Bu ilin ilk dörd ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14778 nikah və 5423 boşanma halı qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,5, boşanmaların sayı isə 1,6 olub.
Hesabata əsasən, 2020-ci ilin yanvar-aprel aylarına nəzərən, nikahlar 7,1 faiz, boşanmalar 23,1 faiz artıb.
Rəqəmlərdən də göründüyü kimi, boşanmaların sayı kifayət qədər artıb və artmaqda da davam edir. Həyəcan təbili çalmağın vaxtıdır. Bəs, dövlət qurumları, aidiyyəti orqanlar, mütəxəssislər bu arzuolunmaz tendensiyanın qarışısının alınmasında hansı addımları atır və bu yöndə hansı işləri görməlidirlər? AYNA mövzuya aydınlıq gətirməyə çalışıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) mətbuat katibi Teymur Mərdanoğlu son illər Respublikada nikah və boşanmaların nisbətində ciddi dəyişikliklərin baş verdiyini deyir: “Aparılan təhlillər müəyyən edib ki, boşanmaların ən geniş yayılmış səbəbləri tərəflərin xasiyyətlərində uyğunsuzluq, uşağın dünyaya gəlməməsi, məişət zorakılığı, ailənin maddi rifahının aşağı olması, kənardan müdaxilə kimi hallardır. Komitə tərəfindən nikahın pozulmasının qarşısının alınması məqsədilə bir çox istiqamətlərdə tədbirlər həyata keçirilir. Qarşıya qoyulan əsas məqsədlərdən biri gəncləri ailə həyatına düzgün istiqamətləndirmək, hazırlamaqdır”.
Qurum rəsmisinin sözlərinə görə, Azərbaycan xalqına xas olan milli-mənəvi, ailə dəyərlərinin və sağlam həyat tərzinin təbliği, erkən evliliyin yolverilməzliyi, reproduktiv sağlamlıq, ailə planlaşdırılması mövzusunda gənclər üçün müdəmadi olaraq preventiv maarifləndirmə tədbirləri həyata keçirilir: “Eyni zamanda, gənclərin ailə həyatına hazırlığı istiqamətində diaqnostik sorğular keçirilir ki, bu sorğuların nəticələrinə əsasən də araşdırma və təhlillər hazırlanır. Sorğuları keçirməkdə əsas məqsəd mövcud ailə modelinin təməlinin düzgün qoyulması ətrafında gənclərin düşüncələrini öyrənmək, müasir gəncliyi narahat edən məqamları araşdırmaqdır”.
“Qeyd edək ki, Komitə tərəfindən ailələrə psixoloji, sosioloji və hüquqi dəstəyin göstərilməsi, ailələri narahat edən məqamların öyrənilməsi ilə bağlı aidiyyəti mütəxəssislərin iştirakı ilə ailələrlə mütəmadi olaraq görüşlər keçirilir. Həmçinin, erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair tədqiqatlar aparılır. Əhalinin məlumatlılıq səviyyəsinı artıran maarifləndirici vasitələr, sosial çarxlar hazırlanır, mərkəzi və yerli icra hakimiyyəti orqanları, QHT-lər, eyni zamanda Komitə tabeliyindəki Uşaq və Ailələlərə Dəstək mərkəzləri vasitəsilə əhali arasında yayılması işi təşkil edilir”, – deyə Mərdanoğlu bildirir.
AQUPDK sözçüsü cari ildə müasir tendesiyaların Azərbaycan ailə modelinə təsir mexanizminin müəyyənləşdirilməsi istiqamətində, “Azərbaycanda mövcud ailə münasibətləri, sosial-psixoloji təhlil” adlı araşdırma aparıldığını və təhlil hazılandığını da qeyd edir: “Bütün bunlar boşanmaların qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin bir hissədir. Təbbi ki, bununla problem bitmir. Bu məsələlərdə KİV-lərin rolu və onlarla birgə görülən iş daha səmərli olur. Odur ki, əziz həmkarlar, biz bu işdə sizin də dəstəyinizi gözləyirik və bu istiqamətdə marrifləndirmə tədbirlərini nə qədər aparsaq, bir o qədər də öz səmərəsini verər”.
Hüquqşünas Zaur Əliyev bu məsələdə insanları iki seqmentə ayırdığını söyləyir: “Bu iki seqmentə boşayan və boşananları daxil etmişəm. 100 nəfərdən 10 nəfər boşayan (kişi) tərəf, 90 nəfəri işə boşanan (qadın) tərəfdir. Boşanmalara səbəb olaraq işsizlik, ərin işləməməsi, maddi imkansızlıq, ailənin təminatsızlığını göstərirlər. Bəzən elə olur ki, qadınlar boşanmır, amma boşanmadan məhkəməyə aliment tələbi ilə iddia irəli sürürlər. 100 nəfərdən 90 nəfər boşanmaya müraciət edən qadınların 10-15 nəfəri boşanmadan aliment tələb edir. Həmin qadınlar isə nikahın pozulmasını istərmirlər və onlar istəyirlər ki, adı üstündə evli hesab edilsinlər və insanlar onun boşanmasını bilməsin. Əksəriyyət isə boşanmadan heç çəkinmirlər də”.
Həmsöhbətimizin dediyinə görə, boşananlar sırasında əksəriyyət sosial şəbəkə üzərindən ailə quranlardır: “Sosial şəbəkələrdə tanış olub, evlənənlər daha tez boşanırlar. İnternet üzərindən bir-birilərinin simasına vurulurlar. “Ay bu, nə qəşəng qızdır”, “bu, nə yaraşıqlı oğlandır” deyib ailə qururlar… Sanki bir neçə müddətlik həvəs üçün evlənirlər. Amma həmin insanlar bir-birilərinin daxili dünyasına bələd olmurlar. Bu insan necə biridir? Hansı ortamda böyüyüb, necə yaşayır? Bu sualların cavabı olmadan gözüyumulu ailə qururlar”.
Hüquqşünas ölkə üzrə boşanmaların miqyasının həddindən artıq çoxaldığını vurğulayıb: “Sanki, evliliyi uşaq oyuncağına çeviriblər, ailə müqəddəsliyi qalmayıb. Əvvələr belə hallar yox idi. Qadın ailə quranda ölənə qədər ərinin evində olacağına, kişi də ailəsini kişi kimi saxlayacağına söz verirdi. Kişi söz verirdi ki, ailə mənimdir, ölən günümə qədər də mən baxacağam. Həmin kişi ölənə qədər ailəsinə çörək pulunu gətirmək üçün dəridən-qabıqdan çıxırdı, işləyirdi, çalışdırdı”.
“İndi isə belə deyil. İndi kişilərin yeri çayxana, kafe, oturduğu yer dominoxana, nərdxanadır. Kişinin evdəki qadının, uşağın nə yeyib içidiyindən xəbəri yoxdur. Bunlar həmin kişilərə artıq maraqlı da deyil. Elə qadınlar var ki, bu cür kişilərə dözüb, abrına bükülüb oturublar evlərində, boşanmaya da müraciət etmirlər. Amma elə qadınlar da var ki, “mən niyə dözməliyəm?!” deyir”, – deyə Əliyev söyləyir.
Dövlətin bu istiqamətdə görə biləcəyi tədbirlərə gəldikdə, ekspert belə cavab verib: “Dövlət bu yöndə nə edə bilər ki?! Dövlət sosial şəbəkələrdə ailə quran insanların qarşısını necə ala bilər?! Sosial şəbəkələr ailələri dağıdır! Qadınlar var ki, ərləri ola-ola, özlərinə başqa kişi tapırlar. Kişilər də həmçinin, arvadı ola-ola, başqa qadınlarla oturub-dururlar. Başa düşürəm, ola bilər ki, kişi kimisə sevsin, onunla yaşasın. Dinimizdə də var ki, kişi üç qadınla evlənə bilər – amma üçünə də eyni səviyyədə baxmaq şərtilə! Bunlar isə elə etmirlər. Necə ötəri həvəsə görə evlənirlərsə, yenə həvəsə görə də ikinci qadınla yaşayırlar. Günah da baş alıb gedir. Kim kimin əridir, kim kimin arvadıdır – bilinmir, aləm bir-birinə qarışıb. Dövlət burada heç nə edə bilməz”.
Ülviyyə Şahin