derman

Arıqlama dərmanları psixi xəstəliklər yaradır – ARAŞDIRMA

Baxış sayı: 1. 464

 Azərbaycanda son vaxtlar yaranan tendensiyalardan biri də arıqlamaq üçün nəzərdə tutulan preparatlara olan marağın artmasıdır. Piylənmədən və artıq çəkidən əziyyət çəkən insanların müəyyən hissəsi bu problemlərinin aradan qaldırılması üçün bəzi hallarda sağlam üsullara deyil, məhz arıqlama dərmanlarından istifadəyə üstünlük verməyə başlayıb.

Azərbaycanda əmək qabiliyyətli insanların orta hesabla 40%-də piylənmə var

Hazırda piylənmədən dünya əhalisinin 7%-i əziyyət çəkir. Qərbi Avropa ölkələrinin əksəriyyətində yaşlı əhalinin 9%-dən 20%-ə qədərində piylənmə (BÇİ>30), 25%-dən çoxunda artıq bədən çəkisi var. ABŞ-da isə bu, müvafiq olaraq 25% və 50%-dir. Azərbaycada yaşı 65-dək olan insanlar arasında aparılan tədqiqatlara görə, ölkədə əmək qabiliyyətli insanların orta hesabla 30-40%-də piylənmə, 25-30%-də isə artıq çəki var. Son illər əksər ölkələrdə piylənmənin yayılmasının həm böyüklərdə, həm də uşaqlarda əhəmiyyətli artımı müşahidə olunur. Bunun əsas səbəblərindən biri də fəst-fud yeməklərinə olan marağın artmasıdır.

ÜST ekspertlərinin proqnozuna görə, xəstəliyin hazırkı inkişaf tempi saxlanılarsa, 2025-ci ildə dünyada piylənmədən əziyyət çəkənlərin sayı 300 milyondan artıq olacaq.

Piylənmənin ən təhlükəli növü

Həkim-konsultant Yazgül Abdiyeva  bildirib ki, piylənmə insan bədənində ürək-damar, tənəffüs, hormonal, həzm sisteminə təsir edən və bir çox narahatlığa zəmin hazırlayan bir xəstəlikdir. Ürək xəstəlikləri, yüksək təzyiq, şəkərli diabet (2-ci tip), yüksək xolesterin, tənəffüslə bağlı narahatlıqlar, oynaq xəstəlikləri, nevrozlar, sonsuzluq, öd kisəsi xəstəlikləri, böyrək və öd kisəsində daş meydana gəlmə, bəzi xərçəng növləri piylənmə nəticəsində yaranır. Mərkəzi piylənmə qarın nahiyəsində piy yığıntılarının əmələ gəlməsi deməkdir ki, bu da piylənmənin ən təhlükəli növüdür. Bu növ piylənmə əsasən ürək xəstəlikləri, arterial təzyiq və şəkərli diabetin yaranma riskini artırır. Belə növ piylənmə qadınlarda belin ölçüsü budların ölçüsündən 0,9 dəfə, kişilərdə isə 1 dəfə artıq olduqda müşahidə olunur.

Y.Abdiyeva bildirib ki, arıqlamaq üçün mütləq ilk növbədə piylənmənin səbəbləri araşdırılmalıdır. Hormonal xəstəliklər nəticəsində baş verən piylənmə zamanı pəhriz saxlamaq səmərə vermir. Belə insanlar mütləq endokrinoloqlar tərəfindən müalicə edilməklə arıqlaya bilərlər.

Y.Abdiyeva qeyd edib ki, artıq çəki və piylənmənin müalicə üsullarından biri olan pəhrizin saxlanılması üsulunun əsas prinsipi tərkibi sellüloza, vitaminlər və digər bioloji fəal maddələrlə zəngin olan (taxıl bitkiləri, tərəvəzlər, meyvələr və s.), asan mənimsənilən karbohidratlardan azad olan qidaların qəbulu və fiziki hərəkətlərdən ibarətdir: “Ancaq pəhrizin saxlanılması bəzi hallarda piylənməni artırır. Bu onunla bağlıdır ki, pəhrizdən sonra iştahanın sürətli artması və çəkinin sürətli yığılması müşahidə olunur. Bununla əlaqədar pəhrizi yenidən saxlamaq çətin olur. Bəzi alimlərin tədqiqatlarına əsasən, artıq çəki ilə mübarizədə pəhriz effektsiz üsuldur. Ümumdünya Səhiyyə Təşkilatının məsləhətinə əsasən, piylənməyə qarşı mübarizə üçün insan qəbul etdiyi qidanın kalorisini hesablamalı və hər ay 500 kkal miqdarında azaltmalıdır”.

Y.Abdiyeva qeyd edib ki, arıqlamaq üçün istifadə edilən digər üsul – liposaksiya piy hüceyrələrinin aradan götürülməsinə yönəlmiş cərrahi əməliyyatdır. Ancaq bu əməliyyat artıq çəkiyə qarşı mübarizə kimi yox, piy yığıntılarının kosmetik aradan qaldırılmasına yönəlib.
Həkim konsultant Britaniya alimlərinin bu əməliyyatı faydasız hesab etdiklərini söyləyib.

Bəzi arıqlama dərmanları jizofreniyaya meyillilik yaradır

Artıq çəki və piylənmənin müalicəsi üçün istifadə edilən digər üsula gəldikdə, Y.Abdiyeva bəzi qrup arıqlama dərmanlarından istifadənin insanda gələcəkdə jizofreniyaya və digər psixi xəstəliklərə meyillilik yaradır.

Y.Abdiyevanın sözlərinə görə, arıqlamaq üçün olan dərman vasitələrinə sintetik, təbii mənşəli müxtəlif dərman vasitələri və bioloji fəal əlavələr daxildir. Bu vasitələr öz təsir mexanizmləri ilə fərqlənirlər. Onlar təsnifatlarına görə, iştahanı yatırdan vasitələr (katexolaminlər və onların törəmələri), orqanizmdə maddələr mübadiləsini sürətləndirən və müəyyən qida maddələrinin sorulmasına təsir göstərən vasitələr, mərkəzi təsirə malik vasitələr (bu vasitələr (sibutramin, deksedrin) iştahanı azaldırlar) olurlar.

Y.Abdiyeva sonra qeyd edib ki, bu vasitələrin bəziləri oyandırıcı təsirə malikdirlər. Buna görə də onları uzun müddət ərzində istifadə etmək olmaz. Belə vasitələrin xoşagəlməz yan təsirləri də yaranır.

Belə təsirə malik bəzi preparatların artıq bır sıra ölkələrdə qadağan edildiyini deyən Y.Abdiyeva qeyd edib ki, 2008-ci ildən güclü təsir göstərən preparatlar siyahısına daxil edilən “Sibutramin”dən istifadə Amerika və bir sıra Avropa ölkələrində qadağan edilib.

Həkim-konsultantın sözlərinə görə, “Sibutramin” preparatının yan təsirləri nəbzin tezləşməsi, ürəkdöyünmə, arterial təzyiqin yüksəlməsi, yuxu, görmə və həzm sistemi pozğunluğu, ağızda quruluq, baş ağrısı və narahatlıq yaradır. Tədqiqatların nəticələrinə əsasən, “Sibutramin”dən uzun müddətli istifadə arterial təzyiqin davamlı artmasına imkan yaradaraq miokard infarkta və işemik insulta səbəb ola bilər.

Arıqlama dərmanlarını qəbul etdikdən sonra yaranan narahatlıqlara görə xəstəxanaya müraciət edənlər olub

Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə bildirib ki, arıqlama dərmanları bədənin müqavimətini zəiflədə, insanın qaraciyərində, böyrəyində, qanın tərkibində dəyişikliklər əmələ gətirə bilər.

A.Maqsudovun sözlərinə görə, arıqlama preparatlarının insan orqanizminə necə təsir göstərməsi onların tərkibindən asılıdır. Bu dərmanlar bitki tərkibli və kimyəvi tərkibli olur ki, onlardan kimyəvi mənşəli preparatlar insan orqanizminə daha pis təsir göstərir: “Amma orqanizmlər bir-birindən fərqləndiyindən onların təsiri də müxtəlif cür olur. Bu preparatlar yalnız həkimin təyinatı ilə qəbul olunmalıdır”.

A.Maqsudov deyib ki, indiyədək toksikologiya şöbəsinə arıqlama preparatlarının qəbulu nəticəsində yaranan zəhərlənmə ilə əlaqədar müraciət edilməyib. Yalnız bir necə nəfər həmin preparatları qəbul etdikdən sonra daxili orqanlarında yaranan narahatlıqla əlaqədar şöbəyə müraciət edib: “Müraciət edənlərin bəzilərində qanın müayinəsi aparılıb, bəzilərində isə qaraciyər, böyrək müayinəsi həyata keçirilib. Biz həmin halları zəhərlənmə kimi qiymətləndirməmişik. Xəstələrə yalnız məsləhət verib evə buraxmışıq”.

A.Maqsudov əlavə edib ki, mərkəzə müraciət edən az sayda insanlar əsasən, qadınlar olub.

Azərbaycanda “Sibutramin” tərkibli arıqlama dərmanlarından istifadə qadağan edilib

Arıqlamaq üçün dərman vasitələri Azərbaycanda istehsal edilmədiyindən onlar ölkəmizə əsasən, Avropa ölkələrindən idxal edilir.

Arıqlamaq üçün qida əlavələri dərman hesab edilmədiyindən onların ölkəyə idxalı üçün lisenziya tələb edilmir.

Səhiyyə Nazirliyindən  verilən məlumata görə, Azərbaycanda arıqlamaq üçün 2 dərman rəsmi olaraq, dövlət qeydiyyatından keçib. Bu dərmanlar eyni, yəni orlistat tərkiblidir. İngiltərə və İsveçrə istehsalı olan bu dərmanlar Azərbaycanda iki ticari adla – “Elay” və “Ksenikal” adı ilə satılır. Bu dərmanlar oyadıcı təsirə malik deyillər. Onlar orqanizmdə müəyyən qida maddələrinin sorulmasına təsir göstərərək, yağların parçalanması və sorulmasını inqibə edir, kalorilərin mənimsənilməsini aşağı salır.

Bu dərmanlar həkimin təyinatı üzrə istifadə edildikdə orqanizm üçün zərərsiz hesab edilir.

Nazirlikdən verilən məlumata görə, artıq bir necə ildir ki, “Sibutramin” tərkibli arıqlama dərmanlarından Azərbaycanda da istifadə etmək qadağan edilib. Buna görə də bu tərkibli dərmanların qeydiyyatı üçün müraciət edildikdə də müsbət cavab verilmir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir