır intoksikasiya (zəhərlənmə) inkişaf edə bilər. Bu halda insanı dərhal xəstəxanaya çatdırmaq lazımdır. Adətən belə adamların orqanizmi təkcə arı deyil, digər həşərat sancmalarına qarşı da eyni reaksiyanı verir. İnfeksiya daşıyıcısı olan həşəratlar sancdığı zaman isə daha ciddi fəsadlar müşahidə olunur. Bu zaman xəstənin halında ağırlaşmalar başlayır. Yaxşı olar ki, arının sancdığı nahiyənin daha çox hissəyə yayılmaması üçün ilkin tibbi yardım vasitələrindən istifadə olunsun. Arının sancdığı nahiyədə iynə qalıbsa iynəni oradan çıxarmaq üçün müdaxilə edilməlidir. Çalışmaq lazımdır ki, arının sancdığı yerə buz və yaxud soyuq su ilə isladılmış dəsmal qoyulsun. Sancılan yeri rezinlə bağlamaq faydalıdır. İlkin tibbi müdaxilədən sonra xəstə dərhal xəstəxanaya çatdırılmalıdır. Xəstənin ağrıları çox olduqda isə ona müəyyən ağrıkəsicilər verilə bilər. Vəziyyət ağır olduqda venadaxili müdaxilələr edilir. Bəzən arı sancan zaman türkəçarə üsullarından istifadə olunur. Amma bu, heç də faydalı deyil. Məsləhətdir ki, xəstənin qan təzyiqi ölçülsün. Qan təzyiqi ölçüldükdən sonra dərhal həkim müdaxiləsi vacibdir”.

 

Tibb elmləri doktoru Şəmsiyyə Namazlı deyir ki, arı sancmaları xalq təbabətində müalicəvi metod kimi istifadə olunur: “Amma hər kəsin orqanizmi eyni deyil. Hər bir şəxs orqanizminin həssaslığı, immun-bioloji tarazlığından asılı olaraq arı sancmalarına fərqli reaksiya verə bilir. Bəzən hətta arı sancmalarından sonra xəstə şok vəziyyətinə düşə bilir. Ona görə demək olmaz ki, hər kəs arı sancmasına qarşı eyni reaksiyanı verəcəyini gözləmək olmaz. İlan sancmaları zamanı xüsusi dərmanlar tətbiq olunur. Arı sancmaları zamanı isə xüsusi metod yoxdur. Hər kəsə fərqli qaydada tibbi müdaxilə edilir. Həssaslığı olan insanlar özünü arı sancmalarından qorumalıdır. Çünki belə insanlarda arı sancmaları zamanı orqanizm şoka düşə bilir”.

 

Həkim qeyd etdi ki, indi müasir təbabətlə qədim təbabət təkmilləşdirilərək arı sancmalarından müalicə metodu kimi istifadə olunur: “Tibdə bunun əhəmiyyəti böyükdür. Xalq təbabətində də arı sancmalarından istifadə olunur. Amma adətən türkəçarələrin arı sancmaları zamanı faydası olmur. Çünki arının zəhəri həmin nahiyədə dəri altına keçir. Amma istənilən halda, insanlar arasında müəyyən fikirlər kök salıb. Bəzən hətta hansısa metodun ağrını azaltdığına inanırlar. Bu, əslində psixoloji bir məsələdir. Belə metodların fizioloji əhəmiyyəti yoxdur”.

 

 

Şəbnəm Mehdizadə 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir