Modern.az saytının “Kadrarxası” layihəsi qonağı əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı, görkəmli operator və rejissor Rasim İsmayılovun həyat yoldaşı, Azərbaycanın əməkdar jurnalisti Nadejda İsmayılova olub.
Saytın əməkdaşı onunla birlikdə uşaqlığımızın filmi “Asif, Vasif, Ağasif”in kadrarxası məqamlarından danışıb. Nadebjda xanım həyat yoldaşının böyük həvəslə çəkdiyi film barədə maraqlı xatirələrini sevgi ilə bölüşü.
Arayış: Nadejda İsmayılova 14 dekabr 1936-ci ildə Bakıda doğulub. 1962-ci ildə ADU-nun filologiya fakultəsini, 1974-ci ildə isə Ümumittifaq Kinematoqrafiya İnstitutunun (Moskva) ssenari və kinoşunaslıq fakültəsini bitirib.
1975-ci ildən 1984-ci ilə qədər “Azərbaycanfilm” kinostudiyasında baş redaktor müavini vəzifəsində çalışıb. 1985-1987-ci illərdə AzTV nin “Azərtelefilm” Yaradıcılıq Birliyində işləyib. “Dalğa”, “Həftə plyus”, “TV Kuryer” televiziya publistik proqramların müəllifi və aparıcısı olub. 1990-cı ildə Azərbaycanın Əməkdar jurnalisti fəxri adına, 1988-ci ildə Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatına layiq görülüb.
“Asif, Vasif, Ağasif” filmi 1983-cü ildə lentə alınıb. Film sadə azərbaycanlı ailəsində cərəyan edən hadisələrədən bəhs edir. Ekran əsərinin əsas macəraları isə vaxtının çoxunu işdə olan atanın üç dəcəl oğluyla gəzintiyə çıxması zamanı baş verir. Uşaqlardan ortancılı Vasifin yoldan keçərkən təsadüfən bağça uşaqlarına qoşularaq getməsi hadisələrin kuliminasiya nöqtəsi olur.
Filmin ssenari müəllifi Nadejda İsmayılova, quruluşçu rejissoru Rasim İsmayılov, quruluşçu rəssamı Məmməd Hüseynov, bəstəkarı Ruhəngiz Qasımova, resjissoru Elmira Əliyeva, operatoru Ramiz Əliyev, montaj edəni Nisə Hacıyeva, direktoru Arif Səfərovdur.
Rollarda Məmməd Məmmədov, Şükufə Yusupova, Leyla Bədirbəyli, Nəzri Babayeva, Emil Pənahov ( Asif ), Ramin Aslanov (Vasif), Hökümə Cəlilova (Ağasif), Xalidə Quliyeva, Ramiz Əzizbəyli, Ruhəngiz Qasımova, Zemfira Sadıqova, Ramiq Həsənov( Nadir), Təranə Həşimova (Elmira), Pərvanə Həşimova (Esmira) və başqaları çəkilib.
Çəkilişdə 69 və 83 saylı uşaq bağçalarının və Bakı şəhəri Yuri Qaqarin adına Pionerlər Sarayının kollektivi iştirak edib.
4 qardaş və “R əməliyyatı”…
Nadejda İsmayılova: “Rasimgilin çox gözəl ailəsi olub. Bu haqda biz ailə qurduqdan sonra özü mənə danışıb. Onların ailəsində hamı, bir-birini çox sevir, qayğı ilə yanaşırdı. Atası ilə anasının bir-birinə olan sevgisi isə çox böyük idi. Həmçinin uşaqların qayğıkeş, gözəl Xeyransa nənəsi vardı. Xeyransa nənənin ümumilikdə 14 nəvəsi olsa da, ən çox Rasimi istəyirdi.
Yaşanan illər ərzində onların ailəsində çoxlu maraqlı hadisələr baş verirdi. Rasimgil özü dörd qardaş idilər: Rasim, Ramiz, Rafiz, Rais. Atasının adı “R” hərfi ilə başlayırdı deyə, uşaqların da adı ona uyğunlaşdırılmışdı. Hətta əksəriyyət onlara zarafatla “R əməliyyatı” deyə müraciət edir və qafiyələndirirdilər.
Yeri gəlmişkən ortancıl qardaş Rafiz İsmayılov Azərbaycanın görkəmli rəssamıdır.
Uşaqların böyüdüyü illər müharibə vaxtına təsadüf etmişdi. Onun atası Mircəfər Bağırovun hakimiyyəti dövründə nüfuzlu vəzifə sahibi, nazir idi. Başqalarına baxanda onların yaşayışı yaxşı təmin olunmuş, daha təhlükəsiz idi.
Valideynlər övladlarını əməyə hörmətlə böyüdüblər. Atası davamlı olaraq işdə olduğundan onların tərbiyəsi ilə əsasən anaları məşğul olub. Çünki ata Mircəfər Bağırovun vaxtında günün bəlkə də 20 saatını işdə keçirir, demək olar fasiləsiz işləyirdi. Tez-tez ezamiyyətlərə getdiyindən uşaqlar onun üzünü çox az görürdü”.
Uşağını seçimə gətirən analar…
Nadejda İsmayılova: “Bildiyiniz kimi Rasim “Nəsimi”, “Yenilməz batalyon”, “Yeddi oğul istərəm”, “Gün keçdi”, “Dədə Qorqud”, “Şir evdən getdi” və s. kimi məşhur Azərbaycan filmlərinin operatoru olub.
O uşaqları çox sevirdi və mütləq onlar üçün nəsə etmək istəyirdi. Hələ tələbəlik illərindən uşaqlara həsr olunmuş film çəkmək arzusunda idi.
Qayğısız, gözəl, ciddi uşaqlıq keçirən Rasim yaşadığı günləri əbədiləşdirərək film çəkmək qərarına gəlmişdi. Onsuz da onun uşaqlara böyük marağı vardı. Biz ailə qurduqdan sonra bütün bu danışdıqlarımdan xəbər tutdum. Mən onun uşaqlara həsr olunmuş film arzusunda olduğunu bilirdim. Ona görə də belə bir ssenari yazdım. Yazdığım ssenari Rasimin uşaqlıq xatirələrini əks etdirirdi.
Məsələn, filmdəki kinoteatr səhnəsində Vasfin şarı əlindən çıxıb tavana yapışır. Doğurdan da Rasim atası ilə film izləməyə gedəndə belə bir məqam yaşamış, şarı əlindən çıxdığına görə qalmaqal yaratmışdı. Onun atası çox böyük şəxsiyyət, ağıllı, savadlı, düzgün, vicdanlı, hər şeyin yerini bilən insan olub. Demək olar ki, “Asif, Vasif, Ağasif” başdan-ayağa avtobioqrafik bir filmdir. Düzdür, filmdə 3 qardaşın obrazı yarandı. Fikirləşdik ki, real ailədəki 4 oğlanın təsviri çox olacaq. Ona görə də uşaq sayını reallıqdakı kimi saxlamadıq”.
Nadejda xanım bildirir ki, çəkilişlər Bakıda aparılıb: “Çəkilişlər əsasən Bakı küçələrində, bulvarda, zooparkda, bağça və eyni zamanda pavilyonda həyata keçirilib. Ailənin yaşadığı evin təsvir olunduğu ev pavilyonda qurulmuşdu.
Hadisələrin cərəyan etdiyi bağça, geyinib-soyunma otağı, mahnı oxuduqları yer real bağçada lentə alınmışdı”.
Filmdə oyanayacaq uşaqların seçiminə gəldikdə müsahibimiz deyir ki, onlar 500 nəfər uşağın içərisindən seçilib: “Böyük müsabiqə idi. “Azərbaycanfilm” kinostudiyası belə bir film çəkildiyini, bunun üçün müsabiqə elan etdiyini açıqlayanda kinostudiyaya insan axını oldu. Hər kəs öz uşağı ilə gəlirdi. Eyni zamanda çəkiliş qrupu uşaq bağçalarına gedərək, ordan uşaqlar seçirdi.
Rasim 500 uşaqla fərdi şəkildə söhbət etdi. Baş rol üçün 50 uşaq arasında fotosınaqlar keçirildi. Kinosınaq üçün isə 20 uşaq təsdiq olundu və həmin 20 uşaq kamera önündə dayandı. Onların içərisindən isə 3 nəfər baş rola seçildi. Beləcə böyük müsabiqənin nəticəsində Emil (Asif), Ramin (Vasif), Hökümə (Ağasif) baş rola təsdiq olundu.
Onu deyə bilərəm ki, seçimlər zamanı çoxlu maraqlı hadisələr yaşanırdı. Rasim otaqda oturur və valideynlər növbə ilə otağa daxil olub söhbətləşirdi. Uşaqlarla yanaşı, valideynlərlə də işləmək çətin idi. Belə günlərin birində bir valideyn öz uşağı ilə gəlir və o uşağı bayırda qoyub özü Rasimlə danışmağa girir. Ana uşağın çəkilməsi üçün gəlsə də, onu içəri qoymur və uşaq qapının arxasında ağlayır, səsini də Rasim eşidir. Rejissor soruşur ki, uşaq niyə ağlayır? Ana cavab verir ki, “başa düşmədim, ağlayan uşaqlar heç kimə lazım deyil?”. Həmin an çox gülməli bir situsiya yaranmışdı.
Daha bir hadisə danışım. Deməli balaca bir oğlan gəlmişdi. Rasim soruşdu ki, “sən bizə nə göstərəcəksən?” Uşaq cavab verdi: “Heç nə”. Rasim: “Bəs niyə gəlmisən?”. Uşaq: “Anam dedi ki, bura gəlsəm, mənə velosiped alacaq”. Rasim dedi ki, “bəlkə mahnı oxuyasan?”. Uşağın cəmi dörd yaşı vardı. Amma inanın o elə bir mahnı oxudu ki, hamımız çox təəccübləndik. O yaşda uşaq yaşından çox böyük, ədəbsiz sözlərlə dolu bir mahnı ifa etdi. Təbii ki, o filmə seçilmədi”.
“Mən oğlan deyiləm, Höküməyəm…”
Müsahibimiz deyir ki, filmdə Ağasif rolunda çəkilən Hökümə Cəlilova sonralar “Zerkalo” qəzetinə verdiyi müsahibədə maraqlı xatirələrini dilə gətiribmiş.
Nadejda İsmayılova: “Ağasif rolu üçün çəkiləcək uşağı çox axtardıq. O, 3 yaşında olmalı, bizim müəyyən etdiyimiz kriteriyalara uyğun gəlməli idi. Hökümə çəkilişlərə gələndə çox balaca idi. Onun replikaları çox az idi. Balaca olduğundan danışa bilmirdi deyə, onun replikalarını digər uşaqlara verirdilər. İki ay keçəndən sonra o elə danışmağa başladı ki, bütün replikalarını özü dedi. Demək olar ki, o filmə çəkilə-çəkilə böyüdü.
Hökümə illər sonra film haqqında xatirələrini danışarkən “Zerkalo” qəzetinə müsahibəsində demişdi: “Mən bir gün anamla yol gedirdim. Tanımadığım bir qadın (rejissor assistenti) mənə yaxınlaşıb dedi ki, “nə gözəl oğlandır bu”. Mən isə uşaq tələffüzü ilə “mən Höküməyəm” deyə cavab verdim”. Ona oğlan deyilməsinə əsəbiləşsə də filmdə çəkilməyə dərhal razı olub. Və kinsotudiyaya gələndə ordakı şərait onun çox xoş xoşuna gəlmişdi.
Uşaqlarla işləmək olduqca çətin idi. Seçilən uşaqlar çox talantlı idilər. Onlar özlərini oynayırdılar, çox təmiz və səmimi idilər. Səmimilikdə rejissor böyük aktyorlardan çox uşaqların işini bəyənirdi. Rasim həmişə deyirdi ki, “mənim uşaqlarla bir o qədər problemim olmurdu, nəinki böyüklərlə”.
Uşaqlar böyükləri həmişə gərginlikdə saxlayırdılar. Onlar hər şeyə həssas yanaşırdılar. Bu filmdə oynayan aktyor heyəti yüksək peşəkarlar idi. Onların yüksək peşəkarlığı isə bu film üçün deyildi, ona görə də müəyyən dəyişiklik lazım gəlirdi. Hətta bəzi məqamlarda böyük aktyorlar da çətinlik çəkirdi.
Bütün bunlara baxmayaraq Rasim həmişə deyirdi ki, peşəkar olsalar da, onları müəyyən qədər dəyişmək lazımdır ki, uşaqlarla uyğunlaşa bilsinlər. Çünki, uşaqlarla işləyəndə hansısa pafos, yüksək göstəricilərə ehtiyac qalmırdı. Əslində uşaqlarla işləmək özü peşəkarlıq tələb edirdi”.
“Rasim Leyla Bədirbəyliyə nənə rolunu təklif etməkdən çox qorxurdu”
Nadejda İsmayılova: “Azərbaycan film sənətinin qəhrəmanı Leyla Bədirbəyli nənə obrazını yaratdı. Mən onu çox sevirdim və bilirdim ki, Rasim onu filmdə çəkməyi çox istəyir. Amma bir çox filmlərin baş qəhrəmanı olmuşdu deyə, Rasim nənə rolunu ona təklif etməyə dəhşətli dərəcədə çəkinirdi. Leyla xanım yaşlansa da, çox gözəl idi. Ona kiçik rol üçün təklif vermək bir az çətin idi. Çünki, o “Fətəli Xan”, “Arşın mal alan” kimi Azərbaycan filminin incilərində rol alıb. O möhtəşəm insan idi. Ssenarini oxudu və razılşadı. Rasim onu əmin etdi ki, bu filmdəki nənə ənənəvi Azərbaycan nənəsi olmayacaq. Yəni tamaşaçılar uzun ətəkdə, başı bağlı, saçı ağ olan nənə görməyəcəklər. Leyla xanımın yaratdacağı nənə obrazı müasir nənələrdən idi, hansı ki, o kosmetikadan da istifadə edə bilirdi, başı açıq da gəzirdi və s.
Onu da deyim uşaqlar Leyla xanımı çox sevirdi və ona çox inanırdı. Aktrisa da öz növbəsində uşaqlarla çox səmimi idi. Ən çox Hökümə onu sevirdi”.
Ssenarist deyir ki, rejissor kinostudiyanı uşaqlar üçün düzəltmişdi: “Orda çox sayda oyuncaqlar, eyni zamanda o vaxt uşaqların çox sevdiyi “Karloson” vardı. Filmdən sonra Rasim Höküməyə Karlosunun oyuncağını hədiyyə etmişdi. Bu hədiyyədən o çox sevinmişdi. Hökümə hazırda BP şirkətində maliyyə sektorunda çalışır. O sonralar deyirdi ki, “valideynlərimizin bizi sevməsi anlaşılandır. Amma mən anladım ki, eyni zamanda Rasim əmi də məni çox sevir”. Çünki Rasim uşaqların özünü rahat hiss etməsi üçün hər şey edirdi. Çəkilişdən əvvəl Hökümə mütləq Rasimin qucağında olurdu. Əksi qeyri-mümkün idi”.
Nadejda xanımın sözlərinə görə, uşaqlar mütləq çəkilişdən əvvəl həmişə nəsə istəyirdilər: “Bu da işimizi çətinləşdirirdi. Rasim demək olar ki, uşaqlarla bağlı hər şeyi bilirdi. Məsələn, uşaq filmi vardı ”Koşkin dom”. Hökümə həmişə o film üçün ağlayırdı. Ağasifin balıqları öldürdüyü səhnədə nəsə eləmək lazım idi. Hökümə ağlamalı idi. Amma heç cür ağlamaq bilmirdi. Rasim onun anasından səhnənin arxasında həmin filmin mahnısını oxumağı xahiş etdi. Filmin musiqisini eşidən kimi Hökümə ağlamağa başladı. Rasim həmin anı tutdu və çəkdi. Balıqların ölüm səhnəsi olan kadrda verdilər.
Uşaqlardan tələb olunanı almaq üçün nələrsə fikirləşmək lazım idi. Əks təqdirdə heç nə alınmazdı.
Rasim də uşaqlar da bilirdi ki, bunlar film üçündür, hər şey olduğu kimi səmimi çəkilirdi. Ona görə də film indiyə qədər yaşayıb. Çəkiliş üçün hər şey hazır vəziyyətə gətirilirdi. Beləcə Rasim əvvəl uşaqlarla oynayırdı. Hər şey təbii, olduğu kimi idi. Çəkiliş olurdu, film üçün lazım olan kadrları isə o filmdə saxlayırdı.
O anlayırdı ki, kim nə istəyir. Təklif edirdi ki, gəlin filan şeyi belə edək. O bilirdi ki, uşaqların yaxşı fantaziyası var. Həm də anlayırdı ki, onlar təbii olaraq ssenaridə yazılandan daha təsirli oynayırlar. Rasminin müxtəlif metodları vardı.
Asifin balıqları öləndə ağladığı səhnədə onu heç cür ağlada bilmirdik. Uşaq çəkilişə bibisi ilə birlikdə gəlirdi. Ondan bir addım da aralı qalmırdı. Çəkilişdən asılı olmayaraq bibi onun gözünün qabağında idi. Çox fikirləşdik ki, onu necə ağladaq. O bibisindən ayrı qalanda çox qorxurdu. Bibidən xahiş etdik ki, gizlənsin. Uşağın başı qarışanda bibi gizləndi. Rasim bərkdən soruşdu ki, bilmirsiz Asifin bibisi hara getdi? Kimsə dedi ki, “yəqin gəzməyə gedib”. O ciddi uşaq idi,. Bunu eşidən kimi doldu-doldu, bibisini istəyib başladı ağlamağa. Onu eləcə çəkdilər”.
Ruhəngiz Qasımova filmin musiqili obrazını yazmışdı
Nadejda İsmayılova: “Demək olar ki, çəkilişlərin əksəriyyətində olmuşdum. Filmin çəkilişləri əsasən yay fəslində baş tutdu. İlin əvvəlində başladıq, sonunda artıq hər şey hazır oldu, bir ildən az çəkdi. Film çox uğurlu alındı. İnsanlar hələ də efirdə ona maraqla baxırlar.
Hələ 2 il əvvəl Cəmil Quliyev Azərbaycan Film Fondun rəhbəri olanda film texniki cəhətdən yeniləndi. Bu ekran əsərilə neçə-neçə nəsillər böyüyüb.
Avtobioqrafik film olsa da, Rasim həmişə deyirdi ki, yaxşı bir işin ərsəyə gəlməsi üçün professionallarla çalışmaq lazımdır. Komanda yaxşı olduğu üçün hər şey uğurlu alındı. O həmçinin filmin bəstəkarı Ruhəngiz Qasımovadan çox razı idi. Ruhəngiz xanım hətta bir neçə epizodda da çəkilmişdi. Onlar dostluq münasibətində idi. Ruhəngiz Rasimin nə istədiyini bilirdi və demək olar ki, filmin musiqili obrazını yazdı. O uşaq hisslərini, həyəcanını yaxşı duyurdu deyə, bu film üçün çox yaxşı bəstələr etmişdi.
Trolleybusdakı çəkilişlər çətin olsa da, maraqlı idi. Rasim fantaziyalı insan idi. Oradakı quruluş onun ideyası idi. Mövzu onun üçün doğma olduğu üçün hər şey onun istəyi kimi reallaşırdı. O həm opreator, həm rejissor kimi çox qabiliyyətli idi”.
Filmdə Sona müəllimə rolunu oynayan Xalidə Quliyeva öz rolu barədə böyük həvəslə danışdı.
Xalidə Quliyeva: “Bu film Azərbaycan film tarixində bir ilk idi. Özü də məktəb yaşlı deyil, məktəbəqədər yaşda uşaqlar barədə idi. Bu səpkidə bir film Azərbaycanda hələ çəkilməmişdi. Təəssüflər olsun ki, sonralar da bu mövzuda filmlər çəkilmədi.”
Aktrisa filmdə rol almasını belə xatırlayı: “Rasim İsmayılov Azərbaycanın film tarixinə öz möhürünü vurmuş filmləri lentə almışdı. O işinin peşəkarı idi. Mən onun operator olduğu “Nəsimi” filmində çəkilmişdim. Tanışlığımız hələ o filmdən başlamışdı. Rasim müəllim məni filmə dəvət edəndə birbaşa çəkdi, heç bir sınaq olmadı. Ssenari verildi və deyildi ki, bağça müəlliməsi rolu sənindir. Ümumiyyətlə çəkildiyim filmlərin əksəriyyətində sınaqsız çəkilmişəm.
Bu filmdə özüm üçün onu kəşf etdim ki, dünyanın ən peşəkarları sən demə uşaqlar imiş. Onlardan çox şey götürdüm, indiyə qədər də öz çəkilişlərimdə uşaq psixologiyasından istifadə edirəm. Bu film mənim fəaliyyətimdə bir yenilik idi. Uşaqlarla birlikdə çox çətin idi. Uşaqların halvadan müxtəlif şeylər düzəltməsi səhnəsindən əvvəl biz məşq edirdik. Kadrarxasında plastilindən yeməli qidalar düzəltmişdik. Və uşaqlardan biri onu yeməli qida bilib yemişdi, hətta kadrda da var həmin səhnə. Filmdə göstərilir ki, guya halvadan nəsə düzəldirlər. Balaca Nadir də guya halvadan nəsə düzəldir və onu yeyir. Əslində o plastilin idi. Onda uşağı aparıb mədəsini yuduzdurdular. Sonra həmin çəkilişlərdə uşaqlar düzəldiklərini bir-birinə atırdılar. Üst-başları, üzləri çirklənmişdi.
Uşaqlarla işləmək çətin olsa da maraqlı idi. Vasif rolunda çəkilən Ramin doğurdan çox dəcəl idi. İndi dinə bağlı bir insandır eşitdiyimə görə. İllər insanı çox dəyişir. Rasim müəllim, Nadejda xanım, Elmira xanım işlərinin öhdəsindən çox bacarıqla gəlirdilər. Mənim bütün çəkilişlərim bir ay çəkdi. “Gənclik” metrostansiyasının üstündə məşhur mehmanxana vardı. Bağça çəkilişləri onun arxasındakı həyətdə yerləşən bağçada aparılırdı”.
X.Quliyeva deyir ki, rejissor tapşırıq verəndə uşaqlar real olduğuna o qədər inanırdılar ki, bundan ayrıla bilmirdilər: “Vasiflə (Ramin) Nadirin (Ramiq) dolab üstündə dalaşdığı səhnədə uşaqlar gerçəkdən dalaşdı. Və uzun müddət küsülü qaldılar. Sonra onları güclə barışdırdıq. Qızım Afaq Quliyeva da bu filmdə bağça uşağını oynayıb”.
“Ata, uşağın əlindən belə də tutmaq olar?”
Nadejda İsmayılova: “Rasim ana rolunda çəkilən Şüküfə Yusupovanı öz anasına oxşadırdı. Onda anasına xas olan müdriklik, gözəllik, emosianallığı görür və hiss edirdi. O eyni zamanda heyvanları çox sevirdi.
Ata rolunda oynayan Məmməd Məmmədov aktirsa Şəfiqə Məmmdovanın qardaşı idi. O talantlı insan olsa da, obrazı Rasimin istədiyi kimi yaratmamışdı. Məmməd şən idi, Rasimin öz atası isə çox ciddi, alicənab. Bu obrazı öz atasının timsalında gördüyündən, alınan nəticə onu qane etmədi. Məmməd sadə insan idi, uşaqları da çox sevirdi.
Rasimin təsəvvür etdiyi ata tipi olmasa da, təqdirlayiq obraz yaratmışdı. Məmməddə uşaqlara xas xüsusiyyətlər daha çox idi. Nahar fasiləsində uşaqlar ona nəsə aldırırdı. Məsələn, onlar ən çox dondurma xoşlayırdılar. Hər şey hazır olana qədər onlar istədiklərini elətdirirdilər. Bir gün Asif rolunda oynayan Emil Məmmədə dedi ki, “ehh ata, əvvəl uşaqları yedizdirmək lazımdır ki, sonra özün yeyəsən”. Uşağın bu sözünə çəkiliş qrupu çox gülmüşdü.
Deməli, atanın uşaqlarla küçədən keçdiyi kadrlar çəkilirdi. Birdən Ramin (Vasif) Məmmədə dedi ki, “uşağın əlindən belə də tutmaq olar?”. Kiçik uşaq Məmmədə əldən necə tutmaq lazım olduğunu öyrədirdi. Məmmədin uşağı yox idi deyə, bu sahədə təcrübəsi də yox idi. O zaman da çox gülümüşdük”.
Filmdə daha bir diqqət çəkən məqam hacıleylək, pişikdir. Müsahibimiz deyir ki, ümumiyyətlə Azərbaycan kinosunda bu qədər heyvanları öz filminə çəkən ikinci bir rejissor yoxdur: “Onun heyavanlara qarşı xüsusi sevgisi vardı. Müxtəlif filmlərində müxtəlif heyvanları çəkmişdi. Hətta buna görə də qəhrəmanlıq filmlərində də heyvanlardan istifadə etmişdi. Onun heyvan və uşaq sevgisi xüsusi idi”
Filmdə kiçik boyları ilə böyük rol yaradan uşaqların hərəsi indi bir peşə sahibidir: “Hökümə Cəlilova BP şirkətində maliyyə sektorunda, Emil Pənahov rəqs ansambılında çalışır, Ramin isə dinə bağlı bir insandır.
Rasimin sağlığında uşaqlarla tez-tez görüşürdük. Müxtəlif çəkilişlərdə bir yerdə olurduq. Rasimi itirəndən sonra isə əlaqələrimiz kəsildi. Uşaqların indi hardasa 35-40 yaşları var. Gec-gec olsa da, hal-əhval tuturuq. Bu 3 uşaq filmdə çəkiləndə fərqində olmasalar da, film ekranlara çıxanda onlar qəhərəman oldular. Hamı onları tanıyırdı, hamı onlardan danışırdı. Bağçada, məktəbdə, hətta universitetdə də onlar bu filmlə tanınıblar. Hökümə bu barədə xatirələrini bölüşəndə də demişdi”.
Gülşən RAUFQIZI