xas

Artıq çəkidən uzaq olmaq üçün hansı qidalardan imtina etmək lazımdır?

Baxış sayı: 1. 533
Azərbaycanda piylənmə aşkar edilən uşaqların sayı açıqlanıb. Trend-in yaydığı məlumata görə, 2015-ci ildə 586 uşaqda ilk dəfə piylənmə aşkar edilib. Əhalinin hər 100 000 nəfərinə bu göstərici 23 nəfər təşkil edib. 2016-cı ilin əvvəlində əhalinin hər 100 000 nəfərinə düşən bu xəstələrin sayı isə 51 nəfər olub.
Ötən il piylənmə aşkar edilmiş uşaqların 46,8 faizi qız, 53,2 faizi oğlan olub. Piylənmə aşkarlanmış qızların 66,8 faizi 13 yaşına qədər, 33,2 faizi 14-17 yaşlarında olub. Oğlanlarda isə bu göstərici müvafiq olaraq 65,1 və 34,9 faiz təşkil edib.
Bəs, pislənmənin qarşısını necə almaq olar? Artıq çəkidən uzaq olmaq üçün hansı qidalardan imtina etmək lazımdır?
Məsələyə münasibət bildirən diyetoloq Leyla Zülfiqarlı piylənmənin getdikcə çoxalmasını megapolis həyatı yaşamağımızla əlaqədardır: “Qloballaşan şəhərlərdə insanların piylənməməsi mümkün deyil. Piylənmə yaşı da çox azalıb, bu problemi 5 yaşlı uşaqda da görmək mümkündür. Ən təhlükəlisi də odur ki, cinsi yetişkənlik dövrünə girən uşaqlar çəki problemi yaşayır, bu da 8–13 yaş aralığında olan mərhələdir. Qız uşaqları əsasən piylənmədən, oğlan uşaqları ya piylənmə, ya da əksinə, çəki itirmə problemindən əziyyət çəkir və bununla bağlı bizə müraciət edirlər. Artıq metabolik xəstəliklərin tüğyan etdiyi ölkəyə çevrilmişik. Buna səbəb də hazır və süni qidalardır. Uşağını bağçaya yola salan ana onun çantasına paketləşdirilmiş şirniyyat növü qoyur.
Əslində isə meyvə, çərəz, quru meyvə qoysa, uşağın sağlamlığına daha müsbət təsir etmiş olar. Piylənmə bütün dünyada problemə çevrilib, amma bu problemin həlli yolları da var. Süni, işlənmiş qidalarla mübarizə aparan komandalar var. Azərbaycanda da biz dietoloqlar media vasitəsilə insanları məlumatlandırmağa çalışırıq. Piylənmənin aradan qaldırılması üçün tədbirlər görülməlidir, bağça və məktəblər üçün özəl menyular hazırlanmalıdır. Bir çox ölkələrdə məktəblilərə süd verilir, bu, gözəl addımdır.
Protein qəbul edən uşaq bəsit, aşırı karbohidratlı qidadan uzaq durur. Bizdə isə hələ də analar uşaqlarına səhərlər şirin çay içirdir. Artıq kiçik yaşlı uşaqlar da şəkərli diabetdən əziyyət çəkir. Bir an öncə tədbir görmək lazımdır. Çünki biz stereotipləri qıra bilməyən millətik. Gündəlik alışqanlıqlarımızdan xilas olmalıyıq. Uşaqlarımızı düzgün qidalandırmalıyıq. Yoxsa, piylənmənin qarşısını ala bilməyəcəyik”.
L.Zülfiqarlı qeyd edib ki, insanlar axşamlar yediyi qidalara xüsusi diqqət etməlidir: “Elə peşə sahibləri var ki, onlar vaxtı planlamada əziyyət çəkir, bütün günü ora-bura qaçır, ayaqüstü qidalanır, “fast food”a üstünlük verirlər. Onu deyim ki, axırıncı qida yatmazdan 3 saat öncə qəbul olunmalıdır. O zaman da nə yediyimiz önəmlidir. Süni, işlənmiş qidalar, qazlı içkilər qəti şəkildə axşam qəbul edilməməlidir. Insanlar çalışmalıdır ki, gün ərzində bol su içsin. Amma plastik qablarda suyun saxlanılması və içilməsi ziyandır. Həyat rejimimizi düzgün qidalanma prinsipi üzərində qurmalıyıq. Havalar soyuyan kimi insanlar xaşa, xəngələ üstünlük verirlər. Xəmir xörəkləri orqanizmə heç bir vitamin ötürmür. Insanlar deyirlər ki, “R” hərfi olmayan aylarda balıq yeməzlər. Bu, səhv fikirdir.
Ondan əlavə düşünürlər ki, xaş, xəngəl qış yeməyidir. Əslində xaşın da orqanizmə zərərləri çoxdur. Xaş bir gün ərzində bişir, hazırlanması o qədər uzun çəkən qida orqanizmə ziyan etmədən keçə bilməz. Xaşı səhər yeyirlər ki, bütün gün ərzində həzm olunsun. Xaşda doymuş yağ qidaları çoxdur, bu da qan damarlarında  dövriyyəni çətinləşdirir və kirəcləşib damarlarda qalır. Ürək, qan-damar xəstəliklərinin yaranmasına səbəb olur. Qeyri-düzgün bəslənmə bizim bir çox xəstəliklərlə üzləşməyimizə səbəbdir. Ona görə də uşaq yaşlarından düzgün qida proqramı hazırlanmalıyıq”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir