Gencaile.az saytının “Kişi sözü” rubrikasının budəfəki qonağı ATV-nin əməkdaşı, jurnalist Rövşən Əliyevdir. Onunla belə demək mümkündürsə, çoxspektrli söhbət etmişik, ümid edirik, maraqlı alınıb.
– Rövşən, jurnalistikaya gəlişinizi necə xatırlayırsınız? Niyə tutaq ki, həkim, müəllim, mühəndis yox, məhz jurnalist?
– Jurnalistika uşaqlıq arzum olub. Ailədə əmim, o zamankı S.M.Kirov adına ADU, indiki BDU-nun jurnalistika fakültəsində təhsil alırdı. Aşağı siniflərdə oxuyan biri üçün əmimin tələbəlik illəri, xüsusilə qəzet və jurnallarda dərc olunan materialları çox maraqlı gəlirdi. Bir neçə dəfə əmim televiziyada da göründü. Bu isə əlavə stimul oldu. Beləliklə, mən də ilk dəfə “Azərbaycan pioneri” adlı qəzetdə özümü sınamaq qərarına gəldim. İlk cəhdim alındı. Ardınca, məktəbdə divar qəzetləri, məktəb üçün yazılar jurnalistikaya gəlişimi sürətləndirdi. 1995-ci ildə təhsil aldığım H. Aslanov adına 22 saylı orta məktəbi bitirdikdən sonra da ixtisas seçimində ilk yerlərə jurnalistika və beynəlxalq jurnalistika fakültələrini yazdım. Elə alındı ki, BDU-nun Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsinin Beynəlxalq jurnalistika şöbəsinə daxil oldum. 1996-cı ildən bu günə qədər də bu peşənin vurğunuyam.
– Pullu peşə deyil, razısınızmı?
– Jurnalistika əslində heç vaxt pullu peşə sayılmır və olmayıb. Ancaq jurnalistika ikinci ən qədim peşədir. Fərqli cəhəti də məhz peşə olmasıdır. Jurnalistika elm sahəsi deyil. Burda işləmək üçün istedad önəmlidir. Amma nəzərəiyyəni bilmədən işləmək təəssüflər olsun ki, yazılı, elektron və TV jurnalistikamızı bu günə salıb. Amma bu tam ayrı mövzudur. Bu barədə ürəyim doludur.
– Bəs necə burda tab gətirdiniz?
– Peşəmi sevirəm. Əlimdən gələn ən yaxşı iş budur. Ruzini onsuz da Allah yetirir. Ruzi və can sağlığı İlahi məntiqlə verilir, onsuz da. Bunun sirri insan oğluna məlum deyil. Naşükürlük etmirəm.
– Jurnalistikada sizi ən çox qayğılandıran nədir? Dediniz ürəyiniz doludur, bir-ikisini deyin, bir az boşalar bəlkə…
– Baxın, bir qədər əvvəl dedim ki, jurnalistika istedad işidir. Ölkənin tanınmış jurnalistlərindən biri, Zeynal Məmmədli mühazirələrindən birində qeyd edirdi ki, jurnalistika hətta texniki peşədir. Sözündə həqiqət var. Ona görə ki, bizdə hansısa mətbu orqanında, TV-də işləyəndə oranın dəsti-xəttinə uyğunlaşmalı, alışmalı olursan. Cümlələr konkret forma və yanaşma çərçivəsinə düşür. Buna əvvəlcə məcbur edilirsən. Yəni yazını yoxlayan redaktor səni öz qəlibinə salır. Sonradan bu vərdişə çevrilir və bu istiqamətin istəməsən belə, davamçısına çevrilirsən. Bununla da yaradıcılıq, yanaşma dairəsi kiçilir. Digər tərəfdən, mərhum müəllimimiz Famil Mehdi janrlardan dərs deyirdi. O xəbərdə janrların qarışdırılmasının qəti əleyhinə idi. Bu gün bu janrlara qətiyyən fikir verilmir. Nəticədə oxucu, tamaşaçı, dinləyici üçün məlum olmayan yazı formalaşır ki, bunu da dərk etmək hər kəs üçün deyil. Nəticə etibarı ilə nəzəriyyəni bilməməyimiz bu durumun yaranmasına səbəb olur. Buna görə də juranlistikamızın aqrar, iqtisadi, tarixi, sosial, riyazi və s. jurnalistikadan arınmasını arzu edərdim. Qoy, kimlərsə, hətta həmkarlarım məndən inciməsin. Amma əli qələm tutanın bu sahəyə gəlməsi xoşagələn hal deyil. Qısa olaraq bu qədər.
– ATV-də necədir vəziyyət?
– Ağır, sabit.
– Yaradıcılıq mühiti varmı?
– Yaradıcılıq üçün mühitlə yanaşı emalatxana var. ATV bu gün artıq məktəb sayıla biləcək telekanallardandır. Onurğa sütunu olan kollektiv var. Şou kanalı kimi ad çıxarsa da, Xəbərlər Departamenti öz işini reytinq və maraq baxımından ölkədə fəaliyyət göstərən heç ir telekanaldan pis qurmayıb. İstənilən müxbir orijinal ideyasını, təqdim etmə bacarığını tam sərgiləyə bilər. Mövqeni demirəm, bu, tamam başqa məsələdir. Amma xəbərdə yenilik etmək istəyirsənsə, buyur. Yaradıcılıq deyəndə, bu mövsüm yayımlanan “Qaçaqaç” layihəsinə toxunmaq yerinə düşər. Layihə rəhbəri kimi deyə bilərəm ki, xəbər jurnalistinə şou layihə üçün təmənnasız şərait yaradılıbsa, bu, artıq hər şeydən xəbər verir. 5 ay yayımlandı bu layihə və kifayət qədər reytinq topladı.
– 5 ay sonra ömrünü başa vurdu layihəniz.
– Bəli, 5 ay. Uzun zaman deyil. Amma Xəbər şinelindən çıxan biri üçün müəyyən qədər uğur adlandırmaq olar. Nə qədər təvəzövkarlıqdan uzaq olsa da. Amma bu 5 ay mənə çox şey verdi. Təsəvvür edin, ATV kimi şou kanalda, yaxşı mənada, Qurdlar süfrəsində oturursan və ordan öz payını qoparırsan. Hər çəkilişdən sonra, efirə gedən verlişə görə rəhbərlikdən, həmkarlardan tərif qarışıq irad eşidirsən. Bu hissləri yaşamaq çox gözəldir. Düzdür, “Qaçaqaç” mənim ikinci telelayihəm idi. Bu hissləri artıq doğma şəhərimizin hələki, yeganə olan telekanalı, DTV-də yaşamışam. “Üz-üzə” layihəsi yəqin, sadiq tamaşaçıların xatirində qalıb. Amma bu layihənin ömrü 1 ildən bir az artıq olmuşdu.
– İki devalvasiyadan media, eləcə də televiziyalar da kifayət qədər təsirləndi. Sahibkarlar verilişlərin baş sponsoru olmaq uğrunda mübarizə aparmır daha. Maaşlarınızı ala bilirsinizmi?
– Sadalananlarla razıyam. Amma elllə gələn yas da toy-bayramdır. Müəyyən gecikmələr olur. Ümid edirik, tezliklə düzələr. Bizə də vəd veriblər.
– Deməyin ki, ancaq ATV-ni izləyrisiniz, digər kanalları evdəki televizordan silmisiniz. Hansı telekanalda hansı proqramı bəyənirsizniz?
– Rəqiblərimizdən ANS və Xəzəri daha çox izləyirəm. İstər xəbər, istərsə də şou verlişlərə baxıram. Verlişin janrı deyil, peşəkarlıq, mövzu maraqlıdır mənim üçün. Son vaxtlar, ANS-in sırf xəbərə köklənməsini təqdir edirəm. Təklif edərdim ki, digər telekanallarda belə addım atsın. Yəni ixtisaslaşsınlar. Məsələn, Lider TV sənədli filmlər və bəlgəsəllər, Space TV bədii filmlər sahəsində ixtisaslaşsa, fikrimcə daha çox izləyici qazana bilər.
– Necə düşünürsünüz, ANS-in xəbərə daha çox yer ayırmağa başlaması xərcləri azaltmaq üçün düşünülməyib ki? Yəni biri var, böyük komandanın üzərində işlədiyi yaradıcı proqram, biri də var informasiya buraxılışı – təbii ki, xərclər fərqlidir.
– Gəlin, bir başqa rakursdan baxaq. ANS adından bəllidir. Yəni “Nyus servis”. adında xəbər olan kanalın şou dalınca qaçmağı daha məntiqsizdir. Zaman göstərdi ki, xəbərlə də reklam gətirib öz-özünü dolandırmaq mümkündür. Azalan xərclər məsələsi var. Amma gəlirlər də adekvat olur. Mən TV tənqidçüsi deyiləm. Amma orta statistik tamaşaçı kimi, məsələn, “Lider”in onsuz da efirini filmlərlə doldurduğunu görürəm. Və ya digər kanalların nəyə kökləndiyi hər kəsə məlumdur. Sözümün canı budur ki, bir telekanal digərindən layihə oğurlayıb, onu ucuz formada tamaşaçıya sırımasın. Şou kanalı şousu ilə, xəbər kanalı xəbəri ilə məşğul olsun. Gec-tez bu ixtisaslaşma olacaq. Bu gün dünya praktikası bunu göstərir.
– Bəs hansı həmkarınızı dinləmək xüsusilə xoşdur?
– Baxır yenə janra. Məsələn, Bəxtiyar Fəlullayevi analitik mövzularda dinləmək xüsusi həzz verir. İlkin Fikrətoğlunun təqdimatında idman xəbərləri, xüsusilə tənqidi materialları izləmək insana zövq verir. Lalə Azərtaş, Samirə Mustafayeva, Orxan Fikrətoğlu, Mirşahin Ağayev və digərlərinin xəbər aparıcılığı çox gözəldir. Şoudan isə Zaur Baxşəliyevi xüsusi qeyd etmək yerinə düşər.
– Jurnalistikada kimlərə şəxsi münasibətləriniz var?
Kiminsə adını çəkməyib, xətrinə dəymək istəmirəm (gülür).
– Həm də futbol azarkeşisniz. Hansı kluba azarkeşlik edirsiz?
Qalatasaray, Bavariya, Sumqayıt FK. Necə deyərlər, qolumu kəssəm, sarı-qırmızı axar qanım (gülür). Yaxşısı budur, Cim-Bom barədə daha danışmayım. Bu ayrı müsahibə mövzusudur.Bavariya isə ciddi klubdur. Beynimdəki futbol fəlsəfəsinin yaşıl meydanlarda təcəssümünü görürəm, Bavariya oynayanda. Sumqayıt FK isə doğma şəhərimin komandasıdır. Futbolla ilk peşəkar tanışlığım isə, 1986-cı ildə, Meksikada keçirilən Dünya Çempionatı ilə başlayıb. 8 yaşlı uşaq üçün o zaman SSRİ-nin uğurlarına sevinmək bir başqa həyəcan idi.
– Bir “Fənərbağça”lı ilə ortaq dəyərləriniz varmı? Yoxsa…?
– Həvəs dəlilik mərtəbəsinə çatmamalıdır. Ümumiyyətlə, yaşanan hər şeyin bir həddi olmalıdır. Azarkeşliyin də həmçinin. İşdə, həyatda xeyli fənərli dostlarım var. Amma onlarla olan idman mübahisələri müəyyən bir yerdə sona çatır.
– “Qalatasaray”ın bu ilki düşüşü, nisbətən zəif çıxışı oyunlarda siqareti siqaretə calamağınıza səbəb olmur ki?
– Siqaret çəkmirəm. Amma bu il təsəllimiz var. Həm də FB-ni növbəti dəfə Türkiyə kubokuna həsrət qoyduq (kinayə ilə gülür-V.M.). Cim-Bom ənənəsi, keçmişi, təcrübəsi olan komandadır. Hər klubun tarixində “qara zolaq” olur. Amma “Qalatasaray” bu vəziyyətdən tezliklə çıxacaq.
– Uşaqlar kiçikdir…
– Hə, evlənməyə vaxt yox idi.Obyektiv və subyektiv səbəbləri vardı. Təhsili davam etdirmək, hərbi xidmət. Nəhayət, 30-da həyatımı dəyişməyə qərar verdim. İndi taylarım ali məktəbə uşaq yola salır. Mənim oğlum isə bu il orta məktəbə gedəcək. Qızımın isə bu oktyabrda 4 yaşı olacaq. Amma yenə də həyatımdan razıyam. Yaşanan hər şey mənim həyatımdır. Deməli, belə məsləhət olub.
– Jurnalist olmaq maraqları yoxdur ki?
– Hələ ki, bu barədə danışmayıblar. Yusif təyyarəçi olacam deyir. Gülşən əlində oyuncaq fenendoskop, hər gün ürəyimi, nəbzimi yoxlayır. Görək də…
– Birdən media adamı olmaq istəsələr?
– Etiraz etmərəm. Buraxdığım səhvlərlərdən nəticə çıxarmaları üçün səy göstərərəm. Bilirsiniz, məni ailədə hər kəs ancaq jurnalist təsəvvür edir. Bunda yəqin peşəmi sevməyimin də rolu az deyil. Deməli, insan sevdiyi işlə məşğul olmalıdır. İnsanların hər zaman seçim imkanı olmalıdır. Bunu onlara vermək lazımdır. Öz səhvləri üzərində öyrənənlər daha mətin olur. Belələri bir daha səhv buraxmır. Qadağalarla deyil, qorxularını, arzularını yaşamaqla insanları tərbiyə, islah etmək lazımdır. Belədə insan onun üçün nəyin düzgün, nəyin səhv olduğunu dərk edir. Olmaz! Niyə olmaz? Bu düzgün metod deyil. Olar! Amma olmasa və niyə olmasa daha yaxşıdır! Bu suala cavab tapmalıdır insan.
Söhbətləşdi: Vüsal Məmmədov