Həqiqətən də, atalığın ilk günləri o qədər də asan keçmir. Çünki atalıq analıqdan fərqli olaraq instinktiv bir hiss deyil. Başqa sözlə, ata bu hissi tədricən mənimsəməyə başlayır. Xüsusilə də, uşağın atasını tanımağa başladığı və ya tanıdığı dövrlərdə bu hiss daha güclü olur.
İlk günlər atalar müxtəlif psixologiyalar nümayiş etdirirlər. Belə ki, bu dövrdə atalar tək qaldıqlarını, hətta, təcrid olunduqlarını da düşünə bilərlər. Əksər hallarda isə atalar bu dövrdə ailə başçısı olduqlarını düşünür, əvvəlkindən də çox məsuliyyət hiss etməyə başlayırlar. Bəs ataların özlərini tək hiss etmələrinə səbəb nədir? Təbii ki, ana evdə daha çox uşaqla məşğul olur. Ata ilə məşğul olmaq və ya onunla hisslərini bölüşmək üçün o qədər də vaxt qalmır. Digər tərəfdən, evdəki rejim də dəyişir. Atanın əvvəlki vaxtlarla müqayisədə məsuliyyət hissinin artması isə daha çox cəmiyyətin kişinin üzərinə qoyduğu vəzifələrdən irəli gəlir. Təbii ki, burada atalıq hissinin də rolu az deyil. Çünki ailə üzvlərinin hər biri atadan nə isə gözləyir. İlk növbədə, ana psixoloji baxımdan çətin günlər keçirdiyi üçün həyat yoldaşının köməyinə ehtiyac duyur. Ancaq bütün bunlara baxmayaraq, öz vəzifələrini yerinə yetrimək üçün atanın da köməyə ehtiyacı var. Çünki o təkcə ailəni idarə etməklə kifayətlənmir, gələcəyə dair planlar da qurmağa başlayır. Bəs elə isə nə etməli?
– Hər şeydən əvvəl atalıq hissini yaşamaq üçün tələsməyin. Çünki bu hissi özünüzünküləşdirmək vaxt tələb edə bilər.
– Digər tərəfdən, sizdən əvvəl ata olanlarla məsləhətləşin.
– Kənarda dayanıb hadisələrə tamaşa etmək əvəzinə fəal olun. Necə olsa, siz də bu ailənin üzvüsünüz.
– Özünüzə də, ailənizə də vaxt verin. Çünki evinizdə hər şeyin yoluna düşməsi üçün vaxta ehtiyac var.
– Uşağınızı elə ilk saatlardan tək qoymayın. Onu qucağınıza alın, öpün, oxşayın…
– Ən azı uşağınız qədər həyat yoldaşınızın da sizin köməyinizə ehtiyacı olduğunu unutmayın.
– Mümkün qədər təbii olun və “Mən kişiyəm, uşaqla çox məşğul ola bilmərəm” fikirlərinə aldanmayın.
Aydan Kərimli