derman

Arıqlama dərmanlarında xərçəng təhlükəsi – ARAŞDIRMA

Baxış sayı: 1. 469

Artıq çəkidən azad olmaq və həmişə formada qalmaq hər bir qadının arzusudur. İndi xanımlar arıqlamaq üçün müxtəlif üsullardan istifadə edirlər. İdmanla məşğul olmağa və pəhriz saxlamağa tənbəllik edən qadınlar isə daha asan üsullara əl atırlar. Bu, arıqlama dərmanlarıdır. Hər gün televiziya ekranlarında və  müxtəlif lövhələrdə reklamları ilə rastlaşdığımız bu dərmanlar apteklərdə reseptsiz satılır. Əczaxanalarda apardığımız müşahidələrimiz zamanı məlum oldu ki, satışda arıqlama vasitələri müxtəlif adlarda bitki çayları, kofelər və həblər var. Qiymətləri 5 manatdan başlayaraq 50-60 manatadək dəyişən dərmanların alıcılarının da az olmadığı deyilir. Bəs bu pereparatlardan istifadə edərək arıqlamaq düzgündürmü?

 

Diyetoloq Məlahət Kərimova bildirir ki, arıqlama dərmanları vasitəsilə çəki atmaq məsləhət deyil. Çünki həmin dərmanların istifadəsi bir sıra fəsadlar törədə bilər: “Dərmanı qəbul edəndən sonra o, mədədə parçalanır və mərkəzi sinir sisteminə toxluq siqnalı gedir. Amma əslində insan özü ac olur. Bu dərmanlar əsasən on beş gün, ya da bir ay qəbul edilir. Həmin müddət ərzində adam özünü tox hiss edir, yemək yemir və arıqlayır. Amma dərmanın qəbulu bitəndən sonra yenə aclıq hissi yaranır və insan yenə əvvəlki kimi  yeyir. Nəticədə kiçilmiş mədə yenidən böyüyür”.

Arıqlama dərmanlarının insan orqanizmi üçün ziyanlarından danışan M.Kərimovanın sözlərinə görə, bu pereparatlar sinir sistemində müəyyən pozuntular, mədə və bağrsaqda problemlər yarada bilər: “Bu dərmanlardan istifadə qadınlarda genekoloji xəstəliklərə, sonsuzluğa, hətta  xərçəngədə də səbəb ola bilər. Onlardan istifadə edənlər arasında daha çox sinir sistemi pozuntularına və mədədə yara hallarına rast gəlinir. Bizə müraciət edən qadınlar arasında elələri var ki, bu dərmanlardan istifadə edib arıqlayıblar, lakin əsəbləri pozulub, sinir sistemlərində bəzi pozuntular yaranıb. Arıqlamaq üçün mənə müraciət edən heç bir qadına bu dərmanlardan istifadəni məsləhət görmürəm”.

Diyetoloq onu da qeyd etdi ki, arıqlamaq üçün iradəni gücləndirmək, düzgün pəhriz saxlamaq və fiziki hərəkətlə məşğul olmaq lazımdır. O, artıq kilolardan azad olmaq istəyən qadınlara bəzi tövsiyələrini də verdi: “Orqanizmdə toxluq hissi yaratmaq üçün yeməkdən əvvəl ilıq su içmək məsləhətdir. Bu, mədədə toxluq hissi yaradır və insan az yeməyə meyillənir”.

M.Kərimovanın dediyinə görə, səhər yeməyindən imtina da yanlış fikirdir:  “Səhər yeməyi çox vacibdir. Naharda da  istənilən yeməyi qəbul etmək olar. Amma axşamlar çalışmaq lazımdır ki, yemək az yeyilsin və daha çox meyvə, tərəvəzə üstünlük verilsin”.

 

Tibb elmləri doktoru, professor Adil Qeybulla bu dərmanlardan istifadənin düzgün olmadığını deyir. Onun sözlərinə görə, arıqlama dərmanlarının çoxunun təlimatlarında onların istifadəsi ilə bağlı məlumatlar yoxdur və yaxud qeyri-dəqiqliyə yol verilir:  “Bu cür dərmanları qəbul etmək təhlükəlidir.  Həmin dərmanın mahiyyəti barədə heç bir ətraflı məlumat verilmir. Vətəndaşlar sadəcə reklamlara baxıb, onların əsasında alıb istifadə edirlər. Yəqin ki, Rusiyanın televiziya kanallarında ayrı-ayrı klinikalarda arıqlamış, hətta psixi durumu da pozulmuş xəstələri çoxları görüb. Birdən-birə arıqlamaq nəticəsində müşayiət olunan geridönməz proseslərin müalicəsi də çətinlik törədir. Ona görə də çox diqqətli olmaq lazımdır. İnsanlar mənşəyi məlum olmayan və Ümümdünya Səhiyyə Təşkilatının reyуstrinə daxil olmayan dərmanları, xüsusilə də arıqlama pereparatlarını alıb istifadə etməməlidirlər”.

A.Qeybulla onu da qeyd edib ki, arqılama üçün istifadə edilən dərmanlar öz təsir mexanizmləri ilə təsnif olunurlar. Onlardan bəziləri piylərin həddən artıq yanmasına, toxluq hissi yaratmağa, iştəhanın azalmasına xidmət edir. Bəziləri isə süni sürətdə bədəndə katobalizmi gücləndirir, orqanizmdə maddələr mübadiləsini sürətləndirdiyindən daha çox yağlar sərf olunur, qida maddələrinin sorulmasına təsir göstərir. Bu vasitələrin bəziləri isə oyandırıcı təsirə malikdirlər: “Bu dərmanlar orqanizmdə duz mübadiləsini pozur, uzun müddət ishal yaradır, bağırsaqdan sorulmanın qarşısını alır. Qidalanma düzgün olmadıqda orqanizmdə əvəz olunmayan amin və yağ turşusunun konsentrasiyası aşağı düşür. Bədəndə əvəz olunmayan amin turşuları, yağlar var ki, onlar qəbul edilməyəndə maddələr mübadiləsi pozulur. Bu zaman pisixi təsirlər də baş verir və onların çoxu bərpa olunmur”.

A.Qeybullanın sözlərinə görə, arıqlama prosesləri xüsusi proqramlar əsasında həyata keçirilməli və həkim nəzarəti altında aparılmalıdır.

Arıqlama dərmanlarının hansı yollarla apteklərə ayaq açdığına gəlincə, professor bildirib ki, bunlar hemoepatik pereparatlardır və Ümumdünya Səhiyyə Təşkilatının reyestrinə daxil deyil: “Bu cür dərmanlar müxtəlif firma və şəbəkələr vasitəsilə satışa çıxarılır və reklam edilir. Ona görə onlara nəzarət də çətindir” .




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir