“Uşaqda autizm sindromu var”” ifadəsini eşidən hər bir valideyn dəhşətə gəlir. Lakin müasir zamanda bu sindromdan əziyyət çəkən uşaqlar da normal uşaqların sıralarında həyatlarını addımlaya bilər. Əlbəttə ki, bunun üçün valideynlərdən səbirli olmaq və mütəxəssis köməyinə mürəciət etmələri tələb olunur. Əks halda autizm sindromu uşağın gələcək həyatına xətt çəkə bilər.
Qeyd edək ki, autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşlılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Bu əlamətlər autizmi, Asperger sindromu kimi daha yüngül görünən autistik spektrum pozuqluğundan (ASP) ayırar. Autizm irsi mənşəlidir ancaq irsiliyi olduqca qarışıqdır və ASP-nin mənşəyinin çoxlu gen qarşılıqlı təsirlərindənmi yoxsa, nadir görülən mutasiyalardanmı qaynaqlandığı çox açıq deyil. Nadir hallarda, doğum şikəstliklərinə səbəb olan faktorlarla yaxından əlaqəlidir. Digər görüşlərə görə isə uşaqlıqda edilən peyvəndlər kimi səbəblər mübahisəlidir və peyvənd mənşəli fərziyyələrin razı salıcı elmi dəlilləri yoxdur. Yaxın dövr araşdırmaları autizmin prevalansını 1.000 adama bir ya da iki halda olaraq təxmin edər, eyni araşdırmalardakı təxminlərə görə ASP təxminən 1.000 adamda altı haldadır və kişilərdə rast gəlinmə nisbəti qadınlara görə 4,3 dəfə daha çoxdur.
Milana Psixologiya və Nitq İnkişaf Mərkəzinin defektologiya şöbəsinin rəhbəri, defektoloq-loqoped Esmira Qafarovanın sözlərinə görə, autizm sindromu olan uşaqlarda korreksiya işi etmək üçün ilk növbədə defektoloq, laqoped və psixoloq bərabər işləməlidir: “Autizm bir sindromdur, erkən müdaxilə olunarsa, düzgün reabilitasiya fonunda uğurlu yola başlamaq olar. Bunun üçün mərkəzimizdə Aba terapiya, duyğu bütünləmə dərsləri, müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, refleksoloji terapiya, sosial bacarıqların inkişaf etdirilməsi istiqamətində dərslər keçirilir. Defektoloq onlarla işləyir, kiçik və böyük motor bacarıqlarının korreksiyası aparılır. Dərslər nəticəsində beyindəki inkişafdan sonra nitq şöbəsi açılmağa başlayır. Ondan sonra laqoped çalışmağa başlayır. Psixoloq isə uşaqdakı olan qavramaları, ondakı olan stereotip davranışları aradan qaldırır. Bunun üçün də autismli uşaqlarla işləyərkən ilk növbədə defektoloq, psixoloq, sonra isə laqoped çalışmalıdır”.
E.Qafarova bildirib ki, yüngül və ya orta dərəcəli autizm uşaqlarla mütləq minimum 3 aydan 6 aya qədər, ağır dərəcəli uşaqlarla isə bir ildən üç ilə qədər korreksiya işi aparmaq lazımdır: “Həftənin 40 saatı bu uşaqlarla mərkəzdə məşğul olmalıdırlar. Autizmli uşaqlarla həftənin bir-iki günü işləməklə onları düzəltmək ehtimalı çox azdır. Autizm uşaqlar və psixi inkişafı ləngiməsi olan uşaqlarla həftənin hər günü məşğul olmaq lazımdır. Bundan sonra autizm uşaqlar üçün fərdi proqramlar müəyyən olunur.
Autizm uşaqların bir qismində kiçik motor bacarıqları yaxşıdır, bir qismində zəifdir. Və ya birində anlama zəifdir, birində heç yoxdur. Bunun üçün hər uşağa uyğun fərdi proqram hazırlanmalıdır. Fərdi proqrama uyğun olaraq onunla çalışan mütəxəssis valideynlə birgə işləməlidir. Uşaqlara ev tapşırığı verilməlidir. Uşağa keçirilənlər 100, 80 faiz mənimsəniləndə yeni mövzu, yeni məqsəd qoyulur. Autizm uşaqlarla işləyərkən ilk növbədə gün ərzində 5 məqsəd qoyula bilər. Yəni nəfəs işləməsi, artikulyasiya gimnastikaları, zəka və qavrama inkişafı problemləri, kiçik motor bacarıqları və böyük mator bacarıqlarının inkişafı üçün proqram tərtib olunmalıdır”.
Defektoloq-laqoped qeyd edib ki, autizm uşaqlarla işləyərkən ilk növbədə onların nəfəs və mimik emosiyaları daha çox işlənilməlidir: “Əmrləri işlənməlidir. Çünki onlarda işarət barmağı anlamı çox zəifdir. İşarət barmaqları inkişaf etdirilməlidir. Bu ardıcıllıqla davranışlar işlənilməlidir. Getdikcə proqram artırılaraq uşağın bacarıqları, özünəxidmət bacarıqları, imitasiyaları və s inkişaf etdirilir”.
Aynurə MƏMMƏDOVA