Gunay Ismayilova

Autizm nədir? - MÜTƏXƏSSİS YAZIR

Baxış sayı: 245

Autizm pozulmasının və onun növlərinin elmə məlum olmağından çox-çox əvvəl bir rəvayət yaranmışdı. Rəvayətə görə “körpəlikdə pərilər tərəfindən gizlicə dəyişdirilən” uşaqlar olub. Pərilər bəni-insan körpəsini oğurlayıb yerinə pəri körpəsi qoyurdular. Bu körpələr inanılmaz dərəcədə gözəl, lakin qəribə və insan irqindən fərqli olurdular. Lorna Uinq (Autizm Spektri)

Lorna Uinq tibb elmləri doktoru, Psixiatriya Kral Kollecinin üzvü, Milli Autizm Cəmiyyətinin psixiatrik məsləhətçi həkimidir. Onun öz qızı da autizm sindromuna düçar olub. Syuzana həsr edilib.

Autizmin əlamətləri bütün dövrlədə, müxtəlif müəlliflərin hekayə qəhrəmanlarının davranışları kimi öz əksini tapmışdır. Bu müəliflər ayrı-ayrı fərdləri təsvir edir, lakin bənzər problemləri olan digər şəxslərin olub-olmadığını nəzərə almırdılar. Bu düşüncə tərzində irəliləyiş XX əsrin I yarısında müxtəlif müəlliflər qəribə davranış tərzləri olan uşaqlar haqqında yazmağa başladıqda baş verdi. Onlardan hər biri konkret bir vəziyyəti aşkar etdiyini düşünürdü, lakin təsvir etdikləri davranış xüsusiyyətlərində bir çox bənzər xüsusiyyətlər var idi. Hazırda Leo Kanner və Hans Asperger istisna olmaqla, bu müəlliflərin yazılarına nadir hallarda istinad edilir.

 

Kanner sindromu

ABŞ-da Leo Kanner etiraf edirdi ki, onun klinikasına yönəldilmiş bir çox uşaq qeyri-adi ümumi davranış tərzi nümayiş etdirirdi ki, o bunu “erkən körpə autizmi” adlandırmışdır.

O, bu vəziyyətə dair ilkin sənədini 1943-cü ildə nəşr etdirmişdir. Müəllif uşaqların davranışlarını bütün təfərrüatları ilə təsvir etmişdi, lakin diaqnoz üçün müəyyən xüsusiyyətləri açıb element kimi seçmişdir. Bunlara digər insanlarla emosional ünsiyyət qurmaq qabiliyyətinin demək olar ki, mövcud olmaması, onların özlərinin seçdiyi çox vaxt müəmmalı və diqqətlə planlaşdırılmış, təkrarlanan şablon fəaliyyətləri icra etməkdə təkidlə israr etmələri, əşyalara məftunluq və onları çevik idarə etmə bacarıqları digər sahələrdə öyrənmə çətinliklərinə rəğmən yüksək səviyyəli vizual – məkan qabiliyyətlərinə və ya mexaniki yaddaşa malik olma, cazibədar, ayıq-sayıq və fərasətli görünüş daxildir. Daha sonra qeyd edirdi ki, diaqnoz üçün ilk 2 əlamət kifayət edirdi. O, həmçinin bu xəstəliyin anadangəlmə olduğunu və ya uşaq dünyaya gəldikdən sonrakı ilk 30 ayda yarandığını da vurğulamışdı. Kannerin işi hazırda bir çox müxtəlif ölkələrdə aparılan müfəssəl tədqiqatların diqqət mərkəzindədir.

 

Asperger sindromu

1944-cü ildə Avstraliyada Hans Asperger sindromu kimi tanınan digər davranış tərzini nümayiş etdirən uşaq və yeniyetmə qrupuna aid ilk tədqiqatını nəşr etdirdi. Onun başlıca olaraq qeyd etdiyi xüsusiyyətlərə başqalarına sadəlövh, münasib olmayan sosial yanaşmalar, dəmiryol cədvəli kimi konkret mövzulara şiddətli, lakin məhdudlaşdırılmış maraq göstərilməsi, 2 tərəfli söhbətlərdən fərqli olaraq monoloqlarda düzgün qrammatika və zəngin lüğət tərkibindən istifadə, nitqin monoton olması, həmçinin səthi, orta və üstün şəxsiyyət pozulması diaqnozunun,məntiq anlayışının gözəçarpan çatışmazlığı daxildir.Problemlər çox erkən yaşdan mövcud olur, lakin valideynlər çox zaman uşaq 3 yaşdan yuxarı olanadək ondan xəbərsiz olur.

Asperger öz sindromunun  Kannerdən fərqli olduğu fikrində idi, lakin bir sıra bənzər cəhətlərin olduğunu da etiraf edirdi. Autizmlə maraqlanan valideynlər və peşəkar işçilər üçün dünyanın istənilən yerində təşkil ediləcək ilk könüllü assosasiyalar 1962-ci ildə  Böyük Britaniya və ABŞ-da təsis edildi. Bu cür cəmiyyətlərin təbliği ilə autizm vəziyyətlərinin mövcudluğu geniş ictimaiyyətə daha yaxşı çatdırılmışdır. Autizm pozuntusu olan insanlar haqqında “Yağış adam” sonraki illərdə  “Mənim adım Xandır”, “Xüsusi” və bu kimi müxtəlif filmlər meydana çıxmışdır.

 

Autizmin hansı əlamətləri var və necə yaranır?

Ətrafa laqeyd və soyuq münasibət, başqaları üçün cəlbedici olmayan hər hansı əşyaya həddən artıq diqqət, uca səslərə və yeniliklərə sərt reaksiyalar və s. Hələ də yaranma səbəbi dəqiq olmadığı üçün anadangəlmə və sonradan qazanılma olduğu barədə fikir ayrılıqları mövcuddur. Autizm diaqnozunun qoyulması və ya pozulmalar daxilində alt qruplar arasındakı fərqi ifadə etmək üçün hələ heç bir test işlənib hazırlanmayıb. Qan testləri, rentgenlər, beyin elektrik dalğalarının ölçülməsi (elektroensofaloqrammalar) və digər fiziki müayinələr  dəqiq diaqnoz qoymaq üçün acizdir. Bu vəziyyətdə diaqnoz erkən yaşlarda mövcud olan davranış tərzlərinin müəyyən edilməsi yolu ilə qoyulur. Autizm pozulmalarına dair fikirlərdə  dəyişikləri psixiatrik və davranış pozulmaları təsnifatının 2 beynəlxalq sisteminin tarixində müşahidə etmək olar. Bunlar Dünya Səhiyyə Təşkilatının çap etdirildiyi xəstəliklərin və Əlaqədar Sağlamlıq problemlərinin Beynəlxalq Statistik Təsnifatı (XTB) və Amerika Psixiatrik Assosasiyasının Diaqnostik və Statistik Bələdçi (DSB)  yazılarıdır.

Autizm ilk növbədə ünsiyyət pozulmasıdır. Uşağın ətrafla əlaqəsinin pozulması və ya əlaqə qurmaq ehtiyacının olmamasıdır. Bunun fizioloji səbəbini birlikdə araşdıraq. Əsasən alının ön hissəsində yerləşən periferik sinir köklərində hər hansı bir fizioloji dəyişiklik səbəbindən (uzun müddətli hərarət, ana ilə emosional kontaktın az olması, səbəbsiz və ya nevroloji səbəblərdən ağlamaq) yaranan tormuzlanma göstərilir. Eyni zamanda həmin bölgədə Dofamin hormonu mərkəzidə yerləşir. Həm də məkanı qavrama və yadda saxlama mərkəzi də var ki, bu da indi və burda baş verən hadisələri və məkanı qavramağa kömək edir. Uşağın dofamin mərkəzindən gələn dalğalar məkan yaddaşı sahəsini oyadır, onu gözlənilməz hadisələrə, yeni məkanlara həvəsləndirir. Bilirik ki, uşağın bu neyropsixoloji barəsində anlayışı olmayan valideyn uşağı steriotip hərəkətlərdən necə xilas edəcəyini bilmədiyi üçün çox zaman telefon və ya vərdiş etdiyi oyuncaqla tək qoyur. Əslində isə uşaq oynamaq, ətrafındaki insanları hiss etmək, emosiyalarını göstərmək istəyir. Ancaq bunları etmə bacarıqları inkişaf etmədiyi üçün əziyyət çəkirlər, isterik hərəkətlər edirlər.

Amerikalı xanım Tempol Qrandin autizm sindromundan əziyyət çəkir. 29 avqust 1947-ci ildə doğulub. O, öz yazısında, çıxışlarında xarakterik xüsusiyyətlərindən danışır. Əsasən bildirir ki, biz istəməsək də, bizimlə ünsiyyətdən, təlimdən əl çəkməyir. Buna çox ehtiyacımız var. Psixoemosional sferanın pozulması səbəbindən istəklərimizi göstərməkdə çətinlik çəkirik. Qrandin rahat şəkildə danışsa da, mühazirələr oxusa da, nitqində monotonluq, emosiyanın yoxluğu hiss olunur.

Xarakterik xüsusiyyətləri

Yuxarıda sadalanan əlamətlərlə yanaşı, autizmli uşaqlarda aşağıdaki xüsusiyyətlər də özünü göstərir:

  • Həzm sisteminin pozulması;
  • Qeyri-adi cəldlik;
  • Fenomenal-vizual yaddaş;
  • Doyma hissinin olmaması və yeməyə meyillik;
  • Özünə zərər yetirmək;
  • Nitqin olmaması və ya təkrarlanan nitq;
  • Əzələ gərginliyinin olması;
  • Uzun müddətli təlimlər, məşğələlər görsə belə, asinxron inkişaf.

Qeyd etdiyimiz əlamətlər və xarakterik xüsusiyyətlərin müxəlifliyi onu göstərir ki, autizm sindromu çox müxtəlif formalarda təzahür edir.

 

Günay İsmayılova

“İnclusive Edu Academy” şirkətinin rəhbəri, İnklüziv təhsil mütəxəssisi, ADPK-nin müəllimi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir