xoshqedem

ATV-Xoşqədəm qarşıdurması: Kim nə deyir?

Baxış sayı: 2. 770

“Azad Azərbaycan” telekanalı ilə yollarını ayıran tanınmış aparıcı Xoşqədəm Hidayətqızı bu gün mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, jurnalistlərlə görüşən aparıcı ATV-dən ayrılmasından danışıb: “Son günlər mətbuatda barəmdə bir çox şey yazıldı. Mənə çox çətindir ki, doğma kanalımla bağlı danışacağam. Bir çox telekanallara getdim. Mənə dedilər ki, sən tanınmış deyilsən. Amma düz 5 il öncə ATV telekanalı qapılarını mənim üzümə açıq elan etdi. Hər bir işin əvvəli olduğu kimi sonu da var. Mənim susmağımı reklam kimi qəbul edənlər də oldu. Susmağım əbəs yerə deyildi. Barəmizdə bir çox tənqidlər olub. “Səni axtarıram” müqəddəs bir layihədir. Buna xələl gətirənlər olub. 3 gün susmağımın səbəbi budur ki, layihənin sertifikatının mənə məxsus olduğunu göstərmək istədim. Bir neçə il öncə telekanalların birində mənim proqramımın oxşarını yaratmışdılar. Amma mən bu layihəyə başlamadan öncə ATV rəhbərliyinə təklif etdim ki, layihəni sertifikatlaşdırım”.

X.Hidayətqızı deyib ki, bu günə qədər gizlətdiyi şeyləri açıqlamağa məcburdur: “Dəfələrlə ATV-dən getmək istədim. Hətta avqusta getmək istəyirdim. Amma qarşımı kəsdilər. Dekabrda ATV-nin rəhbərliyi Vüqar Qaradağlı ilə görüşdüm. Yanvar ayı idi, səfərdən qayıdanda Qaradağlı ilə görüşdüm. Dedi, istəyir layihəni dayandırsın. Bizə axtarışlarla bağlı 6500 məktub gəlir. Dünyanın istənilən yerindən bizə məktub gəlirdi. Vüqar bəyin sözlərindən sonra şok oldum. Dedim ki, bəlkə bunu bir neçə ay gecikdirək. Beləcə razılaşdıq. Aprelin ilk həftəsində dedi, “yox, bağlanmalıdır, mənə deyiblər ki, axtarış proqramı ATV-də olmayacaq”. Dedim, amma siz mənə bir sertifikat verəcəksiniz ki, bu layihəni Xoşqədəm yaradıb. Sonra ANS-dən və bir neçə telekanaldan təkliflər gəldi. Mən də bu layihəni başqa telekanalda yayımlayacağımı dedim”.

Aparıcının sözlərinə görə, ATV kanalının rəhbəri deyib ki, ona verilişin ideyasının ona məxsus olduğu ilə bağlı sertifikat verəcəklər: “1-ci gün oldu, vermədi. Amma bu mənim haqqımdır axı. Hallalıq yaxşı şeydir. Axı biz bu dünyada hallalıq etməsək, o biri dünya var. Hətta söhbətimizdə mənə dedi ki, mən bu layihəni etməyəcəm. Get harda istəyirsən, davam et”. Amma başıma gələnlərdən sonra necə inanmalı idim ki? Mən sizinlə işlədim, layihə mənə məxsusdur. Layihəmin özümə qaytarılmasını tələb edirəm. Hallalıq, insanlıq var. Bu layihənin hüquqları mənə məxsusdur. İstəsəm sataram, istəsəm özüm başqa bir telekanalda apararam”. Demirəm ki, bu günə qədər orda qazanılan gəlirlərdə mənim də payım var. ATV-mənim yuvamdır. Mən ora barədə pis danışmaq istəmərəm. Bu o deməkdir ki, bu layihəni mən və ATV telekanalı da edə bilər. Ancaq mənə dedilər ki, etməyəcəyik. Amma inanmıram.”

X.Hidayətqızı bildirib ki, Türkiyədən həyat yoldaşı Doğuşla birlikdə veriliş aparmaqları ilə bağlı təklif alıblar, amma qəbul etməyiblər: “Səni axtarıram”a görə o təklifi qəbul etmədim. Bu gün də çox təəsssüf edirəm ki, belə oldu. Bir açıqlama yazmışdım ki, doğma telekanalla öz razılığımla ayrılmışam. Amma bu gün məcbur olub olanları olduğu kimi açıqladım”.

Aparıcı ATV-dəki kollektivinin onunla birgə ANS-də çalışmaq istəməməsi ilə bağlı məlumatlara da aydınlıq gətirib: “Bu, yalandır. İlk gündən kimlər mənim yanımda idisə, indi də yanımdadır. ATV-də çalışdığım bütün işçilər ANS-də mənlə birgə çalışacaq”.

ATV cavab verdi

“Azad Azərbaycan” televiziyası (ATV) “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının ittihamlarına cavab verib. Açıqlamada bildirilir:

“Səni axtarıram” verlişinin müəlliflik hüququ Xoşqədəm xanıma aid deyil. Layihənin 2 müstəsna hüquqi sahibi var. Müəllif Hüquqları Agentliyi tərəfindən bu sənəd 11.10.2013 tarixdə qeydiyyata  alınıb və burada da açıq şəkildə göstərilib ki, birinci müstəsna hüquq sahibi Azad Azərbaycan MTRK-dır. İkincisi Xoşqədəm Hidayətqızı və digər hüquqi şəxslər (bura isə daha 3 nəfər aiddir). Bunu verilən şəhadətnamənin ardıcıllıq nömrəsindəndə aydın görmək olar. (N-7722 ATV kanalında, N-7723 isə Xoşqədəm xanımdadır). Və buradan da aydın görünür ki, əsas söz sahibi ATV kanalıdır”.

Açıqlamada qeyd olunur ki, bu səlahiyyətin tam olaraq Xoşqədəm xanıma verilməsindən kanalın rəhbəri Vüqar Qaradağlı imtina edib: “Bu da onun müstəsna hüququdur və o da öz şəxsi maraqlarına görə yox, rəhbərlik etdiyi ATV-nin maraqlarına uyğun olmadığına görə bu qərara gəlib. Digər tərəfdən veriliş ATV-də yaranıb. O vaxt vitse-prezident vəzifəsində çalışan Həsən müəllimin rəhbərliyi və məsləhəti əsasında bu layihə ərsəyə gətirilib. Yəni bu layihə kənarda hansısa prodakşının və yaxud da konkret bir şəxsin beyninin məhsulu olmayıb. ATV-nin məhsulu olub. Xoşqədəm xanımın “söhbəti olduğu kimi danışacam” deməsinə gəlincə, bu məqama vaxtı gəldikdə aydınlıq gətirilə bilər. Xoşqədəm xanım bildirib ki, bu verilişin gəlirinin 50%-i ona çatmalı idi. Hər bir razılaşma qanuni müqaviləyə əsaslanmalıdır. 01 oktyabır 2013-cü il tarixində ATV kanalı ilə Xoşqədəm Hidayətqızı arasında bağlanan müqavilənin “maliyyə şərtləri və ödəniş qaydaları” hissəsində açıq göstərilib ki, “Səni axtarıram” televiziya verlişinin hazırlanmasına və yayım formasında istifadəsinə görə verilişin ssenari müəllifi və aparıcısı Xoşqədəm Hidayət qızı Baxşəliyevaya əməkhaqqı ödənişi onunla “Azad Azərbaycan” MTRK arasında bağlanmış 0208.2012-ci il tarixli əmək müqaviləsinə uyğun olaraq həyata keçirilir.

Həmin müqavilənin 3.2-ci bəndində isə açıq şəkildə yazılır ki, “Tərəflərin qarşılıqlı razılığı ilə “Səni axtarıram” televiziya verilişinin hazırlanmasına və ATV-də yayımına görə verilişin ssenari müəllifi və aparıcısına qonorar ödənilməyəcək.

O ki, qaldı komanda məsələsinə, yəni birgə çalışdığı insanlarla birlikdə digər kanala keçməsinə, ATV kanalı olaraq bir daha bəyan edirik ki, adı çəkilən layihədə çalışan insanlar kanalın əməkdaşlarıdır, konkret olaraq hansısa şəxsin yox. Və digər tərəfdən həmin layihədə çalışanların ümumi sayı, Xoşqədəm xanım daxil 10 nəfər olub. Və onlardan 5 nəfəri hazırda da şirkətdə digər layihələrdə öz işlərini davam etdirirlər. Digər 4 nəfər isə hələ ki, öz yekun qərarını verməyib”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir